Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6272/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e- 2(011)-277/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixli 2020/00253- 01 №-li istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən kredit alana illik 32%-lə 39 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
2. 24 noyabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı BOKT ASC tərəfindən X1 oğlunun hesabına 50000 manat pul köçürülmüşdür.
3. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan X1 oğlu arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli 2020/00253-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07 noyabr 2017-ci il tarixli 2017/00560-01 №-li İstehlak krediti müqaviləsinə, 13 iyun 2018-ci il tarixli 2018/00249-01 №-li İstehlak krediti müqaviləsinə və 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzildir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi 70 mənzil 40 İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
5. xx.xx.2021-ci il tarixə olan hesabdan çıxarışa əsasən, 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li istehlak krediti müqaviləsinə əsasən illik 32% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir, kredit üzrə ödəniş 30 mart 2021-ci il tarixdə 1300 manat, 26 aprel 2021-ci il tarixdə 2177 manat olmaqla, cəmi 3477 manatdır.
6. İddiaçı ASC tərəfindən Cavabdeh1 bildiriş məktubu göndərilməklə ondan 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li istehlak krediti müqaviləsinə əsasən borcunu ödəməsi tələb edilmiş, əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlayacağı qeyd edilmişdir.
7. İddiaçı BOKT ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli elektron müraciətə əsasən Xətai rayonu G.Mehmandarov küçəsi ev 70 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir.
8. xx.xx.2021-ci il tarixli borc haqqında arayışdan görünür ki, qalıq borc kreditə görə 50000 manat, faiz borcu üzrə 9010,64 manat, dəbbə borcu üzrə 9650 manat, cəmi 680660,64 manatdır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li istehlak krediti müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 oğlundan kreditin əsas borcu üzrə 50000 manat məbləğində qalıq, ona hesablanmış 16920,96 manat məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 18600 manat məbləğində dəbbə pulu, cəmi 85520,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 85000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 85520,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, buna görə də ASC-nin kredit borcunun qaytarılmasını və tutmanın ipoteka predmeti olan mənzilə yönəltmək hüququ yaranmışdır.
11. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli 9/8169 saylı ekspert rəyinə əsasən, X1 oğlunun 07 sentyabr 2021-ci il tarixədək bank olan əsas borcu 50000 manat, faiz borcu 9100,78 manat, ümumilikdə borcu 59100,78 manat təşkil edir.
12. “Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 06 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Xətai rayonu G.Mehmandarov küçəsi 40 saylı 5 otaqlı mənzilin hazırkı bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 120000 manat təşkil edir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli e-2(011)-277/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li istehlak krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li istehlak krediti müqaviləsinə əsasən 50000 manat məbləğində əsas borc, 16920,96 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla, cəmi 67920 manat 96 qəpik, dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “Finoko BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilin dəyərinin 120000 manat müəyyən edilməsi, Cavabdeh2 məxsus olan həmin mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi və Cavabdeh1 məhkəmə mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirməyə dair ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat pulun tutularaq “Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə kredit borcu tutulmalı, tələb ipoteka predmeti olan mənzilə yönəldilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yükdək olduğundan, azaldılmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.6-cı, 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 472.1-ci, 462.1-ci, 467-ci, 739.1-ci, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci, 37.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 191.3-cü, 217.4-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və “kredit müqaviləsinə əsasən tutulmalı olan faiz borcunun sonuncu dəfə ödəniş edildiyi 26 aprel 2021-ci il tarixdən sonrakı üç ay ərzində hesablanmış məbləğdə müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,” hissəsinin dəyişdirilərək, “satışdan əldə olunmuş vəsaitdən ipoteka saxlayanın tələbləri ödənildikdən sonra artıq qalan hissəsinin ipoteka verənə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” məzmununda yazılması, “Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m. ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsinin dəyişdirilərək, “Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 96,8 kv.m. ümumi sahədən ibarət 40 saylı mənzilə tutma yönəldilsin və mənzil açıq hərracdan satılsın” kimi yazılmasını, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC hüquqlarından sui-istifadəyə yol verərək, Cavabdeh1 bank krediti üzrə sonuncu dəfə 26 aprel 2021-ci il tarixdə ödəniş etsə də, ondan daha çox müddət keçəndən sonra ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin müddət ərzində isə iddiaçıya hər ay kreditdən istifadəyə görə faizlər hesablanaraq, Cavabdeh1 hesabına bank əsassız varlanmışdır. Halbuki, Cavabdeh1 tərəfindən bank krediti üzrə ödənişlərin artıq davam etdirə bilmədiyini görən bank müqavilənin şərtlərinə uyğun olaraq, ən uzağı 3 ay ərzində məhkəməyə mürciət edə bilərdi. Belə vəziyyətdə istehlak krediti müqaviləsinin şərtlərinə uyğun olmaqla, Cavabdeh1 kreditdən istifadəyə görə hesablanmış bank faizləri bankın məhkəməyə müraciət etmək hüququnun yarandığı vaxtdan hesablanmalıdır. Bu barədə yenidən hesabat aparılmasına zərurət vardır. Bundan başqa məhkəmənin qətnaməsində qanunvericiliyin normalarının tələblərinə əməl edilməyərək, ipoteka predmetinə tutma yönəldikdən və onun satılmasından əldə olunan gəlir icra məmuru tərəfindən müəyyən edilmiş ardıcıllıqla bölüşdürüldükdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin hüquqi taleyinin necə həll ediləcəyi qeyri-müəyyən qalmışdır ki, bu da ipoteka qoyanın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən hazırkı vəziyyətdə iddiaçı ipoteka predmeti olan mənzilin boşaldılmasını və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını tələb etdiyi halda, məhkəmə qətnaməsində buna hüquqi əsas olmadan və gəldiyi qənaəti əsaslandırmadan iddiaçının tələbindən əsassız olaraq kənara çıxaraq, ipoteka predmeti olan mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsini və mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməsini də qət etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı qətnamə ilə məhkəmə ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsini və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini qət etməklə yanlış nəticəyə gəlmişdir. Çünki, qanunvericiliyə görə ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqda mənzilin yeni mülkiyyətçisi ilə mənzilin keçmiş mülkiyyətçisi arasında həmin mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə, keçmiş mülkiyyətçi kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmçinin işdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka qoyanla birlikdə yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərini və digər şəxsləri, ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə onların notariat qaydasında təsdiq edilmiş öhdəlik götürüb-götürmədiklərini müəyyən etməmişdir. Halbuki, Bakı şəhəri Xətai Rayon MKTB-in tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 420 nömrəli arayışdan aydın olur ki, ipoteka qoyanla birlikdə onun iki nəfər oğlu, bir nəfər qızı, gəlini və nəvələri yaşayırlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Apellyatorun nümayəndəsi, Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizədə məhkəmə iclasının təxirə salınmasına üzrlü səbəb göstərilməmişdir.
21. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
25. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
32. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə saydır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
41. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi 24 noyabr 2020-ci il tarixdə bağlanmaqla 39 ay müddətinə kredit verilmişdir, hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Bu barədə cavabdehə xəbərdarlıq göndərilmiş və 07 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı da təyin edilmiş ekspert rəyi ilə faiz borcu məhz müqavilə müddəti çərçivəsində hesablanmışdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmetinə tutma yönəldikdən və onun satılmasından əldə olunan gəlir icra məmuru tərəfindən müəyyən edilmiş ardıcıllıqla bölüşdürüldükdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin hüquqi taleyinin necə həll ediləcəyinin qeyri-müəyyən qalması dəlillərinə münasibətdə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür: 47.4-cü maddəsinə əsasən isə bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Göründüyü kimi ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin qaytarılması qətnamənin icra mərhələsində həll edilməli məsələdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
44. Mübahisələndirilən qətnamədən görünür ki, mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ipoteka qoyan Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. İddia ərizəsində ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələb olunsa da, həmin hissədə iddianın təmin olunması qət olunmamışdır. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 iddia tələbini 50000 manat əsas borc və 16920,26 manat faiz borcu hissəsində etiraf etmişdir. Dəbbə pulu isə məhkəmə tərəfindən kifayət qədər azaldılaraq 1000 manat məbləğində müəyyən edilmişdir.
45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X1 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-277/2022 saylı mülki iş üzrə 28 mart 2022-ci il tarixli qətnaməsi cavabdeh X1 oğlunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.