Məhkəmə qərarları › İş №2(103)-6285/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6285/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6285/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı (onlayn qaydada), Cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Lerik rayonunun Orand kəndində İdin adlanan ərazisində elektrik naqillərinin bərbad olması səbəbi ilə elektrik gərginliyi nəticəsində ona məxsus at ölmüşdür. Atın ölməsi nəticəsində ona 1000 (min) manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş 1000 manat maddi ziyanın onun xeyrinə tutulması barədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, o, 1984-cü il tarixdə Lerik rayonunun Orand kəndində anadan olmuşdur. Lerik rayonunun Orand kəndində qeydiyyatda olmaqla orda yaşayır. Ailəlidir, bir oğlu, bir qızı var. Heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olur. Təsərrüfatında iribuynuzlu heyvanlarla yanaşı bir ədəd at saxlayırdı. At təsərrüfatda böyük əhəmiyyət daşıyır. Bütün təsərrüfat işləri at vasitəsilə görülür. Kənddə elektrik naqilləri və dirəkləri bərbad vəziyyətdədir. Elektrik dirəklərinin bu halda olması həm kənd sakinləri üçün, həm də təsərrüfatları üçün real təhlükədir. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər etsələr də, bir nəticə verməmişdir. 2020-ci il sentyabr ayının 23-də kəndin İdin adlanan ərazisində elektrik gərginliyi nəticəsində atı ölmüşdür. Xoşbəxtlikdən ətrafdan adamlar və digər heyvanlar olmamışdır. Əlaqədar hadisə ilə bağlı Lerik Rayon İcra hakimiyyətinə sorğu göndərmişdir. Sorğunun nəticəsi olaraq Orand kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən hadisənin olduğu yerə baxış keçirilmişdir. Pirəsora məntəqəsinin baytar həkimi və digər kənd sakinlərinin iştirakı ilə yerində akt tərtib edilmişdir. Müəyyən edildi ki, ona məxsus at həqiqətən elektrik naqillərinin yaxınlığında elektrik vurması nəticəsində tələf olmuşdur. Bununla əlaqədar o "xxxx" ASC-yə, daha soнра Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciətlər etmişdir. Müraciətinə cavab olaraq X1 Agentliyinin Lənkəran filialında baxıldığı göstərilmişdir. Müraciətin nəticəsi olaraq bildirilmişdir ki, guya elektrik dirəkləri və naqilləri təzə dəyişdirilmiş və bərpa olunmuşdur. Guya elektrik dirəklərində və naqillərində heç bir təhlükəli vəziyyət olmamışdır. O da qeyd olunmuşdur ki, guya ona məxsus at naməlum səbəbdən tələf olmuşdur. Bütün müraciətləri nəticəsiz qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndələri məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının düşdüyü ağır vəziyyəti başa düşürlər, lakin qanuni sənədlər və sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 800 yüz pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı xəttlərin və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində at tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1108.1, 1096.1, 1096.2, və 1097.1-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh "xxxx" ASC apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsinii xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsini təmin edilməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma aktı qanunvericiliklə müəyyən edilmiş prosedurlar həyata keçirilmədən (ölmüş heyvanın daxili orqanlarından laboratoriya analizi aparılması üçün nümunələr götürülməmiş və s.), aktın müvafiq qaydada təsdiq edilmiş formasına riayət edilmədən (aktda heyvanın yarılma tarixi, yarılma aparan zaman heyvanın daxili orqanlarının vəziyyəti, yarılma aparıldıqdan sonra tələf olunmuş heyvanın dezinfeksiya edilərək basdırılması barədə məlumatlar öz əksini tapmamışdır) tərtib edilməmişdir. Belə ki, qeyd edilən aktda sadəcə olaraq 1 baş atın elektrik cərəyanı vurmasından ölməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri X6 və X3 ayrı-ayrılıqda izahat verərək cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında onlayn qaydada iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamənin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus 4 yaşlı kəhər-sarı, erkək cinsli at yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Orand kənd Ərazi İcra Nümayəndəsi Vasif Manafov, Orand kənd Ərazi İcra Nümayəndəsinin müavini İddiaçı, Pirəsora məntəqə baytar həkimi Əsəd Rzayev, Orand kənd sakini Əkrəm Rzayev, Orand kənd sakini Savalan Mikayılov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktın surətindən görünür ki, 20 sentyabr 2021-ci il tarixində Orand kəndində elektrik enerjisinin verilməsi dayandırılmışdır. Elektrik şəbəkəsi işçilərinin şifahi məlumatına əsasən İdin ərazisində dirəklər və elektrik naqilləri yer ilə təmasda olmuşdur. Orand kənd sakini İddiaçı məxsus at İdin ərazisində həmin qəzalı dirəklərin yanında yüksək gərginlik vuraraq öldürmüşdür. İş materiallarında оlаn Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Lerik Rayon İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Baytar həkimi X2 rayon Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatına məxsus 1 baş 4 yaşda 270 kq diri kəkili kəhər-sarı rəngli erkək at Orand kənd ərazisinin İdin deyilən ərazidə elektrik cərəyanın vurulmasından ölmüşdür. Orand kənd sakini İddiaçı şəxsi təsərrüfatlarına məxsus atın elektrik cərəyanın vurulmasından öldüyü üçün vətəndaşa bazar qiymətinə əsasən 800 (səkkiz yüz) manat dəyərində ziyan dəymişdir. Əsəd Rzayev, İddiaçı, Əkrəm Rzayev, Savalan Mikayılov tərəfindən tərtib edilmiş Yarma Protokolundan görünür ki, Lerik rayon Orand kənd sakini İddiaçı 4 yaşlı kəhər-sarı, erkək cinsli at 23 sentyabr 2021-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bədəndə yanğınlar var. Apellyator şikayətinin dəlili kimi məhkəmə tərəfindən cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəbli nəticə əlaqəsinin olmasının və cavabdehin təqsirinin konkret nədə ifadə olmasının müəyyən edilməməsini göstərməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X5 tərəfindən İddiaçı ünvanlanmış AERA-26278/22 saylı məktubun məzmunu cavabdeh tərəfindən ərazidə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması hallarının mövcudluğuna dəlalət edir. Belə ki, həmin məktubda vətəndaşın yaşadığı ərazinin enerji təchizatını təmin edən 6 nömrəli 10 kVluq hava elektrik verilişi xəttində (HEVX) 225 ədəd yararsız ağac dayaq yeni dəmir dayaqlarla, 10000 metrdən çox naqil yenisi ilə əvəz olunduğu, həmçinin HEVX-də mütəmadi təmir işlərinin aparıldığı, təhlükəli vəziyyətin tam aradan qaldırıldığı göstərilmişdir. Məktubun məzmunundan aydın olur ki, vətəndaşın yaşadığı ərazinin enerji təchizatını təmin edən 6 nömrəli 10 kvluq hava elektrik verilişi xətti yararsız ağac xətlərinin üzərində olmuş, naqillər də köhnə olmuşdur. Məktub müəllifi də görülən işlərlə məhz təhlükəli vəziyyətin olmasını və bunun tam aradan qaldırılmasına işarə edir. Baş vermiş hadisədən sonra təhlükəli vəziyyətin aradan qaldırılması istiqamətində görülən əsaslı və ardıcıl təmin işlərinin baş verməsi isə öz növbəsində cavabdeh tərəfindən iddiaçı yaşayan ərazidə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasın hallarının göstəricisi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən biri olan aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən barəsində izahatları alınmamasına dair dəlilinə qiymət verməkdə davam edərək hesab edir ki, cavabdeh tərəf aktın həqiqiliyin şübhə altına aldığı halda aktı imzalayan şəxslərin şahid qismində dindirilməsi məhkəmənin vəzifəsi olmamışdır. Belə ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İş materiallarından cavabdeh tərəfin aktı imzalayan şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətin olması görünmür. Apellyatorun aktı qanunvericiliklə müəyyən edilmiş prosedurlar həyata keçirilmədən (ölmüş heyvanın daxili orqanlarından laboratoriya analizi aparılması üçün nümunələr götürülməmiş və s.), aktın müvafiq qaydada təsdiq edilmiş formasına riayət edilmədən (aktda heyvanın yarılma tarixi, yarılma aparan zaman heyvanın daxili orqanlarının vəziyyəti, yarılma aparıldıqdan sonra tələf olunmuş heyvanın dezinfeksiya edilərək basdırılması barədə məlumatlar öz əksini tapmamışdır) tərtib edilməməsinin göstərilməməsinə dair dəlillərinə kollegiya qiymət verərək hesab edir ki, akt göstərilən qaydalara riayət edilmədən tərtib edilməsi halı mövcud olsa da bu iddianın əsassız olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı məxsus at həqiqətən elektrik naqillərinin yaxınlığında elektrik vurması nəticəsində tələf olması həmin aktın məzmununu ilə yanaşı işin digər araşdırılmış halları ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya dəyən zərər yəni bir baş atın tələf olmasının başqa səbəblərdən baş verməsini və bunun da "xxxx" ASC-ə aiddiyatı olmadığını, sübuta yetirə bilməmiş, həmçinin də apellyasiya şikayətində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavadeh"xxxx" ASC-dən 800 (səkkiz yüz) manat tutulmasını qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar