Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6292/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Mercedes G55 minik” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 17.985 manat və avtomobilin lizinqinə görə "xxxx" ASC-yə ödənilmiş 9.488,25 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 27,503.25 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 yanvar 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən, ona məxsus **-AR-*** dövlət qeydiyyat nişanlı, Mercedes G55 minik markalı avtomobil 02 yanvar 2019-cu il saat 17:55-dən, 06 yanvar 2019-cu il saat 19:00dək iddiaçı tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh icarəyə verilmiş ona məxsus olan Mercedes-Benz G55 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda qalmış, servisə gətirilərkən isə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Səbəb isə onun müştərisi tərəfindən avtomobili idarə etdiyi müddət ərzində mütəmadi olaraq kobud surətdə texniki şərtləri və istismar qaydalarının pozulması, avtomobilin düzgün istifadə edilməməsi olmuşdur. Mütəxəssisin rəyinə və qüsür aktına əsasən bunun nəticəsində avtomobilinə 17.985 manat məbləğində maddi ziyan dəymişdir. Elə həmin tarixdə də Cavabdeh hadisə ilə bağlı söhbət aparmaq üçün ofislərinə dəvət etmək istədikdə, telefon əlaqəsi yaradaraq məsələni izah etmiş, lakin, o, çox sərt və kobud şəkildə bildirmişdir ki, onlara dəyən ziyanı ödəməyəcək. Hələ bu azmış kimi, telefon söhbəti əsnasında bildirmişdir ki, “öz maşınlarımı da belə sürürəm, 2 dəfə maşınımın motorunu dağıtmışam Mən qəsdən o cür sürüb zövqünü çıxarmaq üçün 5.5 motor Gelendvaqeni götürmüşəm. Gedib hara istəyirsiz şikayət edin, mənə heç kəs bata bilməz”. Bununla avtomobil sertifikatlı kompyuter diaqnostikası ilə yoxlanılmış və mütəxəssislərin iştirakı ilə baxış keçirilərək “VEV” avtoservis tərəfindən bu barədə ətraflı arayış verilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil, tez-tez sürət qaldırıb- endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq, avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. Bundan başqa “Geotek” naviqasiya sistemindən də aldıqları çıxarışla müəyyən olunur ki, 01-07.01.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşılaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/saat, yuxarı sürət həddi isə 183 km/saat olmuşdur. Avtomobilə dəyən zərərin ödənilməsini dəfələrlə cavabdehdən tələb etsə də, bu günədək cavabdeh ona vurduğu zərəri ödəməmişdir. Avtomobilə görə "xxxx" ASC-yə hər ay 3162,75 manat məbləğində lizinq ödənişini həyata keçirir. Avtomobil gündəlik icarəyə verildiyindən aylıq lizinq ödənişi icarəsinin hesabına təmin olunurdu. Lakin 07.01.2019-cu il tarixdən 06.03.2019-cu il tarixədək yararsız hala düşdüyündən iddiaçı lizinq ödənişini şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır və 9,488.25 manat əlavə ziyana düşmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(011)- 5369/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 27.023,25 manat pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmaması məsələsini araşdırmalı idi. Belə ki, o, icarə müqaviləsini "xxxx" ilə bağlamışdır və hesab edir ki, bütün suallar onunla MMC arasında həll olunmalıdır. O, iddiaçını tanımır, onunla aralarında heç bir müqavilə bağlanmamışdır və onun qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Hesab edir ki, "xxxx" MMC cavabdeh olmadığı halda, o, ümumiyyətlə cavabdeh ola bilməz. Vergidən yayınma məqsədilə, 10.10.2018-ci il tarixli Lizinq müqaviləsinin 9.3-cü bəndinə (lizinq alan obyekti sublizinqə və ya kirayəyə verə bilər) zidd olaraq İddiaçı "xxxx" MMC ilə avtomobilin sublizinqə və ya kirayəyə verilməsi barədə heç bir müqavilə bağlamamışdır. Məhkəmə sübutlara qiymət verərkən heç bir hüquqi statusu olmayan sənədi – 20.12.2018-ci il tarixli iddiaçı tərəfindən yazılmış istifadəyə verilməsi haqqında razılıq ərizəsini əsas kimi götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ona təqdim olunan avtomobil yararlı vəziyyətdə olmalıdır, ancaq hesab edir ki, ona icarəyə verilən avtomobil yararsız vəziyyətdə olmuşdur. Avtomobilin sürət göstəricisi 280 km/saat olduqda, texniki parametrlərə uyğun olaraq maksimal surət 210 km/saat olduqda, qərnamədə qeyd edildiyi kimi, avtomobili sürən zaman tərəfindən yuxarı surət həddi 183 km/saat olmuşdur. Bu halda sual yaranır ki, göstərilən avtomobilin hansı texniki şərtlərini pozmuşdur. Həmçinin, iddiaçı və ya "xxxx" MMC avtomobili həmin gün yox, 4 gün sonra avtoservisə aparmışlar. Ona elə gəlir ki, avtomobilə digər şəxslər tərəfindən zərər verilə bilərdi. Bundan başqa, hesab edir ki, iddiaçı sığortaya müraciət edib sığortadan pulunu almalıdır. O, həmin müqavilə üzrə 1.000 manat pul vəsaiti ödəmişdir. 02.01.2019-cu il tarixdə ona icarəyə verilmiş **-AR-*** dövlət qeydiyyat nişanlı Mercedes- Benz G55 markalı avtomobili o, təxminən 80 km sürmüş, həmin gün ərzində avtomobil xarab olmuşdur. Bu barədə o, "xxxx" MMC-nə məlumat vermiş, həmin şirkət tərəfindən bir neçə saatdan sonra, başqa avtomobil ona təqdim olunmuşdur. Heç bir avtonəqliyyat hadisəsi törətməmişdir. Avtomobilin hansı hissələrinin xarab olması barədə məlumatı olmamışdır. Məhkəmə hüquq normalarını və hüquqi prinsipləri pozaraq tam qanunsuz, birtərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış və məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5369/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilmiş, İddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün Cavabdeh tutulmalı olan ziyanın məbləği 6363 (altı min üç yüz altmış üç) manat, ziyanın ümumi məbləği isə 23.898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4233/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri isə aşağıdakılardan ibarət olmuşdur: “Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. MM-in 1097.1-ci maddəsindəki “şəxsin əmlakına zərər vurulması”na dair dispozisiya şərti bu iş üzrə lazımi qaydada araşdırılmalı, bu konteksdə Cavabdeh iddia olunan hərəkətləri nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin İddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir. Kollegiya hesab etmişdir ki, hazırkı işin düzgün həlli üçün hər iki tərəfin dəlilləri yoxlanılmaqla həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, bu məqsədlə avtomobildən istifadə ilə bağlı texniki sualların ixtisaslı şəxslərin rəyi ilə cavablandırılması üçün müvafiq məhkəmə ekspertizası keçirilməli, toplanmış məlumatlar və qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməli, o cümlədən lizinqdə olan avtomobilin sığortası, sığorta təminatının bu zərəri əhatə edibetmədiyi və mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar araşdırılmaqla, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə çıxarılmalıdır.” Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Samir Xudaquliyev apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin 05 avqust 2021-ci il tarixdə baş tutmuş iclasında iştirak etmiş İddiaçı izahat verərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə üçüncü şəxs olan "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq apellyasiya şikayətini qismən əsaslı hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı əsaslarla izah edir: İş materiallarında olan 105/LA saylı 10 oktyabr 2018-ci il tarixli daxili maliyyə Lizinqi müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə İddiaçı arasında 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla, ümumi məbləğ 75.500 AZN, avadanlığın dəyəri 120.000 AZN olan 1 ədəd Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqə verilməsinə dair lizing müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektinin qəbul protokolunu imzaladığı andan sonra Lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür. Həmin müqavilənin 9.3-cü maddəsinə əsasən Lizinq alan Lizinq obyektini sublizinqə və ya kirayəyə verə bilər. Həmin müqavilənin 7.5-ci maddəsinə əsasən Lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üçün xərcləri çəkməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan Lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən Lizinq obyekti zədələndikdə Lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. İş materiallarında olan AB-22/0402 saylı 01.01.2019-cu il tarixli etibarnamədən müəyyən olunur ki, "xxxx" ASC Azadlıq filialı tərəfindən Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə və idarə edilməsini “Kral R.C MMC”-yə etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İş materiallarında olan 20.12.2018-ci il tarixli razılaşmadan görünür ki, R.X7 G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Kral R.C MMC” tərəfindən istifadəsinə razılıq verir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 yanvar 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, **- AR-*** dövlət qeydiyyat nişanlı, Mercedes G55 minik markalı avtomobil 02 yanvar 2019-cu il saat 17:55-dən 06 yanvar 2019-cu il saat 19:00-dək hər günü 250 manat olmaqla Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Avtomobilin qiyməti 85.000 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan «Kral R.C. MMC»-nin 05 №-li təhvil-təslim aktından görünür ki, Mercedes Benz G55 markalı avomobil MMC-nin nümayəndəsi X.Süleymanov tərəfindən Cavabdeh təhvil verilərkən avtomobildə heç bir texniki nasazlıq olmamış, avtomobil tam işlək vəziyyətdə olmuş, tərəflər bu halı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Avtoservis 555 MMC-nin 06 mart 2019-cu il tarixli, 117 nömrəli arayışından görünür ki, "xxxx" MMC balansında olan 2011-ci il buraxılışlı Mercedes Benz G55 minik markalı **-AR-*** dövlət nömrə nişanlı (ban WDCYC7AF3CX193613) avtomobil 15 yanvar 2019-cu il tarixdə servisə daxil olmuşdur. Avtomobilin mühərriki təmir olunduqdan sonra 06 mart 2019-cu il tarixdə işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli arayışın və GPS sistemindən alınan və 01.01.2019-cu il tarixdən 07.01.2019-cu il tarixədək olan dövrü əhatə edən hesabatın surətindən aydın olur ki, Mercedes Benz markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddi 76 dəfə aşılaraq mütəmadi sürət qaldırılıb endirilmişdir. GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/saat, yuxarı sürət həddi isə 183 km/saat olmuşdur. İş materiallarında olan 15 yanvar 2019-cu il tarixli, 05 nömrəli “Qüsur aktı”na əsasən Mercedes Benz markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 17.985,00 manat hesablanmışdır. İş materiallarında olan “VEV” avtoservis tərəfindən verilən arayışdan məlum olur ki, avtomobil yüksək sürətlə mütamadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil, tez-tez sürət qaldırıb-endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq, avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. İş materiallarında olan “GeotekBS” naviqasiya sistemindən verilən çıxarışdan məlum olur ki, 01-07.01.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/saat, yuxarı sürət həddi isə 183 km/saat olmuşdur. İş materiallarında olan 14 fevral 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 25.01.2019-cu il tarixdə İddiaçı Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində təsisçisi olduğu "xxxx" MMC tərəfindən “Mersedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil müştəri Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Lakin Cavabdeh özbaşınalıq törədərək, əmlakın istismar qaydalarını kobud surətdə pozmuş və nəticədə müvəqqəti istifadəsinə verilmiş “Mersedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11.000 manat məbləğində maddi ziyan vurmuşdur. İzahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 02.01.2019-cu il tarixdə "xxxx" MMC-dən “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin avtomobili 06.01.2019-cu il tarixədək idarə etmişdir. 06.01.2019-cu il tarixdə o, həmin avtomobil ilə Quba rayonuna doğru hərəkət edən zaman yolda anidən avtomobil dayanmışdır və avtomobili idarə etmək mümkün olmamışdır. O, avtomobili icarəyə götürdüyü "Kral R.C” MMC-yə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə saatdan sonra "xxxx" MMC-nin işçiləri ona başqa bir avtomobil gətirib vermişlər, içarəyə götürdüyü avtomobili isə aparmışlar. Həmin gündən bir gün sonra "xxxx" MMC-dən ona zəng edib idarə ediyi avtomobilin mühərrikinin sıradan çıxdığını demişlər. O, avtomobili icarəyə götürən zaman ona avtomobildə “antizanos” deyilən hissəsində nasazlıq olduğunu və həmin nasazlığın da heç bir problem yaratmayacağını bildirmişlər. O, avtomobili idarə edən zaman heç bir texniki şərtləri pozmamışdır, onun istismar qaydalarına riayət etmişdir. Həmin avtomobilin necə və nə cür zədələnməsi haqqında heç bir məlumatı yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material mülki xarakterli olduğundan cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X8 və qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 25 iyul 2019cu il tarixli, LF 32 nömrəli hesabatdan müəyyən olunur ki, “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın dəyəri 17535 manat təşkil edir. İş üzrə təkrar apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş kompleks məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizalarının 28 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, “Avtoservis 555” şirkətinin 15.01.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12892,00 manat müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş digər sual üzrə ekspert tərəfindən tədqiqat aparılmamışdır (yol-nəqliyyat hadisəsinin iştirakçısı olmayan nəqliyyat vasitəsində nasazlığın müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığı əsası ilə). İddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, avtomobilin mühərriki ilə bağlı yaranmış nasazlıq avtomobilin sığorta müqaviləsi ilə əhatə olunmadığından, sığorta ödənişi ilə bağlı sığorta şirkətinə müraciət edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki mübahisənin həlli zamanı ilk növbədə İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. İş materialları ilə müəyyən olunur ki, “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçılə avtomobilin mülkiyyətçisi olan "xxxx" ASC arasında bağlanmış daxili Lizinq müqaviləsi əsasında iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə, avtomobilin təsadüfən zədələnməsi və ya məhv olması ilə bağlı bütün risklər Lizinq alana aid edilmiş, lizinq obyekti zədələndikdə onu öz hesabına dərhal təmir etmək və normal iş rejimində saxlamaq onun vəzifəsi kimi müəyyən edilmişdir. İşin mübahisəsiz halı ilə o da müəyyən edilir ki, İddiaçı lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, avtomobili öz hesabına təmir etdirmiş və təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirmişdir. Lizinq müqaviləsindən irəli gələn hüquqlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hüquqlar yalnız müqavilədə nəzərdə tutulduğu kimi lizinq obyektindən lizinq alanın istifadə və sahiblik hüququ ilə məhdudlaşmır, həmçinin lizinq alanın lizinq obyektini öz mülkiyyətinə qəbul etməsi ilə bağlı gözləntilərini də əhatə edir. Bu mənada, lizinq müqaviləsi əsasında yaranmış hüquqlar daha geniş anlamda lizinq alanın «mülkiyyəti» kimi nəzərdən keçirilməlidir. Oxşar hüquqi mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında müəyyən edir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan «mülkiyyət» anlayışı yalnız daşınar və daşınmaz əşyalarla məhdudlaşmır və daha geniş məna kəsb etməklə müstəqil mənaya malikdir. Bu mənada «mülkiyyət» anlayışı əmlak kimi qiymətləndirilə bilən və iqtisadi dəyəri olan bir çox hüquq və maraqları da əhatə edir. Bundan başqa qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə nəzərdə tutulmuş «mülkiyyət» anlayışı, ingilis dili ilə yanaşı Konvensiyanın digər rəsmi dili olan fransız dilində «biens» sözü ilə ifadə olunmuşdur ki, həmin söz çox geniş mənada əmlak hüquqlarını da ifadə edir. Bu cür yanaşmadan çıxış edərək Avropa İnsan Hüquqları Məhkəməsi bir çox hüquqları, o cümlədən patent hüququnu (Smith Kline və X2rşı iş üzrə 04 oktyabr 1990-cı il tarixli qərar), müəssisənin təsisçi paylarını (Company S.&T. İsveçə qarşı iş üzrə 11 dekabr 1988-ci il tarixli qərar), biznes fəaliyyəti zamanı işgüzar nüfuzu (Van Marle və b. Niderlanda qarşı iş üzrə 26 iyun 1986-cı il tarixli qərar), bütün növ əqli mülkiyyət hüquqlarını, o cümlədən əmtəə nişanını qeydə aldırmaq hüququnu (Anheuser-Busch İnc. Portuqaliyaya qarşı iş üzrə 11 yanvar 2007-ci il tarixli qərar), gömrük anbarını idarə etmək üçün lisenziyanı (Rosenweig və b. Polşaya qarşı iş üzrə 28 iyul 2005-ci il tarixli qərar), icarə müqaviləsinin müddətinin yerli icra hakimiyyəti orqanları tərəfindən uzadılması ilə bağlı qanuni gözləntisi (X4rşı iş üzrə 24 iyun 2003-cü il tarixli qərar) 1 saylı Protokolun 1-ci maddəsi baxımından qorunmalı olan mülkiyyət kimi tanımışdır. O cümlədən, Mellacher Avstriyaya qarşı iş üzrə 19 dekabr 1989-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi əmlak lizinqi müqaviləsindən doğan hüquqları 1 saylı Protokolun 1-ci maddəsi baxımından mülkiyyət olduğu qənaətinə gəlmişdir. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, hazırkı mübahisə üzrə İddiaçı “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmasa da, həmin avtomobillə bağlı lizinq müqaviləsi əsasında əldə etdiyi hüquqlar Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qorunmalı olan mülkiyyət kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Yuxarıda göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı lizinq müqaviləsi əsasında müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş avtomobilə dəymiş zərərin əvəzini tələb etməyə subyektiv hüququ olmuşdur. İddianın əsaslılığının yoxlanılması məqsədilə aydınlaşdırılmalı olan ikinci məsələ “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin yetirilibyetirilmədiyinin, yetirildiyi halda dəymiş zərərin məbləğinin müəyyən edilməsidir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, “Mercedes G55” markalı **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobil 06.01.2019-cu il tarixdə cavabdeh tərəfindən idarə edilərkən mühərrik dayanmış və sonradan ixtisaslaşdırılmış servis tərəfindən aparılan müayinə zamanı avtomobilin mühərrikinin sıradan çıxdığı müəyyən edilmişdir. Qeyd edilən halın baş verməsini tərəflər mübahisələndirməmişlər. Apellyasiya məhkəməsinin qərardadı əsasında həyata keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə avtomobilə dəymiş zərərin məbləği köhnəlmə faizi nəzərə alınmaqla 12892,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən ekspert rəyinin avtomobilin əvvəllər aparılmış müayinələri nəticəsində tərtib edilmiş aktlar nəzərə alınmaqla tərtib edilməsini, rəydə avtomobilin 2011-ci il buraxılışlı olmaqla köhnəlmə faizinin nəzərə alınmasını, habelə ekspert tərəfindən tədqiqat aparılarkən bazar qiymətləri ilə bağlı rəsmi məlumat mənbələrinə istinad olunmasını nəzərə alaraq həmin rəyin əmtəəşünaslıq ekspertizasının aparılmasına dair hissəsini mötəbər sübut kimi qəbul edir. Beləliklə, “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə 06.01.2019-cu il tarixdə nasazlıq baş verməsini və həmin nasazlıq nəticəsində avtomobilin mühərrikinin sıradan çıxması, bununla bağlı görülmüş təmir işlərinin 12892,00 manat təşkil etməsi iş materialları ilə tam müəyyən edilir. Digər aydınlaşdırılmalı məsələ “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş veribvermədiyinin müəyyən edilməsidir. İş materiallarında olan təhvil-təslim aktından müəyyən edilir ki, avtomobil "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilərkən heç bir texniki nasazlığı olmamış, avtomobil işlək vəziyyətdə olmuşdur. Həmçinin, iş materialları və tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, avtomobil 06.01.2019-cu ildə Cavabdeh tərəfindən idarə edilən zaman xarab olmuşdur. Göründüyü kimi, Mercedes Benz G55 minik markalı avtomobili cavabdeh 02.01.2019-cu il tarixdə saz vəziyyətdə qəbul etmiş, avtomobilin mühərriki isə bundan 4 gün sonra, yəni 06.01.2019-cu il tarixdə cavabdeh avtomobili idarə edərkən sıradan çıxmışdır. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayış və ona əlavə edilmiş hesabat cədvəlindən müəyyən olunur ki, Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olduğu müddətdə, yəni 02.01.2019-cu il saat 17.55-dən 06.01.2019-cu il tarixədək olan dövrdə, ümumilikdə 42 dəfə sürət həddi aşılmış, avtomobilin Bakı-Quba yolunda mühərrikinin sıradan çıxdığı vaxt sonuncu dəfə sürət həddi isə 183 km/saat olmuşdur. Qeyd edilən arayışın sübut kimi mötəbərliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, avtomobillərin istismarına nəzarət ilə bağlı onlara GPS sistemlərinin quraşdırılması geniş tətbiq olunan bir praktikadır. İnternet azad informasiya mənbələrində qeyd olunan məlumatlardan görünür ki, GPS izləmə sistemi – avtomobil və bütün növ nəqliyyat vasitələrini izləmək və onlara nəzarət etmək üçün istifadə olunan texnoloji vasitədir. GPS idarə olunan peyk sistemi olmaqla, hər hansı bir obyektin yerinin dəqiq təyin olunması üçün istifadə olunur və GPS cihazı vasitəsi ilə dünyanın istənilən nöqtəsində obyektlərin hərəkət sürətinin təyin olunmasına imkan verir. Muasir dünyada GPS-dən həm dövlət sektoru, həm də biznes sektoru geniş istifadə edir. Belə ki, şirkətlər öz avtomobillərinə, tikinti texnikasına və digər nəqliyyat vasitələrinə GPS cihazları quraşdıraraq, öz avtoparklarını tam nəzarətdə saxlamış olurlar. GPS izləmə sistemi vasitəsilə avtomobilin yerləşdiyi dəqiq ünvana, sürətinə, qət etdiyi məsafəyə, sürücünün davranışına, avtomobilin təhlükəsizliyinə, mühərrikin yağına, avtomobilin yanacağına, təkərlərin təzyiqinə və s. parametrlərinə nəzarət etmək mümkündür. GPS sistemi avtomobillərin istismarı ilə bağlı yuxarıda göstərilən texniki xarakterli məlumatların mərkəzi məlumat bazasına ötürülməsi yolu ilə onlara nəzarət etməyə imkan verir. Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu müddətdə həmin avtomobildə quraşdırılmış GPS naviqasiya sistemi ilə qeydə alınmış və iş materiallarına əlavə edilmiş həmin avtomobilin yerləşmə məkanı və sürət hədləri ilə bağlı məlumatlar mötəbər sübut növü kimi qəbul edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, həmin hesabatda avtomobilin sonuncu dəfə Bakı-Quba-Rusiya yolunda olması göstərilmişdir. Həm iddiaçı, həm də cavabdeh avtomobilin həqiqətən də, sonuncu dəfə Bakı-Quba yolunda cavabdeh Quba istiqamətində hərəkət edərkən xarab olduğunu bildirmişlər. Göründüyü kimi, həmin hesabatdakı avtomobilin yerləşdiyi məkanla bağlı məlumat iş materiallarındakı digər sübutlarla təsdiqini tapır. Kollegiya hesab edir ki, həmin məlumatlar avtomobilə quraşdırılmış ötürücü vasitəsilə avtomatlaşdırılmış qaydada məlumat bazasına ötürülməklə əldə edildiyindən, bu məlumatların həqiqiliyini müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac qalmır, bu səbəbdən ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Beləliklə, Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh saz vəziyyətdə verilməsi, sıradan çıxarkən onun istifadəsində olması və sıradan çıxmamışdan əvvəl avtomobilin davamlı olaraq yüksək sürətlə idarə edilməsi iş materialları ilə öz təsdiqini tapır. Avtomobilin cavabdeh tərəfindən yüksək sürətlə idarə olunmasının onun mühərrikinin sıradan çıxmasına səbəb olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, avtomobil sıradan çıxdığı günün ertəsi günü, yəni 07 yanvar 2019-cu il tarixdə «VEV» avtovervis tərəfindən tərtib edilmiş arayışdan görünür ki, “Mercedes Benz G 55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin sıradan çıxmasının səbəbi kimi onun mütəmadi olaraq yüksək sürətlə idarə edilməsi, avtomobilin sürətinin tez-tez qaldırılıb endirilməsi, istifadə edilən yanacağın keyfiyyətsiz olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin 06.01.2019-cu ildə idarə edilməsi zamanı onda baş vermiş texniki nasazlığın səbəblərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilsə də, həmin halın müəyyən edilməsinin yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığı əsası ilə sual üzrə tədqiqat aparılmamış, nəticədə həmin sualın cavablandırılması mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, həmin arayış ixtisaslaşdırılmış avtomobil təmiri müəssisəsi tərəfindən avtomobilə baxış keçirilməsi nəticəsində tərtib edildiyindən və orada əks olunmuş məlumatlar, yəni avtomobilin mühərrikinin sıradan çıxması halı iş materiallarında olan digər sübutlarla, o cümlədən avtomobilin mühərrikinin sonradan təmiri ilə bağlı tərtib edilmiş sənədlərlə bir-birini tamamladığından hazırkı iş üzrə sübut kimi qəbul edilməlidir. İşin yuxarıda qeyd edilən hallarının əlaqəli təhlili nəticəsində müəyyən olunur ki, cavabdeh “Mercedes Benz G 55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 02.01.2019-cu il tarixdə saz vəziyyətdə təhvil aldıqdan sonra həmin avtomobili sürət həddini davamlı olaraq aşmaqla, avtomobilin sürətini kəskin artırıb azaltmaqla və keyfiyyətsiz yanacaqdan istifadə etməklə idarə etməsi nəticəsində avtomobilin mühərriki sıradan çıxmış, mühərrikin təmiri avtomobilin lizinq müqaviləsi əsasında sahibi olan İddiaçı tərəfindən onun öz vəsaiti hesabına həyata keçirilmiş, avtomobilin mühərrikinin sıradan çıxması nəticəsində dəymiş zərərin məbləği 12892,00 manat olmuşdur. Nəticədə cavabdehin iddiaçı qarşısında avtomobilə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı öhdəliyi yaranmışdır. Cavabdeh həmin avtomobili icarə müqaviləsi əsasında iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-dən götürmüşdür. "xxxx" MMC isə öz növbəsində həmin avtomobil üzərində onunla İddiaçı arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli razılaşma, habelə avomobilin mülkiyyətçisi olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə verilmiş 01.01.2019-cu il tarixli etibarnamə əsasında sərəncam vermişdir. Həmin etibarnamədə avtomobilin istifadə və idarə edilməsi "xxxx" MMC-yə etibar edilmişdir. Göründüyü kimi, İddiaçılə Cavabdeh arasında avtomobilin istismarı ilə bağlı birbaşa müqavilə münasibəti olmamışdır. Ona görə də, hazırkı iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntularından irəli gələn öhdəliklərlə bağlı mülki hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsinə dair “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə qismən əsaslı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisələndirilən qətnamə ilə avtomobilin lizinqinə görə "xxxx" ASC-yə ödənilmiş 9488,25 manat məbləğində pulun cavabdehdən iddiaçının tutulmasına dair iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia tələbindən və iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçı həmin məbləği əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, həmin avtomobili gündəlik icarəyə verməklə gəlir əldə etmiş və bu gəlirlə lizinq müqaviləsinə əsasən aylıq ödənişlərini həyata keçirmiş, avtomobilin yararsız hala düşməsi nəticəsində o, lizinq ödənişlərini 07.01.2019-cu il tarixdən 06.03.2019-cu il tarixədək şəxsi vəsaitləri hesabına ödəməli olmuşdur. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanın məbləği kimi lizinq müqaviləsi üzrə ödənişlərinin məbləğini göstərmişdir. İddianı həmin hissədə təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, avtomobil lizinq müqaviləsi əsasında iddiaçının faktiki sahibliyində və istifadəsində olmuşdur və həmin müqavilənin şərtlərinə görə avtomobilin lizinqinə görə "xxxx" ASC-yə 9.488,25 manat ödənilmişdir. Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən hər günü 250 manat olmaqla icarəyə verilmişdir. Avtomobil 59 gün müddətində təmirdə olmuşdur. Həmin müddətdə iddiaçı avtomobildən əldə etdiyi faydadan məhrum olunduğu halda "xxxx" ASC-yə 9.488,25 manat məbləğində lizinq ödənişlərini ödəmişdir. Məhkəmə hesab etmişdir ki, avtomobilə cavabdeh tərəfindən zərərin vurulması nəticəsində iddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün iddia tələbi cavabdehdən 9.488,25 manat pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının peşəkar şəkildə avtomobillərin kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olması iş materialları ilə müəyyən edilmir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı avtomobili lizinq müqaviləsi əsasında 10 oktyabr 2018-ci il tarixdə əldə etmiş, həmin vaxtdan 02.01.2019cu ilədək olan müddət ərzində bu avtomobilin icarəyə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materialları ilə avtomobilin 06.03.2019-cu il tarixdə təmir edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edilənədək olan müddət ərzində də icarəyə verilməsi müəyyən edilmir. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin MMC-nin istifadəsinə verilməsinə dair 20 dekabr 2018-ci il tarixli razılaşmada da, avtomobildən istifadə edilməsinə görə MMC tərəfindən iddiaçıya hər hansı haqqın ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan lizinq müqaviləsinin şərtlərindən görünür ki, lizinq obyekti olan avtomobilin üçüncü şəxslərin istifadəsinə və sahibliyinə verilməsi yalnız lizinq verənin razılığı ilə mümkündür. Lizinq verən isə "xxxx" MMC-yə belə bir razılığı 01.01.2019-cu il tarixdə vermişdir. Beləliklə müəyyən edilir ki, “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən 01.01.2019-cu il tarixdə istifadəyə qəbul edilmiş, növbəti gün həmin avtomobili Cavabdeh icarəyə vermiş, bundan 4 gün sonra isə avtomobilin mühərriki sıradan çıxmışdır. Göründüyü kimi, “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı istifadəsində və sahibliyində olduğu müddətdə onun tərəfindən gündəlik icarəyə verilməklə gəlir əldə edilməsi və əldə edilmiş gəlir hesabına avtomobilin lizinq müqaviləsinə görə ödənişlərin həyata keçirilməsi ilə bağlı dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçının əldən çıxmış fayda kimi onun tərəfindən lizinq müqaviləsi üzrə etmiş olduğu ödənişlərə görə ödədiyi 9488,25 manat pul tələbinə dair iddiası əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarının tətbiqi zamanı məhkəmə tərəfindən səhvə yol verilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İddiaçı Asif oğlunun xeyrinə vurulmuş zərərin əvəzi kimi tutulmalı olan pul məbləği 12892,00 manat həddində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsasssız hesab edərək vurğulayır ki, iş materiallarından cavabdehin məhkəməyə məlum olan ünvanına bildirişlər göndərilməsi müəyyən olunur, lakin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilən hissəsinə mütənasib olaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat pulun 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. (MPM 119.1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(011)-5369/2019 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh 12892,00 manat pul vəsaiti dəymiş maddi zərərin əvəzi olaraq İddiaçı Asif oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat pulun 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6292/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6292/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver