Məhkəmə qərarları › İş №2(103)-6271/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6271/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6271/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2129/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.01.2016-cı il tarixli, 217CNNW160210002 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən "xxxx" ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən "xxxx" ASC-nin Hüquq şöbəsinə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən hesabdan çıxarışlardan cavabdehə 6.500 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 08.01.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10,268.54 manat təşkil edir. Qeyd edilən məbləğdən 5,228.62 manat əsas, 2,202.82 manat faiz, 2,058.19 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 778.91 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 31.12.2019-cu il tarixdə başa çatır. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etməmişdir. "xxxx" ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 saylı 10.02.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmuşdur. Bank ləğv edildikdən sonra sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə "xxxx" MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmiş və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməsində özünü göstərməkdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2129/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cavabdehdən 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2129/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.01.2016-cı il tarixli, 217CNNW160210002 nömrəli kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verildiyini, nəticə də cavabdehin banka 08.01.2021-ci il tarixə 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat borcunun qaldığını göstərərək, həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi kredit müqaviləsinin iş materiallarında olmaması, iddiaçı tərəfə verilmiş müddətdə müqavilənin məhkəməyə təqdim edilməməsinə əsaslanaraq, iddia tələbini rədd etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324.1, 386.1, 331.1, 739.2 və 740.2-ci maddələrinin tələblərilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan iddiaçı verdiyi apelyasiya şikayətində qeyd edilən müqavilənin təqdim edilməməsi səbəbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmuşdur. Belə ki, Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir. Və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Apelyator şikayətində həmçinin qeyd etmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında 19 sentyabr 2013-cü il 366 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Mübahisələndirilən kredit müqaviləsi üzrə 6.500 manat məbləğində kredit 19 sentyabr 2013-cü il 366 nömrəli kredit müqaviləsi üzrə borcun bağlanılması üçün götürülmüşdür. Hesab edirlər ki, məhkəmə mübahisə olduğu təqdirdə mühasibatlıq ekspertizası təyin etməliydi. Ekspertiza təyin olduğu təqdirdə 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin mövcud olması, köhnə kredit müqaviləsi üzrə borcun bağlanılması məqsədi ilə götürülməsi və 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə həyata keçirilmiş ödəniş ekspert rəyi ilə də təsdiq ediləcəkdir. Bundan başqa, hesabdan çıxarışdan görünür ki, 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11 mart 2016-cı il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. Bu Bank ilə cavabdehlər arasındakı öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmüş və ümumi kompensasiya məbləğindən mübahisəsi gedən kredit müqaviləsi üzrə əsas borc məbləğindən 1251,93 manat silinmə olmuşdur. İddiaçının tələb etdiyi əsas borc məbləği, yəni 5.228,62 manat Mərkəzi Bankın internet portalından (pk.cbar.az) çıxarışda da öz əksini tapmışdır. Apelyator həmçinin qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan da göründüyü kimi cavabdehə Bank tərəfindən 21 yanvar 2016-cı il tarixdə 6.500 manat məbləğində kredit verilmişdir. Həmin kreditdən 1.703,33 manat Cavabdeh 19 sentyabr 2013-cü il tarixli 366 nömrəli kredit müqaviləsi üzrə qalıq borcuna yönəldilmişdir. Geriyə qalan məbləği yəni, 4.796,67 manatı Cavabdeh kassa-məxaric orderinə imza çəkərək kassadan götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-2129/2021 nömrəli, 30.03.2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” Lakin, qətnamədən göründüyü kimi məhkəmə qeyd etdiyi normaya əsaslansa da, iş materiallarına əlavə edilmiş kassa-məxaric orderinə münasibət bildirməmişdir. Bildiyimiz kimi kassa-məxaric orderi pulun götürülməsini təsdiq edən əsas sübutdur. Belə ki, 21.01.2016-cı il tarixli kassa-məxaric orderində müştərinin imzası qrafasındakı imza Cavabdeh məxsusdur. Cavabdehə kassa-məxaric orderi ilə verilən məbləğ sözügedən kredit müqaviləsinə əsasən verilmişdir. Məhkəmə müqavilənin olmadığı qənaətinə gələrək iddianı rədd edərək, cavabdehin hər hansı qanuni əsas olmadan məxaric orderi ilə verilən məbləği mənimsəməsinə və iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Məhkəmə kollegiyası apelyatorun dəlilləri ilə qismən razılaşır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsini verərkən, mübahisələndirilən 21.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitinin cavabdeh tərəfindən alınmasını təsdiq edən 21.01.2016-cı il tarixli kassaməxaric orderini ərizəsinə əlavə etsə də, həmin sübuta münasibət bildirməmiş, bununla da prosessual qanunvericiliyin (Azərbaycan Respublikası MPM-nin 9, 14, 76, 77, 88) tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən normalarının tələblərini hazırki mübahisənin həllinə tətbiq edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kredit müqaviləsinin məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı rədd etməkdə düzcün nəticəyə gəlmişdir. Belə ki, kollegiya qeyd edir ki, kredit münasibətlərində müqavilə şərtlərinə əsasən pulun kredit alana verilməsini təsdiq edən sənəd kassa-məxaric orderidir. İddiaçının təqdim etdiyi 21.01.2016-cı il tarixli kassa-məxaric orderində müştərinin imzası qrafasındakı imza Cavabdeh məxsusdur. Cavabdehə həmin kassa-məxaric orderi ilə verilən məbləğ sözügedən kredit müqaviləsinə əsasən verilmişdir. Məhkəmə müqavilənin olmadığı qənaətinə gəlməklə iddianı rədd edərək, cavabdehin hər hansı qanuni əsas olmadan məxaric orderi ilə verilən məbləği mənimsəməsinə və iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına şərait yaratmışdır. Cavabdehin sözügedən kredit müqaviləsi üzrə kassa-məxaric orderi əsasında pulu alması, həmçinin işin digər halları, həmin kredit müqaviləsi üzrə cavabdehin ödəniş həyata keçirməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşdüyünə görə kompensasiya hesablanmış və həmin kompensasiya məbləğindən mübahisəsi gedən kredit müqaviləsi üzrə əsas məbləğdən 1251,93 manat silinmə olunmuşdur. İddiaçının tələb etdiyi əsas borc məbləği, yəni 5228,62 manat Mərkəzi Bankın internet portalından çıxarışda öz əksini tapmışdır. İş üzrə cavabdehə birinci instansiya məhkəməsi tərəfindən yaşayış yeri üzrə məlum olan ünvana bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apelyasiya icraatında 10.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə cavabdehə göndərilmiş 07.06.2021-ci il tarixli bildiriş Cavabdeh tərəfindən 14.06.2021-ci il tarixdə şəxsən alınmış, həmçinin 07.06.2021-ci il “SMS” bildiriş işdə ona məxsus olan ********* telefon nömrəsinə göndərilərək, həmin gün saat 17:05-də qəbul edilsə də, cavabdeh təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Növbəti məhkəmə iclasında da cavabdehin iştirakı üçün zəruri tədbirlər görülsə də, məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə kassa məxaric orderinə görə cavabdeh bankdan pulu aldığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəliyi yaranmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində əsaslı olduğundan, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin faiz, cərimə və əldən çıxmış fayda hissələrini kollegiya əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə görə tərəflər arasında öhdəliklər (o cümlədən kredit müqaviləsi üzrə faiz, cərimə və s.) müqavilədə şərtləndirilir. Lakin iddiaçı kredit müqaviləsini təqdim edə bilmədiyindən, həmin müqavilə üzrə faiz və cərimənin hansı məbləğdə olması, hansı qaydada hesablanmasını müəyyən etmək mümkün deyil. Məhz bu səbəbdən də apelyatorun ekspertiza keçirilməsi barədə dəlilinin də təmin edilməsi üçün əsas yoxdur. Çünki, faiz və cərimə borcu ilə bağlı müqavilə şərtləri müəyyən edilmədiyindən, ekspertiza keçirilməsi də obyektiv olmayacaqdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti mübahisələndirilən kredit müqaviləsi üzrə 5228,62 (beş min iki yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat əsas borcun tutulmasına münasibətdə təmin edilərək, həmin məbləğ cavabdehdən tutulmalı, apelyasiya şikayətinin digər dəlilləri rədd edilərək, iddiaçıdan faiz, cərimə, əldən çıxmış faydanın tutulması hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2129/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5228,62 (beş min iki yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat əsas borc məbləği və 45 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar