Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6281/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Seyit X4 Cavabdeh, “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 qarşı “üzləşmə aktının və müqavilənin ləğv edilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh iddiaçıya qarşı “pul tələbi barədə qarşılıqlı iddiasına” dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2020-ci il tarixli qətnaməndən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil2, cavabdehlər Cavabdeh və Ü.Dünyamalıyevin birgə vəkili (nümayəndə) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və Cavabdeh təsisçiləri olduqları cavabdeh “X14” MMC ilə digər cavabdeh Ü.Dünyamalıyev arasında bağlanmış 16.09.2019-cu il tarixli “Üzləşmə aktının” və 25.07.2019-cu il tarixli, 19/07-05 saylı "xxxx" etibarsız hesab edilməsi, MMC tərəfindən Ü.Dünyamalıyevə ödənilmiş 492.000 manat pul vəsaitinin Ü.Dünyamalıyevdən alınaraq MMC-nin xəzinəsinə qaytarılması, 2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3.176.000 manat, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1.440.000 manat, ağır texnikanın icarəsindən əldə edilmiş 270.000 manat, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756.000 manat, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210.000 manat, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500.000 manatın, ümumilikdə isə 6.467.200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3.233.600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 1.944.092 manat və 7.474,24 ABŞ dolları məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və ilk iddia ərizəsi ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.03.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların təmin edilməməsini qət etmişdir. İddiaçı və Cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qərardad (İş № 2(103)-8064/2020) ilə Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddia ərizəsində ifadə edilmiş “2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3.176.000 manat, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1.440.000 manat, ağır texnikanın icarəsindən əldə edilmiş 270.000 manat, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756.000 manat, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210.000 manat, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500.000 manat, ümumilikdə isə 6.467.200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3.233.600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin iddia tələbləri üzrə iş üzrə icraata xitam verilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının eyni tarixli qətnaməsi (İş № 2(103)-8064/2020) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya baxışında qalmış hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İlk iddia üzrə iddiaçının verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərar (İş № 2(102)-1950/2021) ilə kassasiya şikayətinin qətnamənin ləğv olunmasına aid hissədə təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2020-ci il tarixli qətnaməsinin qismən – “16.09.2019-cu il tarixli üzləşmə aktının və 25.07.2019-cu il tarixli, 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş 492.000 manat məbləğində pul vəsaitinin qaytarılması barədə” ilkin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə işə yeni apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən hazırki mülki işə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərarında göstərilən hissədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə qeyd edilən hissədə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddia ərizəsində və ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçının apellyasiya şikayətində qeyd edilir ki, İddiaçı 03.08.1999-cu il tarixdə tam xarici investora məxsus "xxxx" Müəssisəsini təsis etmiş, 19.07.2002-ci il tarixdə isə həmin Müəssisənin adı dəyişdirilərək “X14” MMC ilə əvəz edilmişdir. Cavabdeh 2004-cü ildən iddiaçıya məxsus digər şirkətin, yəni “SETA X10” MMC-nin mühasibatlıq işlərini aparmışdır. İddiaçı Cavabdeh inandığı və ona etibar etdiyi üçün 25.05.2007-ci il tarixdə Cavabdeh “X14” MMC-yə direktor vəzifəsinə təyin etmiş və həmin dövrdən bütün idarəçiliyi ona həvalə etmişdir. İddiaçı, özünə məxsus olan "xxxx" X10 MMC-nin balansında olan texnika və avadanlıqları inşaatda istifadə olunması üçün “X14” MMC-nin sərəncamına vermişdir. Bundan başqa, iddiaçı, öz vəsaiti hesabına “X14” MMC-nin adına 2 ədəd yeni “Mercedes” markalı yük maşınları almışdır. Aralarında olan şifahi razılaşmaya uyğun olaraq Cavabdeh “X14” MMC-nin direktoru olmaqla yanaşı mühasibatlıq işlərini özünə məxsus firmada aparmalı, iddiaçı isə tikintinin mühəndislik işlərini aparmalı idi. Daha sonra Cavabdeh “X14” MMC-nin nizamnamə fonduna, fondun 30 faizi dəyərindən əmlak qoymaqla, MMC-nin təsisçi olmaq istədiyini iddiaçıya bildirmiş, lakin buna baxmayaraq iddiaçı ona MMC-nin nizamnamə fondunun 50 faiz payına yiyələnməsinə razılıq vermişdir. 29.04.2008-ci il tarixdə “X14” MMC-nin ümumi yığıncağı keçirilmiş və yığıncağın qərarı ilə Cavabdeh MMC-nin 50 faiz pay hüquqlu təsisçisi olmuş və MMC-nin qanuni təmsilçiliyi Cavabdeh həvalə edilmişdir. İddiaçıya məxsus "xxxx" X10 MMC-nin balansında olan beton zavod İsmayıllı rayonunda quraşdırılaraq, tikintiyə beton verməklə yanaşı, kənar şəxslərə də beton satışını həyata keçirməyə başlamışdır. Eyni zamanda "xxxx" Memarlıq Mühendislik LTD MMC-nin balansında olan digər texnika və avadanlıqlar tikintidə istifadə olunmaqla yanaşı, digər şəxslərə icarəyə verilmişdir. Beton zavod həmin regionda yeganə beton zavodu olduğuna görə kifayət qədər gəlirlə işləməyə başlamışdır. Lakin bütün bu proseslər cavabdeh tərəfindən idarə edilməklə, iddiaçıya bu barədə hər hansı bir hesabat verilməmişdir. İddiaçı təsisçi kimi “X14” MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsini gözləmişdir. Bu barədə o, Cavabdeh dəfələrlə bildirsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə mənfəətin bölüşdürülməsindən, bu barədə iddiaçıya hesabat verməkdən yayınmışdır. İddiaçı tərəfindən müəssisənin illik maliyyə hesabatının auditor yoxlanışının aparılması üçün auditor cəlb edilmiş, lakin Cavabdeh MMC-nin mühasibatlıq əməliyyatlarının qeydə və uçota alındığı mühasibatlıq sənədlərini və hesabatlarını audit araşdırması təqdim etmədiyindən auditin keçirilməsi mümkün olmamışdır. Bundan sonra, iddiaçı, 25.05.2007ci il tarixdən başlayaraq MMC-nin fəaliyyəti ilə əlaqədar olan bütün sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim etməyi Cavabdeh xahiş etmiş, lakin Cavabdeh bunu etməkdən yayınmışdır. İddiaçıda olan məlumat və sənədlərə görə, Cavabdeh “X14” MMCnin təmsilçisi olmasından sui-istifadə edərək iş üzrə digər cavabdeh Ü.Dünyamalıyev ilə 16.09.2019-cu il tarixli "xxxx" və 25.07.2019-cu il tarixdə 19/07-05 saylı "xxxx" bağlayaraq, guya MMC-nin Ü.Dünyamalıyevə 600.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və MMC-nin adından Ü.Dünyamalıyevə 492.000 manat nağd pul ödəmiş və qalan (600.000-492.000=) 108.000 manat pul əvəzinə MMC-yə məxsus avadanlıqları vermişdir. İddiaçı bildirir ki, MMC cavabdeh Ü.Dünyamalıyevdən borca pul almamış, Cavabdeh borcu yalandan rəsmilədirmişdir ki, MMC-nin hesabına əsassız olaraq varlansın. Bu səbəbdən də, 16.09.2019-cu il tarixli "xxxx" və 25.07.2019-cu il tarixli, 19/07-05 saylı müqavilə etibarsız hesab edilməli, Ü.Dünyamalıyev MMC-dən guya aldıqlarını MMC-yə qaytarmalıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları və Ü.Dünyamalıyev tərəfindən MMC-yə borcun verilməsini təsdiq edən sənədlərin olmamasına əhəmiyyət verməmişdir. Cavabdehlər Cavabdeh və Ü.Dünyamalıyevin birgə vəkili (nümayəndə) Z.Güləhmədovun ilk iddianın apellyasiya baxışının predmeti təşkil edən hissəsinə dair etirazı ondan ibarət olmuşdur ki, “X14” MMC-nin əvvəlki fəaliyyəti müsbət nəticələr versə də, sonradan MMC-nin maliyyə vəziyyəti pisləşmiş və MMC-nin 2014-cü ildə həqiqətən də, pula ehtiyacı olmuşdur. Bu səbəbdə də, MMC Ü.Dünyamalıyevdən 07.05.2014-cü il tarixli “Kassa mədaxil orderi” ilə 200.000 manat, 18.07.2014-cü il tarixli “Kassa mədaxil orderi” ilə 200.000 manat və 04.08.2014-cü il tarixli “Kassa mədaxil orderi” ilə 200.000 manat, cəmi isə 600.000 manat məbləğində pulu borc almışdır. Borc alınan zaman bu barədə hər dəfə müqavilə bağlanmışdır. İddiaçı yaranmış vəziyyətdən xəbəri olmuşdur. 2019-cu ilin ortalarında borcun qaytarılması məsələsi gündəmə gəlmiş və Cavabdeh MMC-nin adından 25.07.2019-cu il tarixdə Ü.Dünyamalıyev ilə müqavilə bağlayaraq borcun bir hissəsinin qaytarılması məqsədi ilə Ü.Dünyamalıyevə MMC-yə məxsus avadanlıq vermişdir. 16.09.2019-cu il tarixdə isə MMC ilə Ü.Dünyamalıyev arasında "xxxx" tərtib edilmişdir ki, MMC aldığı 600.000 manat məbləğində borcu Ü.Dünyamalıyevə 492.000 manat nağd şəkildə, 108.000 manatı isə avadanlıq şəklində ödəmişdir. Qeyd edilənlərin hamısı “Kassa mədaxil orderləri” və digər sənədlər ilə təsdiq edildiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Buna görə də, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. İlk iddia üzrə İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh və Ü.Dünyamalıyevin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsinin əsaslarına uyğun izahat verdi. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, İddiaçı və Cavabdeh “X14” MMC-nin təsisçiləridir (hər birinin payı 50% olmaqla). Bununla yanaşı Cavabdeh MMC-nin direktoru və təmsilçisidir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 04.12.2019-cu il tarixli auditor hesabatından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 25.02.2019-cu il tarixli, AT/048 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru, Auditorlar Palatasının üzvü X11, auditoru, Auditorlar Palatasının üzvü X7 “X14” MMC-nin direktoru Cavabdeh ilə bağlanmış 26.08.2019-cu il tarixli, 000021 nömrəli müqaviləyə əsasən “X14” MMC-nin təsisçisi Cavabdeh tərəfindən verilmiş 22.09.2019-cu il tarixli vəkalətnamə əsasında X1 iştirakı ilə 30.09.2019-cu il tarixədək olan dövr ərzində “X14” MMC-nin təsisçiləri ilə hesablaşmaların aparılmasının təqdim olunmuş sənədlər əsasında audit yoxlamasını aparmışlar. Həmin hesabat “X14” MMC-nin fəaliyyəti barədə ümumi məlumat, çoxmənzilli binanın tikintisi ilə bağlı cəlb edilmiş və xərclənmiş vəsaitlər barədə, eyni zamanda beton zavodun fəaliyyəti barədə yoxlamanın nəticələri barədə məlumatları özündə əks etdirir. “Auditor xidmətinin göstərilməsi barədə” 01/19 tarixli 01/19 saylı müqavilədən göründüyü kimi, “X14” MMC-nin təsisçisi İddiaçı və "xxxx" MMC arasında audit xidmətlərinin göstərilməsi barədə razılıq əldə etmişlər. "xxxx" MMC tərəfindən verilmiş 04.12.2019-cu il tarixli auditor hesabatı ilə müəyyən olunan halına görə, “X14” MMC və Ülvi Dünyamalıyev arasında bağlanmış 03.04.2014-cü il, 14.07.2014-cü il və 01.08.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxs MMCnə ümumilikdə 600.000 manat borc vermiş (hər müqavilə üzrə 200.000 manat), alınmış borc məbləğləri 07.05.2014-cü il, 18.07.2014-cü il və 04.08.2014-cü il tarixlərdə MMC-nin xəzinəsinə mədaxil edilmiş, 09.09.2014-cü il tarixdə 363.490 manat, 20.12.2017-ci il tarixdə 12.470 manat, 29.11.2018-ci il tarixdə 40.000 manat, 29.11.2018-ci il tarixdə 36.540 manat, 29.11.2018-ci il tarixdə 39.500 manat MMC-nin xəzinəsindən nağd şəkildə Ülvi Dünyamalıyevə qaytarılmış, 02.09.2019-cu il tarixli qaimə-fakturaya əsasən 21.000 manat dəyərində beton hazırlanması üçün avadanlıqlar borc əvəzində Ülvi Dünyamalıyevə verilmiş, 30.09.2019-cu il tarixinə MMC-nin Ülvü Dünyamalıyevə 87.000 manat borcu qalmışdır. 16.09.2019-cu il tarixli “Üzləşmə aktından” görünür ki, “X14” MMC və Ülvi Dünyamalıyev arasında bağlanmış 03.04.2014-cü il, 14.07.2014-cü il və 01.08.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxsdən alınmış 600.000 manat məbləğində borcun 492.000 manatı pul vəsaiti şəklində, 108.000 manatı isə əmlak şəklində (“Mercedes-Benz Axor” yük maşını – 72.000 manat, Beton hazırlanması üçün avadanlıq – 21.000 manat, “Man yük” maşını – 15.000 manat) qaytarılmışdır. İddiaçı bildirir ki, 25.07.2019-cu il tarixli müqavilə və 16.09.2019-cu il tarixli üzləşmə aktı uydurma əqddir və heç bir hüquqi nəticə yaratmır. Odur ki, “X14” MMC-nin adından bağlanmış həmin əqdlər etibarsız hesab edilməli və onların əsasında MMC tərəfindən Ülvi Dünyamalıyevə borcun əvəzi kimi verilmiş əmlaklar geri qaytarılmalıdır. Məhkəmə mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). İş materiallarından görünür ki, üzləşmə aktı və müqavilə MMC-nin adından Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh “X14” MMC-nin 50% payla təsisçisi, eyni zamanda direktorudur (qanuni nümayəndəsidir). MMC-nin Nizamnaməsinin 4.5-ci bəndinə əsasən, MMC-nin fəaliyyətinə cari rəhbərlik MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan MMC-nin direktoru tərəfindən həyata keçirilir. Direktor MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərir, MMC-nin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə MMC-ni təmsil edir, MMCnin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. İlk iddia ərizəsində göstərilən əsaslar yuxarıda qeyd edilən "xxxx" və “Üzləşmə aktının” etibarsız hesab edilməsi üçün kifayətli deyil. Bunun üçün başqa əsaslar da apellyasiya baxışı zamanı aşkar edilmədi. İddiaçı "xxxx" və “Üzləşmə aktının” uydurma əqd olduqlarını bildirsə də bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərarında (İş № 2(102)-1950/2021) göstərmişdir ki, hüquqi şəxsin iştirakçıları tərəfindən hüquqi şəxsin adından bağlanmış əqdlərin mübahisələndirilməsi zamanı həmin əqdlər Mülki Məcəllənin 49, 87.10 və 91.3.6-cı maddələri baxımından dəyərləndirilməli, hüquqi şəxsin adından onun təmsilçisi (o cümlədən digər təsisçisi (iştirakçısı) olan şəxs) ilə üçüncü şəxslər arasında bağlanmış və əhəmiyyətsiz hesab etdiyi əqd üzrə ödənilən məbləğlərin və ya verilmiş əmlakların qaytarılması barədə iddiaya istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan baxılması maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Məcəllənin 87.10-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.3-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... bu Məcəllənin 49-1.2ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 87.10 və 91.3.6-cı maddələrinin tələblərinə əsasən hüquqi şəxsin növlərindən biri olan məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqdlər xüsusi əhəmiyyətli əqdlər hesab edilir və belə əqdlərin bağlanması cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin hazırki iş üzrə mübahisələndirilən əqd xüsusi əhəmiyyətli əqd deyil. Belə ki, hazırki iş üzrə İddiaçı vəkili (nümayəndə) və cavabdehlər Cavabdeh habelə Ülvi Dünyamalıyevin birgə vəkili (nümayəndə) bildirdilər ki, yuxarıda qeyd edilən istər “Borc müqavilələrində”, istərsə də, ilk iddia ilə mübahisələndirilən "xxxx" və “Üzləşmə aktında” qeyd edilən məbləğlər “X14” MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən çox aşağı məbləği təşkil edir və onların MMC-nin adından bağlanması üçün MMC-nin ümumi yığıncağının qərarı tələb olunmurdu. Bundan başqa Məhkəmə qeyd edir ki, İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı bildirmişdir ki, Ülvi Dünyamalıyev tərəfindən “X14” MMC-yə cəmi 600.000 manat (hər dəfə 200.000 manat olmaqla) məbləğində borcun verilməsini təsdiq edən “Kassa mədaxil orderləri” mövcud deyil. Bu xüsusatın yoxlanılması məqsədi ilə cavabdehlər Cavabdeh və Ülvi Dünyamalıyevin birgə vəkilinə (nümayəndəyə) həmin “Kassa mədaxil orderlərinin” Məhkəməyə təqdim edilməsi təklif olunmuş və o, həmin orderləri, yəni 07.05.2014-cü il tarixli, DƏN seriyalı, 833327 saylı “Kassa mədaxil orderinin”, 18.07.2014-cü il tarixli, DƏN seriyalı, 833328 saylı “Kassa mədaxil orderinin” 04.08.2014-cü il tarixli, DƏN seriyalı, 833333 saylı “Kassa mədaxil orderinin” əsilləri Məhkəməyə təqdim etmiş, həmin orderlər Məhkəmə tərəfindən vəkildən (nümayəndədən) götürülmüşdür. İddiaçı vəkili (nümayəndəsi) həmin orderlərlə tanış olduqdan sonra bildirmişdir ki, orderlər 2014-cü ildən bir neçə il sonra çap olunmuş və dövriyyəyə buraxılmışdır. Bununla bağlı, Məhkəmə, tərəfindən araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, DƏN seriyalı, 833251-833350 nömrələri aralığında olan 100 ədəd kassa mədaxil orderləri "xxxx" MMC tərəfindən 2014-cü il tarixdə çap edilərək “X14” MMCyə təqdim edilmişdir (bax: Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.09.2021-ci il tarixli və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22.09.2021-ci il tarixli məktubları). İddiaçı vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Məhkəmə, DƏN seriyalı, 833251-833350 nömrələri aralığında olan digər orderlərə də baxış keçirmişdir. Baxış zamanı orderlərin doldurulma tarixləri ilə sıra nömrələri arasında fərq müəyyən edilsə də, cavabdehlərin vəkili (nümayəndəsi) bunu onunla izah etmişdir ki, həmin orderlər “X14” MMC-nin baş ofisi ilə yanaşı Azərbaycan Respublikasının müəyyən bölgələrində yerləşən ofisləri tərəfindən də istifadə olunur və buna görə də, orderlərin doldurulma tarixləri ilə sıra nömrələri arasında fərq yaranmışdır. Məhkəmə, “X14” MMC-nin struktur vahidlərinin Azərbaycan Respublikasının müxtəlif bölgələrində fəaliyyət göstərməsini nəzərə alaraq yuxarıda göstərilən halın hazırki apellyasiya baxışının predmeti olan iddia tələbinin təmin edilməsi üçün əsaslı hesab etmədi. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Seyit X5 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2020-ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6281/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6281/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver