Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6286/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə 2(004)-5387/2024 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən 5.097 manat məbləğində faiz və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pulun tutulması, tutmanın cavabdehə məxsus olan və Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, bina 2 “b”-də yerləşən 21 nömrəli mənzilin üzərindəki 1/3 hissədə payına yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 46 saylı Notarial Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-113 nömrə altında qeydə alınmış “Kredit müqaviləsinə” əsasən iddiaçıdan 13.300 manat məbləğində pulu 1 il ərzində qaytarmaq şərti ilə borc almışdır. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında sadə yazılı formada xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış və cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, borcu qaytara bilməsə, yuxarıda qeyd edilən mənzil üzərində olan payını satacaq və iddiaçıya olan borcu qaytaracaq. “Kredit müqavilənin” şərtinə görə borc xx.xx.2017-ci il tarixədək qaytarılmalı idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcu qaytarmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsi əsasında Notariat Ofisi xx.xx.2017-ci il tarixdə “İcra qeydi” vermişdir. Buna baxmayaraq borc hələ də qaytarılmayıb. Artıq 7 ildən uzun müddətdir ki, dəqiq isə 92 aydır ki, cavabdeh borcunu qaytarmır. Buna görə də, iddiaçı hesab edir ki, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən onun xeyrinə hər il üçün 5 % hesablanmaqla (13.300 manat x 5% :100 =) 665 manat, yəni hər ay üçün (665 manat : 12 ay=) 55,4 manat, 92 ay üçün isə (55,4 manat x 92 ay=) 5.097 manat məbləğində faiz pulu tutulmalı, borcun tutulması isə cavabdehə məxsus olan və yuxarıda qeyd edilən mənzilin üzərindəki 1/3 hissədə payına yönəldilməli, həmin pay açıq hərracdan satılmalı və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsinə yönəldilməlidir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddianın yolverilməzliyi səbəbindən iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə görə, iddia tələbə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, borcun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı notariat orqanın verdiyi “İcra qeydi” var. Deməli, həmin icra sənədinin icrası istiqamətində icra məmuru tərəfindən zəruri tədbirlər görülməli, borclunun əmlakı üzərinə həbs qoyulmalı və digər məcburi icra hərəkətləri həyata keçirilməlidir. Bu səbəbdən, tələb “tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi” hissəsində iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Tələbin digər hissəsi, yəni “pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən 5.097 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edilməlidir ki, məsələyə MPM-in 232-ci maddəsi üzrə anologiya tətbiq edilməli və iddiaçı icra sənədi – “İcra qeydi” üzrə tələbin indeksasiyası barədə ərizə (8 indeksi) təqdim edilməlidir. Yəni, MPM-in 232-ci maddəsində qeyd edilən “məhkəmə qətnaməsi” anlayışı hərfi mənada şərh edilməməli, mahiyyəti üzrə “icra sənədi” kimi şərh edilməlidir. Məhkəməsi nəzərə alır ki, tələb sözügedən hissədə icranın gecikdirilməsi ilə əlaqədar mahiyyəti üzrə bilavasitə indeksasiya motivlidir, ayrıca iddia icraatı qaydasında baxıla bilməz. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürdüyü tələblərə səhv yanaşmış və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının tələbi borcun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsinə görə borcun indeksasiyası ilə bağlı deyil. Həmin tələbin irəli sürülməsi iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 445.1, 445.2.1, 445.2.2, 445.3, 445.6, 445.7-ci maddələrində təsbit edilən hüquqlardan irəli gəlmişdir. İddiaçı qeyd edilən maddi hüquq normalarına istinad edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən onun xeyrinə hər il üçün 5 % hesablanmaqla faiz pulunun tutulmasını xahiş edir. Digər tələb isə “tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi” barədə olsa da, Rayon Məhkəməsi bu tələbə “İcra qeydinin” – icra sənədinin icrasının təmin edilməsi qaydasında verilmiş tələb kimi, yəni səhv yanaşaraq hesab etmişdir ki, iddiaçı müvafiq ərizə ilə icra sənədini icra edən icra məmuruna müraciət etməli, sonuncu isə icra sənədinin icrası qaydasında borclunun əmlakı üzərinə həbs qoymalı və digər məcburi icra hərəkətləri həyata keçirilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən aşkar surətdə görünür ki, iddiaçının tələblərindən biri pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən onun xeyrinə hər il üçün 5 % hesablanmaqla faiz pulunun tutulması barədədir. İddiaçı Mülki Məcəllənin 425.1, 425.2, 445.1, 445.2.1, 445.2.2, 445.3, 445.6, 445.7ci maddələrinə istinadən hesab edir ki, cavabdeh 92 ay ərzində borcunu qaytarmadığı üçün pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün cavabdehdən onun xeyrinə hər il üçün 5 % hesablanmaqla 5.097 manat məbləğində faiz pulu tutulmalıdır. Göründüyü kimi bu tələb borcun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsinə görə ödənilməli olan borc məbləğinin MPM-in 232-ci maddəsinə əsasən indeksasiyası ilə bağlı deyil. Belə olan halda qəbul edilməlidir ki, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürdüyü bu tələbə səhv yanaşmışdır. İddiaçının digər tələb isə “tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi” barədir. Bu tələb “İcra qeydinin” – icra sənədinin icrasının təmin edilməsi qaydasında verilmiş tələb deyil. Çünki MPM-in 232-ci maddəsinin mənası görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Amma iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, bu tələbi cavabdehə qarşı irəli sürmüş iddiaçı, onunla cavabdeh arasında sadə yazılı formada xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə istinad edir ki, həmin müqaviləyə əsasən cavabdeh üzrə üzərinə öhdəlik götürmüşdür ki, borcu qaytara bilməsə, yuxarıda qeyd edilən mənzil üzərində olan payını satacaq və iddiaçıya olan borcu qaytaracaq. Bununla da müəyyən edilir ki, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürdüyü bu tələbə də səhv yanaşmışdır. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı tərəfindən verilmiş şikayətdə qərardadın ləğvi ilə yanaşı iddia ərizəsinin icraata qəbul edilməsi xahiş olunduğundan, amma Məhkəmənin mövqeyi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsindən ibarət oluduğundan qəbul edilməlidir ki, şikayət qismən təmin olunur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 11 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6286/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6286/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver