Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6299/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pulun ödənilməsi", “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə İddiaçı, Cavabdeh MMC-nin direktoru X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Kommersiya Məhkəməsinin "xxxx" ASC-nin ərazisi hesab edilən, Salyan şəhəri, Y.Qasımov 1 və 3 ünvanlarında inşa edilmiş irili-xırdalı 70-ə yaxın obyektin “İcarə” qiymətlərinin müəyyən edilməsinə dair qərardadı icra olunması üçün Cavabdeh MMC-yə göndərildikdən sonra özünü həmin MMC-nin direktoru kimi təqdim edən X13 adlı şəxsin hal-hazırda iddiaçının xatırladığı mobil nömrəsindən keçən ilin axırları və yaxud cari ilin yanvar ayının ilk günlərində onun istifadəsində olan ***-***-**-** sim kart nömrəsinə zəng edilərək qeyd edilən ekspertizanı özünün keçirəcəyini və bunun üçün 1500 manat pul ödəməli olduğunu, göstərilən məbləği yanvar ayının 05 tarixinə qədər ona verməyəcəyi təqdirdə ekspertizanın keçirilməsini aylarla uzadacağını bildirmişdir. Adıçəkilən şəxsə müharibə veteranı olduğunu, yalnız sosial müavinət hesabına dolandığını, ekspertiza xərcinin nəyə görə belə yüksək olduğunu və həmin məbləğin hamısının nəyə görə qarşı tərəf olan ASC-dən deyil, ondan tələb etdiyini, ayın 2023-cü ilin 05 yanvar tarixinə qədər həmin pulu tapmağının qeyri-mümkün olacağını ona bildirməyinə baxmayaraq Ədalət Şirinov pulu göstərilən tarixədək çatdırmasa, ekspertizanın keçirilməsinin aylarla uzadığını bir daha təkrarlamış və pulu qeyd edilən tarixdə çatdırmağı amiranə şəkildə tələb etmişdir. İddiaçı da işinin məhkəmədə uzun müddətdir davam etdiyini göz önünə gətirərək, hazırki ekspertizanın da aylarla uzadılmasından qorxduğuna görə yaxın adamlardan 1500 manat borc alaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonundakı “AF Business House”-da X5 vermişdir. Lakin, istədiyi məbləği X5 verməyinə baxmayaraq o, etibarından və ona olan inamından sui-istifadə edərək ünvan 2 ünvanlarında yerləşən obyektlərin ancaq 12 ədədini qiymətləndirməklə və bu barədə müvafiq rəy tərtib etməklə işini bitmiş hesab etmişdir. Şikayət ərizəsinin araşdırılması həvalə edilən AR, DİN-in Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı ona ünvanlanmış şikayət ərizəsindəki xüsusatlara və bununla bağlı verdiyi izahata düzgün qiymət verməmiş, Ədalət Şirinovla aralarında olan mübahisəni sonuncunun, hədə-qorxu ilə tələb etmə, ictimai mövqeyindən istifadə edərək dələduzluq əməli qiymətləndirmək əvəzinə, qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərdiyi xüsusatları mülki xarakterli mübahisə kimi qiymətləndirərək “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd edilən faktiki əsaslara görə cavabdehin hədə-qorxu və aldatma yolu ilə əsassız olaraq ondan aldığı 1.500 manat pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. Göstərilınlərə əsasən, Cavabdeh MMC-yə ödədiyi 1.500 manat pulun cavabdedən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 aprel 2023-cü il tarixdə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən sonuncu tərəfindən həyata keçirilmiş qiymətləndirmə üçün nəzərdə tutulan 1.500 manat borcun məcburi qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə "xxxx" ASC-nin ərazisində olan obyektlərin icarə haqqının çıxarılması ilə bağlı qərarın icrası Cavabdeh MMC-yə həvalə olunmuşdur. Bununla bağlı olaraq, iddiaçıların nümayəndəsi İddiaçı ilə əlaqə saxlayaraq qiymətləndirmə keçirilməli olduğunu bildirmişlər. İddiaçı isə Bakı şəhərində olduğunu və iştirak edə bilməyəcəyini, qardaşının iştirak edəcəyini bildirmişdir. Daha sonra isə o hansısa çay evində görüşüb qeyri-prosessual söhbətlər etməklə bağlı təklif versə də, bununla razılaşmamış və hər hansı qeydi ilə bağlı qanuni iş saatlarında ofisə gəlməli olduğunu bildirmişlər. İlkin iddia üzrə iddiaçı tərəfindən müəyyən edilmiş müstəqil ekspertizanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş məbləğin miqdarı heç bir normativ-hüquqi aktla tənzimlənmədiyi və bunun üçün qanunvericiliklə daha az məbləğ nəzərdə tutulmadığı üçün bu məbləğ əsassız hesab oluna bilməz. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı tərəf-İddiaçı heç bir təkid olmadan qısa zaman kəsiyində ödənişi şirkətin bank hesabına etmişdir. Valeh bəy dəfələrlə Ə.Şirinova və qiymətləndirmə ekspertizasını həyata keçirən şirkət nümayəndəsinə əlavə ödəniş verəcəyini bildirməklə öz istədiyi məbləğdə nəticə çıxarmaqlarını istəsə də, onlar qanunsuz iş görməyəcəklərini və xidmət haqqından əlavə heç bir ödənişə razı olmadıqlarını bildirdikləri üçün o, onların fəaliyyətlərindən “narazı” qalmış və xx.xx.2023-cü ildə Nəsimi RPİ-nin 22-ci PŞ-yə müraciət edib, öz şikayətini bildirmiş və o da polisin qanuni göstərişlərinə əməl edən biri olaraq şöbəyə yaxınlaşıb öz izahatını təqdim etmişdir və dolayısı ilə həm vaxt itkisi yaşamış, həm də əsassız yerə bu cür rəftara məruz qaldığı üçün mənəvi iztirab yaşamışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddia tələbinin təmin edilməsinə, ilkin iddianın rədd edilməsinə və 900 manat məbləğində ona mənəvi ziyanın kompensasiyasının ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
5. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
6. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, iddia ərizənin məzmunundan, onun məhkəmədəki izahatından və iş üzrə tədqiq olunmuş sübutlardan da görünür ki, tərəflər arasındakı mübahisənin xarakteri mülki hüquq pozuntusu (delikt) olmasına baxmayaraq, hakim həmin mübahisəni delikt kimi qymətləndirməmiş və ona zərər vurmuş şəxsin üzərinə hər hansı mülki məsuliyyət qoymamışdır. Baxmayaraq ki, iş materiallarından da görünür ki, cavabdeh tərəf heç bir məhkəmə göstərişi və qanuni tələb olmadan işə başlamadan iddiaçıdan 1500 manat tələb edərək almış, əks halda Şirvan Kommersiya Məhkəməsinin qərardadını icra etməyəcəyini və yaxud olduqca gec icra edəcəyini bildirmişdir. Qeyd edilən hallar düzgün qiymətləndirilsəydi cavabdeh yuxarıda göstərilən maddi hüquq normasının tələbinə görə təqsirli bilənərək hüquqi məsuliyyət daşımalı idi. Ancaq məhkəmə münasibəti delikt kimi qiymətləndirməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Tərələrin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin direktoru apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
12. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(121)-107/2022 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X1, X6 və X7 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" ASC-nin X10, X11 və X2 qarşı ilk iddianın rədd edilməsi, X2 artıq ödənilmiş pulun tutulması barədə qarşılıqlı iddia ərizəsinə və "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iş üzrə komission məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının aparılması Cavabdeh MMC-yə həvalə edilmişdir.
13. "xxxx" ASC-yə məxsus 05 yanvar 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, həmin tarixdə X4 tərəfindən e-2-2(121)-107/2022 nömrəli qərara əsasən İddiaçı adından 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir.
14. Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayevə Cavabdeh MMCnin direktoru Ədalət Şirinov tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubundan görünür ki, məktubda MMC-yə həvalə edilmiş ticarət obyektlərinin icarə bazar dəyərləri qeyd edilmiş, sonda isə MMC-nin xərclərinin iş üzrə iddiaçıların nümayəndəsi İddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir.
15. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Nazim Müzəffərli tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı şikayət ərizəsi ilə polis bölməsinə müraciət etmiş, lakin həmin qərar əsasında qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir.
16. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(121)-9/2023 saylı qərardadı ilə məhkəmənin icraatında olan iş üzrə icraat təzələnmiş, işə məhkəmə hazırlıq iclasında baxılması 02 iyun 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir.
17. Cavabdeh MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləti ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunverciiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazənin (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cəmiyyətin təsisçisi:X8.
18. Nizamnamənin 5-ci bəndindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətlərinə ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasının təmin edilməsi; öz səlahiyyəti daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək daxildir. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
21. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Tətbiq edilən prosessual hüquq normaları:
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
23. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
25. İddiaçının apellyaiya şikayətinin əsas dəlili odur ki, başqa məhkəmə mübahisəsində ekspertizanın keçirilmsinin cavabdehə həvalə edilməsi nəticəsində cavabdeh təşkilat ondan 1500 manat ödəniş etməsi delikt olduğu halda məhkəmə buna delikt kimi qiymət verməmişdir. Kollegiya bununla bağlı bildir ki, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı cavabdehin hərəkətlərinin qanunsuz olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də cavabdeh tərəfindən pulun iddiaçıdan hədə-qorxu ilə alınması halı sübut olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı halda iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi müəyyən edilmədiyindən, iddia tələbi müvafiq tələbin qanuni əsasının dispozitiv şərtlərinə uyğun gəlmir. Bu səbəbdən, apellasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əsasən qeyd edir ki, mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı halda İddiaçı aidiyyəti dövlət qurumlarına, o cümlədən məhkəməyə müraciəti etməsi öz-özlüyündə mənəvi zərər üçün əsas olmadığından, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
27. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin və qarşılıqlı iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh MMC tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.