Məhkəmə qərarları › İş №2(103)-6283/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6283/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6283/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2539/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 12 iyun 2021-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 25.000 manat borc almışdır.

2. İddiaçı cavabdehə pretenziya qaydasında 15 mart 2022-ci il tarixdə müraciət edərək, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.000 manat borc və 165 manat dövlət rüsumu olmaqla, cəmi 25.165 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhərində kirayədə yaşadığı evdə onunla birgə qalan tanışı Tofiqin vasitəsi ilə tanış olmuşdur. Tanış olandan sonra məlum olmuşdur ki, Cavabdeh sahibkardır və xaricdən mal (kafel-metlax) gətirməklə satışını təşkil edir. Cavabdeh təklif etmişdir ki, növbəti malın gətirilməsi üçün ona 25.000 manat tələb olunur və əgər həmin pulu versə, üstündə pulu qaytarana qədər hər ay iki min manat əlavə olaraq qazanc verəcək. Cavabdehə pul vermək qərarına gəlmiş və ona borc pulun verilməsini kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Aralarında bağlanan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh borca aldığı 25.000 manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən məbləğdə verdiyi puldan cavabdeh hər hansı məbləğdə pul qaytarmamışdır. Pulun qaytarılması ilə bağlı dəfələrlə cavabdehə etdiyi müraciətləri cavabsız qalmışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2539/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilmiş, 25.000 manat borc və ödənilmiş 165 manat dövlət rüsumu olmaqla, cəmi 25.165 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 740.1, 740.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 22 iyun 2022ci il tarixli 2(006)-2539/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində guya cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı qeyd olunsa da, göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh borc müqaviləsi bağlandığı tarixdən iddiaçıya 8.000 (səkkiz min) manat məbləğində ödəniş etsə də, iddiaçı bunu nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında bildirməmişdir. Bu da birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığının daha bir sübutudur. Daha sonra müqavilə bağlandıqdan sonra bütün dünyada tüğyan edən pandemiya şəraiti cavabdehin biznes fəaliyyətinə də öz təsirini göstərmişdir. O, uzun müddət maliyyə böhranı yaşadığından kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Bununla bağlı Cavabdeh iddiaçıya öna möhlət verilməsinə dair iddiaçıya müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 529.3-ci maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

18. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

21. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göründüyü kimi, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehə 25.000 manat məbləğində borc pul vermiş, lakin cavabdeh həmin pul məbləğini alsa da, müqavilə ilə nəzərdə tutulan öhdəliklərini icra etməmiş, borcu müqavilədə müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmamışdır.

30. Qeyd edilən müqavilənin bağlanmasını və göstərilən məbləğdə pulun alınmasını cavabdeh mübahisələndirməmişdir.

31. Cavabdeh apellyasiya şikayətində yalnız borc məbləğinin 8.000 manatının geri qaytarıldığını, amma birinci instansiya məhkəməsinin bu halı nəzərə almadığını bildirir.

32. Lakin cavabdeh bu dəlilini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

33. Belə ki, tərəflər arasında borc müqaviləsi yazılı şəkildə bağlandığından, cavabdehin borcun bir hissəsini qaytarmasına dair dəlilinə Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir.

34. Həmin maddənin tələbinə görə isə cavabdehin hazırkı müqavilə üzrə borcunun bir hissəsini qaytarması borc sənədində (müqavilədə) qeyd aparılmaqla, yaxud iddiaçı tərəfindən ona borcun qaytarılmasını təsdiq edən sənədin verilməsi ilə təsdiq olunmalıdır.

35. Lakin cavabdeh tərəfindən məhkəməyə belə sənədlər təqdim edilməmişdir.

36. Ona görə də, cavabdehin müqavilə üzrə öhdəliklərinin bir hissəsini icra etməsi barədə dəlilini kollegiya əsassız hesab edir.

37. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi :

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2539/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar