Məhkəmə qərarları › İş №2(103)-6282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6282/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6282/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1632/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3350 manat məbləğində pul vəsaitinin, 300 manat hüquqi xidmətlər üzrə xərcin və 31 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Moskva“ univermağında satıcı işləyir. Cavabdeh1 və sonuncunun əri kimi təqdim etdiyi Cavabdeh2 nisyə olaraq 1 ay ərzində ödənilmək şərtilə çəkisi 74,8 qram, dəyəri 4860 manat olan 1 ədəd qızıl boyunbağı satmışdır. Bu barədə ona məxsus olan hesab kitabında müvafiq qeydlər aparılmış və pulun götürülməsi, hansı məbləğdə borcun qalması Cavabdeh1 öz imzası ilə də təsdiq olunmuşdur. Təminat olaraq Cavabdeh2 sürücülük vəsiqəsi də ona verilmişdir. Lakin halhazıra kimi cavabdehlər 3350 manat məbləğində borcu ödəməmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1632/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3350 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı oğluna ödənilməsi, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 80 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa tərəflər arasında müqavilə olmamışdır. Həmçinin iddiaçı öz dəftərində dəyişiklik edərək, qızılın çəkisini 7,4 qr deyil, 74 qr qeyd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5041/2020 saylı 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1632/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1938/2021 saylı 12 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5041/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçının haqq-hesabları barədə qeydləri olan dəftər digər şəxslərə qarşı Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı rayon məhkəməsindən götürülərək, həmin məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş arxivə təhvil verilmiş olsa da, qeyd edilən dəftər mülki iş materiallarında yoxdur. Ona görə də hazırda həmin dəftəri təqdim edə bilmir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: «Baxılan iş üzrə iddiaçı sübut qismində məhkəməyə cavabdehlə birlikdə yazılı qeydlər apardıqları dəftər vərəqinin kserosurətini təqdim etmişdir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı həmin dəftərin əsli məhkəməyə təqdim edilmiş, Cavabdeh1 həmin dəftərdə 28.10.2015-ci il tarixə aparılmış qeydin altındakı imzanın ona məxsus olduğunu etiraf etsə də, sonradan həmin qeydin üzərində düzəliş aparıldığını, habelə 28.11.2015-ci il və 10.11.2015-ci il tarixlərdə aparılmış qeydlərdə olan imzaların ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qeydin üzərində düzəliş aparıldığı barədə etirazının dəlilinə münasibət bildirmədən, öz təşəbbüsü ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəylə imzaların Cavabdeh1 tərəfindən icra edildiyi müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 22.09.2017-ci il tarixdə qəbul edilmiş və qətnamənin surəti 03.10.2017-ci il tarixdə iddiaçının nümayəndəsinə rəsmi qaydada verilmişdir. Eyni tarixdə, yəni qətnamə qanuni qüvvəyə minmədən hesab dəftərinin əsli də iddiaçının nümayəndəsinə qaytarılmışdır. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, iddiaçı öz dəftərində dəyişikllik edərək 7,4 qramı bilərəkdən 74 qram göstərmişdir. Apellyasiya baxışı iclasında da cavabdeh bu dəlilə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman tərəflər arasında qızılın alışı və satışı barədə aparılmış, iddiaçıya məxsus olan və ekspertiza tədqiqatında da sübut kimi istifadə olunan qeyd dəftəri iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər həmin qeyd dəftərinin mövcudluğunu inkar etməmişlər.» Kollegiya ilk növbədə qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini apelyasiya şikayəti vermiş Cavabdeh1 münasibətdə qətnamənin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehlərə nisyə olaraq 1 ay ərzində ödənilmək şərtilə çəkisi 74,8 qram, dəyəri 4860 manat olan 1 ədəd qızıl boyunbağı satdığını və hal-hazıra kimi cavabdehlərin 3350 manat məbləğində borcu ödəmədiyini iddia edərək, tələbini cavabdehlə birlikdə yazılı qeydlər apardıqları dəftərdə pulun götürülməsi, hansı məbləğdə borcun qalmasının Cavabdeh1 öz imzası ilə də təsdiq olunması ilə əsaslandırır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə üzərində “28/x 2016 kardinal N 89 – 74.8+520 m” “Aldım” sözünün qarşısında imza və mobil nömrələr olan dəftər vərəqinin ksero sürəti təqdim edilmişdir. Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, iddiaçıdan 1 ədəd 620 manat dəyərində olan boyunbağı və kulonu nisyə olaraq almışdır. İlkin ödəniş kimi 120 manat pul vermiş, qalan məbləği isə hissə-hissə 3 dəfəyə ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. 28 oktyabr 2015-ci il tarixdə aparılmış qeydin altındakı imza ona məxsus olsa da, sonradan həmin qeydin üzərində düzəliş aparılmışdır. Həmçinin, 28 noyabr 2015-ci il və 10 noyabr 2015-ci il tarixlərdə aparılmış qeydlərdə olan imzalar ona məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xətşünaslıq ekspertizasının 25 avqust 2017-ci il tarixli, 19206 saylı rəyinə əsasən, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesab dəftərinin 61-ci vərəqinin sonunda “Sep kardinal №89 - 74,8-t-520m” sözlərinin aşağı hissəsində “Təfil aldım” sözləri və həmin sözlərin qarşısında olan imza, 62-ci vərəqəsində “28/Xl – 2015” sözlərindən sonra götürdüm Gülnar” sözləri və həmin sözlərin qarşısında olan imza, həmin vərəqədə 28/Xİ - 2015” sözlərindən sonra “Təhfil götürdüm Gülnar” sözləri və həmin sözlərin əvvəlində olan imza - Eyni Şəxs, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh G.Ağayaeva nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir, ona görə də, 3350 manat pul həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılması zamanı dəftərin əsli məhkəməyə təqdim edilmiş, Cavabdeh1 həmin dəftərdə 28.10.2015-ci il tarixə aparılmış qeydin altındakı imzanın ona məxsus olduğunu etiraf etsə də, sonradan həmin qeydin üzərində düzəliş aparıldığını, habelə 28.11.2015-ci il və 10.11.2015-ci il tarixlərdə aparılmış qeydlərdə olan imzaların ona məxsus olmadığını bildirmişdir. Apelyasiya şikayətində də göstərmişdir ki, iddiaçı öz dəftərində dəyişikllik edərək 7,4 qramı bilərəkdən 74 qram göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hal araşdırılmamışdır. Hazırki apelyasiya baxışı zamanı qeyd olunan dəlilin araşdırılması məqsədi ilə, qeydlər olan dəftərin əslinin təqdim edilməsi rəsmi qaydada təklif olunmuş, bu məqsədlə məhkəmə iclası təxirə salınsa da, iddiaçı tərəf həmin dəftərin digər şəxslərə qarşı Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı həmin məhkəməyə təqdim edildiyini və Abşeron Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş arxivə təhvil verilsə da, qeyd edilən dəftərin mülki iş materiallarında olmadığını bildirərək, həmin dəftəri təqdim etməmişdir. Eyni zamanda, dəftərin Abşeron Rayon Məhkəməsinə təqdim edilməsini, hazırda dəftərin iş materiallarında olmadığını göstərən hər hansı sübut da təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Belə olan halda iş materiallarında olan iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş dəftər vərəqinin kserosurəti əsasında dəftərdə iddiaçı tərəfindən sonradan birtərəfli qaydada düzəlişlər olunması barədə cavabdehin dəlilinin araşdırılması və bu dəlilin əsaslı olub-olmaması barədə nəticəyə gəlinməsi mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, işdə olan dəftər vərəqinin kserosurətində satılmış qızılın çəkisini əks etdirən ölçü kimi göstərilmiş 74,8 qr qeydinin düzəlişə məruz qalması aşkar şəkildə müşahidə olunur ki, bu da cavabdehin dəlilinin yoxlanılmasını zəruri edir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti 03.10.2017-ci il tarixdə iddiaçının nümayəndəsinə rəsmi qaydada təqdim olunarkən dəftərinin əsli də qaytarılmışdır. Halbuki, Mülki Prsessual Məcəllənin 90.1 və 90.3-cü maddələrinin tələbinə görə, işdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən sübut təqdim edə bilməmiş, təqdim etdiyi sübut isə kserosurət olmaqla iş üzrə nəticəyə gəlinməsi üçün mötəbər hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli, qətnamə ona aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməli, məhkəmə xərcləri (iddianın qaldırılması üçün 30 dövlət rüsumu və 80 manat ekspertiza xərci) iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1632/2017 saylı iş üzrə 22 sentyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh1 aid hissədə ləğv edilsin və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə tələb olunan 80 manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar