Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6301/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6301/22 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında nikah 2010-cu ildə pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü Cənnət və xx.xx.2008-ci il təvəllüdlü Teymur adlı uşaqların analarının yanında qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 103 (yüz üç) manat olmaqla cəmi 206 (iki yüz altı) manat məbləğində aliment tutulmuşdur.
2. Cavabdeh əlilliyə görə 264.84 manat pensiya alır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5343/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment X1 xeyrinə tutulması qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən anası X6 ona qəyyum təyin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarını dəyişdirilərək, cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, heç yerdə işləmədiyindən və əlavə gəlir yeri olmadığından, uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Bu səbəbdən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3730/22 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qətnamə ilə aliment təyin edildiyi vaxtla müqayisədə cavabdehin maddi vəziyyəti yaxşılaşmamış, əksinə cavabdeh məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və əlilliyə görə 264.84 manat pensiya aldığı aşkar olmuşdur. Məhkəmə həmçinin cavabdehin əlavə gəlirinin olmamasını, ikinci nikahdan olan övladı üçün də cavabdehin 170 manat alimentin ödənilməsini nəzərə alaraq, iddiaçının alimentin artırılması tələbinə dair iddiasının təmin edilməsini qeyri-mümkün hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə uşaqların yox, cavabdehin mənafeyini üstün tutmuşdur. Cavabdeh iki uşağın saxlanması üçün yalnız mütəmadi olmayaraq 100 manat aliment ödəyir. Bu isə hazırkı mövcud vəziyyət üçün 15 və 14 yaşlarında uşaqların xərclərinin qarşılanmasına imkan vermir. Cavabdeh başqa nikahdan olan bir uşaq üçün 170 manat aliment ödəyir, lakin birinci nikahından olan övladları üçün aliment ödəmək istəmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 75. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, yaşayış minimumunun qalxması birmənalı olaraq alimentin artırılmasına əsas vermir. Ailə qanunvericiliyi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə alimentin artırılma imkanını nəzərdə tutur.
22. Baxılan iş üzrə iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilir ki, o, fəaliyyət qabiliyyətli deyil, pensiya alır, iddiaçı ilə birgə nikahdan olan uşaqlarından əlavə, başqa nikahdan olan uşağı üçün də aliment ödəyir. İddiaçının artırılmasını xahiş etdiyi aliment məbləği cavabdehin gəlirlərini üstələməklə yanaşı, qətnamənin icrası baş tutmayan məhkəmə aktına çevrilməsinə səbəb ola bilər.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.