Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6271/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, x-nun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nın Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1756/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022A********** nömrəli Kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə aylıq 1.8333 faiz dərəcəsi ilə 8.700 manat məbləğində kredit verilmişdir.
2. “Bank Xidmətlərinin Göstərilməsi haqqında X3”-nin 7.20-ci maddəsinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir.”
3. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh həmin kredit razılaşması üzrə ödənilməmiş 4.583,16 manat əsas borc, 485,33 manat faiz borcu, 142,19 manat cərimə borcu olmaqla, cəmi 5.210,68 manat borcu mövcuddur.
4. "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC cavabdehə xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağını və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4.583,16 manat məbləğində kredit borcu, 485,33 manat məbləğində faiz borcu və 142,19 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5.210,68 manat məbləğində borcun və ödənilmiş 72,11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi yuxarıda istinad olunan işin hallarına əsaslanmaqla həmçinin qeyd edilmişdir ki, iş üzrə cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4.116,84 manat ödəniş etmiş və onun iddiaçıya 4.583,16 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 169 gün üçün hesablanmış faiz borcu 485,33 manat təşkil edir.
7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, banka olan borcunu 2025-ci ilin yanvar ayına kimi ödəmə etmişdir, lakin sonra maddi imkanı olmadığından ödəmələri edə bilməmişdir. Hazırda isə borcunun hissə-hissə ödənilməsinə etiraz etmir.
8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 1756/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia təmin edilmiş, 4.583,16 manat əsas borc, 485,33 manat faiz borcu, 142,19 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.210,68 manat məbləğində borcun və 72,11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təqdim edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamış, borcun yaranma səbəbi, müqavilə şərtləri və ödənişlərin tarixi nəzərə alınmamışdır. Faktiki olaraq tərəfindən müəyyən məbləğlər ödənilmiş, lakin bu ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qərarında göstərilən 485,33 manat faiz və 142,19 manat cərimə bankın təqdim etdiyi birtərəfli hesablamalar əsasında müəyyən edilmiş, lakin bu hesablamalar müstəqil şəkildə yoxlanmamışdır. Mülki Məcəllənin 422 və 439-cu maddələrinə əsasən faiz və cərimə yalnız müqavilədə və ya qanunla nəzərdə tutulmuş hədlər daxilində tətbiq oluna bilər. Borcla bağlı iddianın verildiyi tarixə qədər ümumi iddia müddəti (3 il) artıq keçmişdir. Bu hal Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddianın təmin edilməsinə mane olmalıdır. Qətnamədə onun müdafiə hüququ tam təmin olunmamış, bankın təqdim etdiyi sənədlərin orijinallığı və hüquqi qüvvəsi araşdırılmamış, bu isə Mülki Prosessual Məcəllənin 14, 77 və 78-ci maddələrinin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz məzmunlu ərizəsində bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmirlər, şikayətin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Bank tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində iclasda iştirak etmiş və izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin edilmiş, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə aylıq 1.8333 faiz dərəcəsi ilə 8.700 manat məbləğində kredit verilmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.
21. Kollegiya ilkin olaraq qeyd edir ki, cavabdeh tərəfindən sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak edərək, 2025-ci ilin yanvar ayına kimi ödənişləri həyata keçirdiyini, sonradan maddi imkanı olmadığından krediti ödəyə bilmədiyini və hazırda borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini bildirmiş, lakin tərəfindən əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlillər irəli sürülməmiş, bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verməmişdir.
22. Cavabdeh tərəfindən gecikmədə olan borcun ödənildiyi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehdən tələb edilən cərimənin məbləği də tənasübsüz surətdə yüksək deyil.
24. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürülməsinə istinad edir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilməmişdir. Halbuki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin.
26. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddia müddətinin tətbiqi haqqında yazılı ərizə təqdim etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin bu hüququndan istifadə etməmişdir.
27. Bununla belə, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırıldığı da iş üzrə müəyyən edilmir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində bankın təqdim etdiyi sənədlərin orijinallığının araşdırılmadığına istinad edilsə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində tərəflər arasında kredit münasibətlərin mövcudluğu mübahisələndirilməmiş, əksinə belə münasibətlərin mövcudluğu təsdiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1756/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: