Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6293/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 29.09.2020ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən "xxxx" ASC-dən 5425 manat sığorta ödənişi, 500 manat mənəvi zərər və hüququ xidmətə görə 150 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Mercedes-Benz GL" markalı, 10-HH- 900 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. 23.05.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar digər yol-nəqliyyat hadisəsinin iştirakçısı "xxxx" ASC tərəfindən sığorta olunmuş “Daewoo Nexia” minik markalı, 99- XN-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə “İnzibati xəta haqqında” İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla 40 manat məbləğində cərimə edilmişdir. “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” 23.05.2020-ci il tarixli, elektron arayış və əlavəsindən görünür ki, qəza nəticəsində avtomobilin arxa hissəsi əzilmişdir. “Avtoservis 888" servisi tərəfindən aparılmış qiymətləndirmə ilə sığortalı avtomobilə dəymiş zərərin 5425 manat olması müəyyən edilmişdir. Sığorta ödənişinin verilməsi barədə iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, cavabdehin eyni məzmunlu 22 iyun 2020-ci il tarixli 06089 saylı məktubu ilə sığorta ödənişi verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, sığorta haqqı məbləği 1828 manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, sığorta ödənişinin verilməsindən imtina üçün cavabdehin istinad etdiyi dəlillər həqiqətə uyğun olmadığından, iddia ərizəsinə əlavə edilən sübutlarla təkzib edildiyindən tamamilə əsassız olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 5000 (beş min) manat sığorta ödənişi, hüququ xidmətə görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına "xxxx" ASCdən 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onunla əsaslanmışdır ki, 03.02.2021 –ci il tarixli, 9\5208 saylı ekspert rəyinə əsasən “Mercedes- Benz GL” markalı , 10 HH-90 dövlət qeydiyyat nişanlı avtomobilə 5225 manat məbləğində ziyan dəymişdir. AR İcbari sığorta haqqında qanunun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilən qanun 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən ibarətdir. İddiaçı Cavabdeh ASC tərəfindən aparılan qiymətləndirmə ilə razılaşmadıqda qiymətləndrimənin aparılması üçün müstəqil ekspertə müraciət edə bilərdi. Həmçinin Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsaslanaraq iddiaçıya nəqliyyat vasitəsinin təmin edilməsi təklif edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almayaraq iddianı təmin edən qətnamə çıxartmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən 23.05.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 təqsirli olduğu müəyyən edilmişdir. İş materiallarında olan 23.05.2020-ci il tarixli, ******* nömrəli protokola əsasən X3 23.05.2020-ci il tarixdə “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan ******* saylı, 23.05.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 23.05.2020-ci il tarixdə, saat 12:00-da Suraxanı rayon DYPŞ ərazisində “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan “Adiloğlu” avto servis tərəfinfən verilmiş 25.05.2020-ci il tarixli ilkin qiymətləndirməyə əsasən “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5395 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 27.05.2020-ci il tarixli qüsur aktına əsasən “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5425 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 22.06.2020-ci il tarixli, 0689 nömrəli məktubuna əsasən "xxxx" ASC 23.05.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı İddiaçı mülkiyyətində olan “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 1828 manat məbləğində zərəri ödəməyi qəbul edir. İş materiallarında olan 03.02.2021-ci il tarixli, 9/5208 saylı ekspert rəyinə əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz GL” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5225 manat müəyyən edilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli qəbzdən görünür ki, 15 saylı vəkil bürosuna 160 manat ödəniş olunmuşdur. İşin müəyyən edilmiş halları odur ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 5225 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh “İcbari Sığorta” mqaviləsinə əsasən 5000 manat civarında məsuliyyət daşıdığından, 5000 manat məbləğdə pul "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətində qətnamənin ləğv edilməsi üçün əsasların nədən ibarət olmasını ümumiyyətlə əsaslandırmamışdır. Ona görə də şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6293/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6293/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver