Məhkəmə qərarları › İş №2(103)-6299/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6299/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6299/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə bağlanmış 100804-239710/1 nömrəli “Krediti müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.788,98 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.577,92 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bankın ödədiyi dövlət rüsumunun əvəzi olaraq 84,07 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2021 il tarixli “Krediti müqaviləsinə” əsasən, Bankdan 24 ay müddətinə, illik 16% dərəcəsi ilə 20.000 manat məbləğində kredit almışdır. Həmin müqavilə üzrə cavabdeh üzərində öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faiz borcunu 24 ay müddətində aybaay və hissə-hissə, yəni “Kredit müqaviləsinin” tərkib hissəsi hesab edilən “Ödəniş qrafikinə” əsasən Banka ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəmiş, qalan borc məbləğini qrafik üzrə ödəməmişdir. Bunun nəticəsində xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı Banka 3.788,98 manat əsas borcu və 2.577,92 manat faiz borcu olmaqla, ümumilikdə 6.366,90 manat məbləğində kredit borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəylər əsasında müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən “Kredit müqaviləsi” üzrə cavabdehin iddiaçı Banka kredit borcu qalmamış, əslində cavabdeh tərəfindən Banka əlavə olaraq 701,52 manat məbləğində artıq ödəniş edilmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia tələbini məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəylər natamam və əsassızıdır. Lakin işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın nümayəndəsinin verdiyi “dindirilməsi üçün ekspertin məhkəməyə dəvət edilməsi barədə” vəsatəti heç bir əsas olmadan təmin etməmiş və həmin natamam rəylə əsaslanaraq iddianın rədd edilməsi barədə səhv qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

7. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021 il tarixli “Krediti müqaviləsindən” və işdə olana digər sənədlərdən görünür ki, cavbadeh, həmin müqaviləyə əsasən Bankdan 24 ay müddətinə, illik 16% dərəcəsi ilə 20.000 manat məbləğində kredit almışdır. Həmin müqavilə üzrə cavabdeh üzərində öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faiz borcunu 24 ay müddətində aybaay və hissə-hissə, yəni “Kredit müqaviləsinin” tərkib hissəsi hesab edilən “Ödəniş qrafikinə” əsasən Banka ödəyəcək.

11. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdə, o cümlədən Bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda qeyd edilir ki, cavabdeh qeyd edilən müqavilə üzrə Bank üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəmiş, qalan borc məbləğini qrafik üzrə ödəməmişdir. Bunun nəticəsində xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı Banka 3.788,98 manat əsas borcu və 2.577,92 manat faiz borcu olmaqla, ümumilikdə 6.366,90 manat məbləğində kredit borcu yaranmışdır.

12. Qeyd edilən hal iddiaçı Bankın Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2023cü il tarixli “Maliyyə arayışında” da qeyd edilmişdir.

13. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək kreditin tam qaytarıldığını, cavabdehin Banka borcunun olmadığını bildirir.

14. Rayon Məhkəməsi bu halın araşdırılması məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1188 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri, tərəflər arasında bağlanmış 100804-239710/1 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixinə və eyni zamanda xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçı Banka olan borcunun tam ödənildiyi və 701,52 manat məbləğində artıq ödənişin edildiyi müəyyən edilir.

16. Həmin rəydən narazı qalmış Bankın vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3710 nömrəli ekspert rəyi alınmışdır.

17. Həmin rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdehin xx.xx.2023-cü İİ tarixə iddiaçı Banka 701,52 manat məbləğində artıq ödənişi müəyyən olunur. Bank tərəfindən təqdim edilmiş cari hesabdan çıxarış məlumatlarında göstərilmiş “cərimə borcu üzrə” silinmələr “21214” saylı hesabda öz əks tapmışdır. Həmçinin, digər hesabdan çıxarışda da gündəlik faizin hesablanması “21214” saylı və “64710” saylı hesablarda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borclan”-na, “64710” saylı hesabın isə “Fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri - milli valyutada” aid olduğu müəyyən edildi. Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən cərimənin “70110” saylı hesaba aid olduğu göstərilir. Belə olduğu halda, xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank tərəfindən cavabdehə cərimə borcu hesablanmamışdır. Bu səbəbdən də ekspert tərəfindən xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdehə cərimə borcu hesablanması, iddiaçı Bank tərəfindən aparılmış cərimə üzrə silinmələr nəzərə alınmadı.

18. Ekspertiza tərəfindən verilmiş rəyləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı Banka borcu yoxdur, buna görə də iddia əsaslı hesab edilərək, təmin edilə bilməz.

19. Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmayan iddiaçı Bank qətnamədən verdiyi apellyasiya şikayətində ekspertizanın rəylərini əsassız olduğunu bildirsə də, rəyləri şübhə altına ala biləcək hər hansı mötəbər sübutu Məhkəməyə təqdim etməmişdir.

20. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Qeyd edilən prosessual hüquq normalarının tələblərini və ekspertiza tərəfindən verilmiş rəyləri şübhə altına ala biləcək sübutların təqdim edilməməsini nəzərə alan Məhkəmə, rəyləri hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edir.

23. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddianı sübut edilməməsi əsası rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

24. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, onun icra edilməmiş öhdəliyi yoxdur. f) apellyasiya baxışının nəticəsi

25. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

28. İddiaçı Bankın apellyasiya şikayəti təmin edilmədiyindən və apellyasiya baxışının predmeti olan hissədə iddia qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar