Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-631/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin müqavilədə göstərilən sahədən əskik olması ilə baglı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair 2(001)-1949/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, 126 saylı mənzil (Yeni qaydalarla: Az 1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 79, M14, m3) üçün artıq ödənilmiş 9180 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə 10 fevral 2006cı il tarixdə 84 nömrəli müqavilə imzalayaraq, ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 148,9 kv.m. olan 126 saylı mənzil qarşılığında hər kv.m. üçün 450 ABŞ dolları olmaq şərti ilə ümumilikdə 67000 ABŞ dolları ödəmişdir. Cavabdeh MTK tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərinin surəti bunu təsdiq edir. İmzalanmış müqavilə və tam ödənişin nəticəsində ona maliyyə arayışı təqdim edilmiş və mənzil onun mülkiyyətinə verilmişdir. Müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, mənzil 26 (Yeni qaydalarla: Az 1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yüsifbəyli küçəsi, 79, M14, m3) üçün ona verilmiş 24.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 21.12.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən mənzilin ümumi sahəsi 128,5 kv.m. təşkil edir. Bununla da məlum olmuşdur ki, Cavabdeh MTK ona mənzil satarkən real sahəsindən 20,4 kv.m. artıq sahə qeyd edərək, hər kv.m. üçün 450 ABŞ dolları olmaqla ümumilikdə 9.180 ABŞ dolları həcmində artıq ödəniş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10.02.2006-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 9175 (doqquz min bir yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun əvəzi olaraq Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh iddiaçıya 148,9 kv.m olan mənzili inşa edib təhvil verməyi öhdəsinə götürmüş, həmin ölçüdə olan mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı cavabdehdən 10.02.2006-cı il tarixli müqavilə üzrə ödədiyi pulun bir hissəsini geri tələb edir, iddia müddəti ötürülmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan X1 ilə Cavabdeh MTK arasında bağlanmış 10 fevral 2006-cı il tarixli, 84 nömrəli müqaviləyə əsasən icraçı olan tikinti şirkəti tikinti işləri tam başa çatdıqdan sonra müqavilənin predmeti olan ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 148,9 kv.m. olan 126 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq hər kv.metr 450 ABŞ dolları, ümumi dəyəri 67000 ABŞ dolları məbləğində pul müqabilində inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada aralarında razılaşdırılmış şərtlər daxilində həmin mənzilin dəyərini (qiymətini) cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kasssa məxaric orderlərindən görünür ki, iddiaçı aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 67000 ABŞ dolları məbləğində pulu cavabdehə ödəmiş və bundan sonra mənzili təhvil almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 21.12.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən mənzilin ümumi sahəsi 128,5 kv.metr qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini iddiaçıya qaytarmalıdır. Belə ki, tərəflər arasında 10.02.2006-cı il tarixdə bağlanmış müqavilə podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən cavabdeh (podratçı) mənzili inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin ümumi dəyərini təşkil edən 67000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. Mənzilin 1 kv.metr sahəsinin dəyəri əsas götürülmüş və belə bir sahə üçün cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində qiymət müəyyən edilmişdir. Mənzil təhvil alındıqdan sonra həmin mənzil mülkiyyət olaraq dövlət qeydiyyatına alınan, habelə iddiaçının bu mənzilə münasibətdə mülkiyyət hüququ tanınan zaman aparılmış ölçmə nəticəsində mənzilin 128,50 kv.m. ölçüdə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 7.1-ci madddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2022-ci il tarixli ekspertiza rəyinə əsasən ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 148,9 kv.m. olan 126 saylı mənzilin eyvanları da daxil olmaqla faktiki ümumi sahəsinin 136,7 kv.m olduğunu müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmə-tikinti texniki ekspertizasının qeyd edilən rəyini mötəbər sübut qismində qəbul edərək ekspertin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən mənzilin dəyəri onun ümumi sahəsinin 148,9 kv.m. deyil, 136,7 kv.m olması əsas götürülməklə hesablanmalı idi. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə 12,2 kv.m olan artıq sahə üçün ödəniş edilmişdir. Bunun nəticəsində iddiaçıya 5490ABŞ dolları məbləğində ziyan dəymişdir. Belə olan halda cavabdeh iddiaçıya dəymiş 5490 ABŞ dolları ziyan məbləğini ödəməlidir. Apellyasiya şikayətində sadalanan hallar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh şikayətində tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini icra etdiyini qeyd etsə də, buna dair hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. İddiaçı mülkiyyətində olan mənzilə dair 21.12.2019-cu il tarixdə müvafiq çıxarışı əldə etdikdən sonra ona verilən sahə ilə müqavilədəki sahənin uyğun gəlmədiyini müəyyən etmiş, bundan sonra 04.02.2020-ci il tarixdə Cavabdeh MTK-ya mənzilin sahəsində olan fərqin izahı ilə bağlı ərizə ilə müraciət etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq kollegiya qeyd edir ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2019-cu ildə bilmiş, 13.02.2020-ci il tarixdə iddia müddətini ötürmədən məhkəməyə iddia ərizəsini təqdim etmişdir. Beləliklə, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 10.02.2006-cı il tarixli müqavilə üzrə artıq ödənilmiş 5490 (beş min dörd yüz doxsan) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MTK-dan 10.02.2006-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 5490 (beş min dörd yüz doxsan) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı Cavabdeh MTKdan, 25 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-631/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-631/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver