Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6297/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4759/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18.250 manat məbləğində borcun və ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.000 manat məbləğində pulun, 2.000 manat məbləğində mənəvi zərərin əvəzinin, cəmi 6.000 manat məbləğində pulun, habelə ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4759/2024 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi ondan asılı olmayan səbəblərə görə vaxtında verilməmişdir. Belə ki, müddətin ötürülməsi onun xəstəliyi ilə bağlı olmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilməməsi barədə “Elektron” məhkəmə informasiya sisteminə ərizə də yerləşdirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4759/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş və bundan sonra İddiaçı “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə şikayətə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsinin və digər sənədlərin Cavabdeh xx.xx.2024-cü il tarixdə çatmasına baxmayaraq, o, 28 gün ərzində məhkəməyə heç bir etiraz və ya qarşılıqlı iddia təqdim etməmişdir. Onun xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə də məlumatı olmuşdur. Belə ki, o, məhkəmə iclasında iştirak edə bilməməsi barədə ərizə təqdim etmişdir. Bununla belə, imkanının olduğu halda, həmin ərizəyə qarşılıqlı iddia və etiraz əlavə etməmişdir. Bundan əlavə şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1-ci maddəsinə əsasən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə qarşılıqlı iddianın icraata qəbul edilməsinin əsasları (3 əsas), qaydası (iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir) və müddəti (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təsbit edilmişdir. Eyni zamanda, müddət keçdikdən sonra qarşılıqlı iddianın verilməsini mümkün edən hallar sadalanmış, lakin bu hallar belə iddianın icraata qəbul edilməsinin hər üç deyil, yalnız iki əsasına aid edilmişdir. Belə ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrin daha tez və düzgün baxmaqla nəticələnməsi əsası ilə qarşılıqlı iddia yalnız iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətdən sonra qarşılıqlı iddianın verilməsinə yol verilmir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə də icraata qəbul edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilməklə xx.xx.2024-cü il tarixdə bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişinə imza etməklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduğunu qeyd etmiş və rəsmi olaraq iddianı qəbul etmişdir. Bundan sonra cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə (növbəti məhkəmə iclasının tarixi) cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, ona təqdim edilmiş məhkəmə bildirişinə əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən çıxarışda qarşılıqlı iddianın verilməsi qaydasını və müddətini əks etdirən 154-cü və 155-ci maddələrin məzmunu açıqlanmışdır. Bununla belə, qeyd edilən prosessual hərəkətin yerinə yetirilməsi üçün müddətin axını xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin cavabdeh mülki prosessual qanunvericiliklə müəyyən edilmiş həmin 20 günlük müddət ərzində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların məhz xx.xx.2024-cü il tarixdə və ya həmin dövrdə əmələ gəlməsini, habelə qarşılıqlı iddianın müəyyən edilmiş 20 günlük müddət ərzində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmin ərəfədə onun səhhətində problemlərin olmasını və məhz bu səbəbdən də xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsini təsdiq edən hər hansı sübut isə təqdim edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsində də səhhətində hər hansı problemin olduğunu göstərməmişdir. Nəticə etibarı ilə onun həmin ərizə ilə birlikdə qarşılıqlı iddia ərizəsinin də məhkəməyə təqdim edilməsini qeyri-mümkün edən hər hansı hal müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh qarşılıqlı iddianı iddia ərizəsinin surətini aldıqdan sonra mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət ərzində verməmiş, bu müddətin keçməsindən sonra verilməsini mümkün edən hər hansı əsas isə müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4759/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6297/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6297/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver