Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6283/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 avqust 2012-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla ilə cavabdeh arasında 16.07.2010-cu il tarixdə bağlanmış 27 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 900.000 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 218.550 manat, cəmi isə 1.118.550 manat, habelə 22.05.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək 900.000 manat məbləğində əsas borca görə illik 17% dərəcəsi ilə faizlərin hesablanaraq cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 16.07.2010-cu il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdehə 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 900.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit və ona hesablanmış faizləri ödəməmişdir. Nəticədə cavabdehin Banka 900.000 manat əsas, 218.550 manat faiz borcu yaranmışdır. Bank tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, borc ödənilməmişdir. Bank da bu səbəbdən, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, Banka olan borcunu ödəmədiyinə görə 22.05.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək 900.000 manat məbləğində əsas borca görə illik 17% dərəcəsi ilə faizləri də ödəməlidir. Odur ki, həmin faizlər hesablanaraq cavabdehdən Bankın xeyrinə tutulmalıdır. İddia əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 27.08.2012-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcun ödənilməsi məqsədi ilə 900.000 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 218.550 manat, cəmi isə 1.118.550 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər Bank tərəfindən yalnız faiz borcuna silinmişdir. İddiaçı Bank həmçinin cavabdehə yüksək faiz borcu hesablamış, işə baxmış Rayon Məhkəməsi isə bunlara əhəmiyyət verməmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 29.09.2020-ci il tarixli qətnamə (İş № 2(013)- 367/2020) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 465.250 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmasını, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pulun iş üzrə tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı Bankın verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qərar (İş № 2(102)-2928/2021) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxır. İddiaçı Bankın nümayəndəsi isə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Cavabdeh isə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin yalnız iddia tələbinin qismən təmin edilməsi barədə hissəsini mübahisələndirir; qətnamənin qalan hissəsini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə cavabdeh arasında 16.07.2010-cu il tarixdə bağlanmış 27 №-li “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 17% dərəcəsi ilə, 12 ay müddətinə 900.000 manat məbləğində kredit verilmişdir. 22.05.2012-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin 22.05.2012-ci il tarixə Banka olan əsas borcu 900.000 manat, faiz borcu 218.550 manat təşkil edir. İşdə olan sənədlərdən və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, qeyd edilən müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Bank borcun ödənilməsini cavabdehə təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh bu öhdəliyin onun tərəfindən icra edilmədiyini mübahisələndirmir. Cavabdehin apellyasiya şikayətində əks olunan dəlilləri ondan ibarətdir ki, onun tərəfindən həyata keçirilmiş ödənişlər yalnız faiz borcunun silinməsinə yönəlmişdir. Faiz borcu da Bank tərəfindən düzgün hesablanmamış, işə baxmış Rayon Məhkəməsi isə bunlara əhəmiyyət verməmişdir. Hazırki işə ilk dəfə apellyasiya qaydasında işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinin bu dəlilinin araşdırılması məqsədi ilə 17.09.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən Məhkəməyə daxil olmuş 07.02.2020-ci il tarixli, 30404 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16.07.2010-cu il tarixli, 27 №-li “Kredit müqaviləsində” qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin 16.07.2011-ci il tarixə olan əsas borcu 900.000 manat, faiz borcu 50.250 manat; 17.09.2019-cu il tarixə əsas borcu 900.000 manat, faiz borcu 815.599,99 manat təşkil edir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi cavabdehin Banka 17.09.2019-cu il tarixə olan əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə 17.03.2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən Məhkəməyə daxil olmuş 18.06.2020-ci il tarixli, 9/1780 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16.07.2010-cu il tarixli, 27 №-li “Kredit müqaviləsində” qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin 17.09.2019-cu il tarixə Banka olan əsas borcu 900.000 manat, faiz borcu 815.599,99 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin Banka olan borcun məbləğinin müəyyən edilməsi üçün hazırki iş üzrə alınmış hər iki ekspert rəyindən istifadə olunmamalıdır. Belə ki, iddiaçı Bankın iddia ərizəsindən görünür ki, Bankın cavabdehdən tutulmasını tələb etdiyi borc 22.05.2012-ci il tarixə hesablanmış borcdur. İşə baxmış Rayon Məhkəməsi də məhz həmin müddətə borc məbləğini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əsas borc məbləği ilə razılaşan cavabdeh ondan tutulması tələb edilən faiz borcunun məbləğinin şişirdilmiş olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və Bank tərəfindən təqdim edilmiş hesablamanı şübhə altına ala biləcək sübutları (məsələn: özü tərəfindən aparılmış adi riyazi hesablamanı və ya bu sahədə zəruri biliyə malik olan mütəxəssisin hesablamasını) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır. Dəlil formal mülahizə xarakteri daşıyır. Cavabdeh həmçinin qeyd edir ki, onun tərəfindən edilmiş ödənişlər hesabına yalnız faiz borcu silinmişdir ki, bu da faiz borcunun süni şəkildə artmasına gətirib çıxarmışdır. Məhkəmə apellyasiya şikayətində irəli sürülən bu dəlillə əlaqədar qeyd edir ki, Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, bir neçə öhdəliyin icrasını gecikdirmiş borclunun etdiyi ödənişlər son növbədə əsas öhdəliyin hesabına daxil edilir. Başqa sözlə, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Bankın tələb etdiyi əsas və faiz borclarının məbləği düzgün hesablanmışdır. Odur ki, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, Banka olan borcunu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bank, müqavilələrin şərtlərinə əsaslanaraq öhdəliyin yerinə yetirilməsini cavabdehdən tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi qismən də olsa təmin etməkdə haqlı olmuşlar. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 avqust 2012-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6283/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6283/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver