Məhkəmə qərarları › İş №2(103)-6305/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6305/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6305/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh PHŞ-yə qarşı (“TƏBİB” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İİ tip şəkərli diabet xəstəsidir.

2. İş üzrə Cavabdeh PHŞ iddiaçıya ünvanladığı məktubda göstərir ki, xx.xx.2023-cü il tarixdə müalicə həkimi Xəyalə Qarayeva tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış pulsuz resept tərəfinizdən Nərimanov rayon üzrə imtiyazlı dərman aptekindən alınmışdır. Qeyd edilir ki, imtiyazlı dərman və vasitələr üçün pulsuz reseptlər ayda 1 dəfə olmaqla yazılır və 4 nömrəli poliklinikanın tabeliyində olan imtiyazlı aptekdən təmin edilir.

3. İş üzrə keçirilmiş tibbi-ekspertizanın rəyi ilə müəyyən edilir ki, iddiaçının resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğundur. Digər tərəfdən, rəydə qeyd olunur ki, «şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna bilər və bunun üçün tələbnamənin yazılması zəruridir. İddiaçı diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilmiş, tibb müəssisəsi tərəfindən verilmədiyi üçün öz vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş zərərin ümumi məbləği 2550 manat + 2550 manat + 270 manat + 220 manat = 5590 manat təşkil edir.

4. İddiaçı vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə və X3 X6 təkliflər göndərsə də, nəticəsi olmadığından o, hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi zərərin, 7750 azn pul, ödədiyi 74 azn dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, eləcə də əlavə ödədiyi dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsəslandırılmışdır ki, İddiaçı 2006-cı il ildən Bakı şəhəri X3 Publik Hüquqi şəxsin tərkibində olan 1 №-li poliklinikada (əvvəllər 8 №-li şəhər poliklinikası) İİ tip diabetli şəkər xəstəsi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 №-li Qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən müayinələrin) həcmi inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı vasitələrin, özünənəzarət vasitələrinin siyahısı və miqdarının və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı” Qaydalarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilmişdir. Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq edilmiş Qaydalara görə İİ tip şəkər xəstələrinə 2 aya 1 qutu qanda şəkəri təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 ədəd olmaqla), sidikdə şəkəri təyin etmək üçün 3 aya 1 qutu (1 qutuda 50 ədəd olmaqla) vizual test çubuqları verilməlidir. İddiaçı bildirir ki, təkcə bir dəfə 2009-cu ilin avqust ayında ona 1 qutu, içərisində 25 ədəd olmaqla qanda şəkəri təyin etmək üçün test çubuqları verilmiş və iddiaçıya məxsus tibbi kitabçada qeydiyyat aparılmışdır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalar barədə məlumatı olmadığı üçün özünənəzarət vasitələrinin verilməsini poliklinikadan tələb etməmişdir və uzun illərdir ki, öz şəxsi vəsaiti hesabına əldə etmişdir. Hal-hazırda satış şəbəkələrində 25 ədədli test çubuqlarının 1 qutusunun qiyməti 12 manat 50 qəpikdir. 50 ədədli test çubuqların qiyməti 25 manat təşkil edir. Qaydalara görə iki aydan bir 50 ədədli 1 qutu verilməli olduğu nəzərə alınsa, il ərzində 6 qutu edir. Deməli, 6x25 manat = 150 manat, 2006-cı ildən qeydiyyatda olduğu üçün 17 ildə pulsuz verilməli olan, lakin verilmədiyi üçün öz şəxsi vəsaiti hesabına əldə etdiyi test çubuqların dəyəri 150 manat x 17 il = 2550 manat təşkil edir. Təqribən bir o qədər də sidikdə şəkərin miqdarını müəyyən edən test çubuqların qiyməti təşkil edir. Verilməyən qlukometrlərin qiyməti isə (iddiaçıda olan məlumata görə 3 ildən bir verilməlidir) 45 manat (ədədin qiyməti) x 6 = 270 manatdır. Ölkədə olan şəkərli diabet xəstələrinin qeydiyyatda olan sayına uyğun olaraq dövlət büdcə vasitələri hesabına aldığı şəkər salıcı dərman vasitələrini xəstələrə pulsuz verilməsi üçün poliklinikalara bölüşdürür. İddiaçı bildirir ki, dövlət tərəfindən ayrılmış dərman onun əmlakı hesab edildiyi üçün ona çatdırılmalı idi. Pensiyaçı olduğuna görə tibb müəssisəsinə getmədiyi hallarda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 20-ci maddəsinə əsasən dərmanlar yaşadığı ünvana göndərilməlidir. 2023-cü ilin mart ayından hal-hazırkı vaxta qədər pulsuz verilməli olan dərmanların dəyəri isə 10 (ayların sayı) x 22 manat = 220 manat təşkil edir. Deməli, pulsuz verilməsi nəzərdə tutulmuş, lakin tibb müəssisəsi tərəfindən verilmədiyi üçün öz vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş zərərin ümumi məbləği 2550 manat + 2550 manat + 270 manat + 220 manat = 5590 manat təşkil edir. Vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə və X3 X6 təkliflər göndərilsə də, onlar tərəfindən heç bir addım atılmamışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-909/24) iddia rədd edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, şəkərli diabet xəstələrinə pulsuz dərmanlar həkimin resepti əsasında müalicə müəssisəsinin müqavilə bağladığı aptek vasitəsilə verilə bilər. Cavabdeh PHŞ-nin həkimi tərəfindən iddiaçıya resept təmin olunarkən həkim səhvinə yol verməsi, dərmanlarda natamamlıq olması iş üzrə keçirilmiş ekspert rəyi ilə inkar olunur. Digər tərəfdən, hazırkı mülki işdə isə iddiaçının maddi zərərin ödənilməsini tələb etdiyi dövr ərzində müvafiq şəhər poliklinikasına müraciət etməsi faktı öz əksini tapmamış, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə X4 diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, bu günə qədər şəkərsalıcı dərman preparatları ilə həmişə təmin olunub və bununla bağlı şikayəti yoxdur. Onun şikayəti əsasən özünənəzarət vasitələri ilə, yəni qanda şəkərin səviyyəsini ölçmək üçün istifadə olunan test çubuqları ilə pulsuz təmin olunmamasındandır. O, bu günə qədər cəmi iki dəfə belə test çubuqları ilə pulsuz təmin olunub.

14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”:

1-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alınırlar. 2-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır. 3-cü bəndinə görə pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır. 4-cü bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2024-cü il tarixli, 347/KEŞ nömrəli rəyinə əsasən iddiaçıya təyin edilmiş diaqnozun düzgün olduğu, İddiaçı Cavabdeh PHŞ-nin tabeliyində olan 1 saylı poliklinikada (əvvəllər 8 saylı şəhər poliklinikası) müntəzəm olaraq imtiyazlı şəkər əleyhinə preparatlar yazıldığı, resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğun olduğu, İddiaçı düçar olduğu “Şəkərli diabet” xəstəliyin uzun sürən xroniki gedişli xəstəlik olduğu müəyyən olunmuş, həmçinin “Şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna biləcəyi və bunun üçün tələbnamənin yazılmasının zəruri olduğu vurğulanmışdır. Belə ki, müvafiq qanunvericilik normalarından da göründüyü kimi şəkərli diabet xəstələrinə pulsuz dərmanlar həkimin resepti əsasında müalicə müəssisəsinin müqavilə bağladığı aptek vasitəsilə verilə bilər. Cavabdeh PHŞ-nin həkimi tərəfindən iddiaçıya resept təmin olunarkən həkim səhvinə yol verməsi, dərmanlarda natamamlıq olması iş üzrə keçirilmiş ekspert rəyi ilə inkar olunur. Digər tərəfdən, hazırkı mülki işdə iddiaçının maddi zərərin ödənilməsini tələb etdiyi dövr ərzində müvafiq şəhər poliklinikasına müraciət etməsi faktı öz əksini tapmamış, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

23. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

26. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

28. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

29. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

30. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

5. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının pulsuz şəkərsalıcı dərman vasitələri ilə təmin olunması ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçı həmin dərman vasitələri ilə müntəzəm şəkildə təmin olunduğunu etiraf edir. İddiaçının qaldırdığı məsələ qlükometr test çubuğu ilə pulsuz təmin olunmaması barədədir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı özü bu test çubuqları ilə pulsuz təmin olunması barədə heç vaxt tibb müəssisəsinə müraciət etməmişdir. Lakin özünün də etiraf etdiyi kimi, bü günə qədər o, iki dəfə belə test çubuqları ilə pulsuz təmin olunmuşdur. İddiaçının fikrincə, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın tələblərinə əsasən o, zərurət (göstəriş) olub-olmamasından, yaxud müraciət edib-etməməsindən asılı olmayaraq həmin test çubuqları ilə müntəzəm şəkildə pulsuz təmin olunmalıdır.

6. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, adı çəkilən “Qaydalar” da belə bir məcburi təminat qaydası nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bunun üçün tibbi göstəriş olmaqla yanaşı həm də xəstənin müraciəti olmalıdır. Hazırkı halda isə iddiaçı tərəfindən belə bir müraciət olunduğu iş materiallarından və eləcə də onun özünün izahatından görünmür.

7. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar