Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6305/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılmasına» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-62/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxslər kimi cəlb olunmaqla) qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 36-cı küçədə yerləşən ünvansız fərdi yaşayış evi ilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış (tikilmiş) hündürlüyü 10 metr, eni 10 metr olan metal lövhələrdən ibarət olan mülkiyyət hüququnun pozulmasına səbəb olan maneənin (hasarın) cavabdehin vəsaiti hesabına aradan qaldırılması (sökülməsi) və dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» barədə qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun həyətinə baxan pəncərələrin hörülərək bağlanması və onun həyətinə müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, Səbail rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçı qarşı “Texniki pasportda dəyişiklik edilməklə, pəncərələrin bağlanması” barədə Bakı İnzibati Məhkəməsinə inzibati iddia ilə müraciət etmişdir. Həmin iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək, hazırki mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-62/2023 saylı qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə) “texniki pasporta dəyişiklik aparılmasının həvalə edilməsi” tələbinə dair 2-1(112)-13083/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardaddın ləğv edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə) “texniki pasporta dəyişiklik aparılmasının həvalə edilməsi” tələbinə dair iş həll edilməyincə hazırki mülki işə baxılması mümkün deyildir. Ona görə də, hazırki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarı). Hazırki mülki iş üzrə tələblərdən göründüyü kimi, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakdan sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, yəni fərdi yaşayış evinin pəncərəsinin qabağında quraşdırılmış (tikilmiş) hündürlüyü 10 metr, eni 10 metr olan metal lövhələrdən ibarət olan mülkiyyət hüququnun pozulmasına səbəb olan maneənin (hasarın) cavabdehin vəsaiti hesabına aradan qaldırılmasını (sökülməsini) tələb etmişdir. Göründüyü kimi, iddiaçının tələbi mülkiyyətin müdafiəsindən irəli gəlir (iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyetsrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxparış verilmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 140-ci maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Eyni zamanda, cavabdeh qarşılıqlı iddia verərək fərdi yaşayış evinin onun həyətinə baxan pəncərələrin hörülərək bağlanması və onun həyətinə müdaxilənin aradan qaldırılması tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Bakı İnzibatı Məhkəməsində iddiaçıya məxsus yaşayış evinə dair texniki pasporta müvafiq dəyişiklik aparılmasının inzibati orqana həvalə edilməsi barədə iddia qaldırması özü-özlüyündə hazırki mülki mübahisəyə baxılmasının ümumiyyətlə mümkün olmamasını ehtiva etmir. Eyni zamanda, cavabdeh qarşılıqlı iddiada iddiaçıya məxsus yaşayış sahəsinin müvafiq pəncərələrinin bağlanması tələbini də irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə qərardadında işlərin bir-birindən asılılığının nədən ibarət olmasını, digər iş üzrə mübahisə həll edilməyincə hazırki işə baxılmasının ümumiyyətlə mümkün olmamasını əsaslandırmamışdır. “İnsan hüquqlarının v əsasə azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırlması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılmasına» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-62/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-62/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6305/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6305/2023
10.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver