Məhkəmə qərarları › İş №2(103)-6289/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6289/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6289/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məkhəməsinin 2(010)-2691/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məkhəməsinin 2(010)-2691/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə 3155.75 manat məbləğində əsas borcun tutularaq ödənilməsi, iş üzrə ödənilmiş 91.52 manat dövlət rüsumunun 51.55 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilmədi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iş üzrə iddia ərizəsi veriləkən 91,52 manat dövlət rüsumu ödənilmişdir. Qanunun tələbinə əsasən apelyasiya şikayəti verilərkən həmin məbləğin 50%-i məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən 15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məkhəməsinin 2(010)-2691/2022 saylı 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar