Məhkəmə qərarları › İş №2(103)-631/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-631/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-631/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit borcunun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5534/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11-Y-1-0-2203-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən borc verən tərəfindən borc alana 17 faizlə, 36 ay müddətinə 26000 manat kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 11-Y-1-0-2203- 21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsi üzrə banka 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə borcu olmaqla cəmi 24150,62 manat borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qeyd olunan kredit müqaviləsi üzrə 22527,20 manat əsas, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə olmaqla cəmi 24150,62 manat borc və 162.45 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5534/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia tələbinin təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 11-Y-1-0-2203-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsi üzrə 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə borcu olmaqla, cəmi 24150,62 (iyirmi dörd min yüz əlli manat 62 qəpik) manat borcun və ödənilmiş 162,45 (yüz altmış iki manat 45 qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 11-Y-1-0-2203-21 saylı müqavilə əsasında bankdan borc alması və onu vaxtında ödəməməsi, nəticədə 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə borcu olmaqla cəmi 24150,62 manat borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi təmin edilməli, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edərək şikayətində göstərir ki, onun iştirakı olmadan məhkəmə prosesi keçirilərək onun hüquqlarını məhkəmə müdafiə etmə hüququ pozulmuşdur. Nəticədə, birtərəfli qaydada məhkəmə qətnamə qəbul etmişdir. İddia ərizəsində də göstərildiyi kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən, “Yelo Bank"' ASC-dən illik 17 faizlə 36 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. Yəni, üç illik müqavilə bağlanmış və borc üzrə ödənişləri həyata keçirməyinə baxmayaraq iddiaçı müqavilənin müddəti bitmədən məhkəmə qarşısında müqavilə üzrə öhdəliyin dərhal icra edilməsini və müqavilənin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsindən də aydın görünür ki, qalıq borc xeyli miqdarda azalmış və əsas borc azalmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində bildirir ki, bank ona xəbərdarlıq məktubu göndərmədən hazırki iddianı qaldırıb. Odur ki, hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Əgər bu vəsatəti təmin edilməzsə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Belə ki, hesab edir ki, faiz və cərimə borcu düzgün hesablanmamışdır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

19. Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

20. Cavabdeh bankın ona xəbərdarlıq etmədən məhkəmədə iddia qaldırdığını göstərsə də, bu dəlillər iddianın əsassızlığını təsdiq etmir. Çünki, iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

21. Cavabdeh onun iştirakı olmadan məhkəmə iclasının keçirildiyini və buna görə də məhkəmə müdafiə hüququnun pozulduğunu göstərsə də bu dəlillər də açıq-aşkar əsassızdır. Çünki, məhkəmə iclasının yeri və vaxtı barədə ona həm məhkəmə bildirişi, həm də SMS bildiriş göndərilmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə iclaslarına dəvət olunsa da iştirak etməmişdir. Demək, cavabdeh bu dəlillərdən də sadəcə şikayət etmək xatirinə istifadə edir. Əks halda özü yaxud nümayəndəsi məhkəmə iclasında iştirak edib ən azından şikayətinin dəlillərini müdafiə edə bilərdi.

22. İddiaçı kredit müqaviləsinin müddəti bitməsədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və Mülki Məcəllənin tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, kredit müqaviləsində öhdəliyin icrası müddəti 36 ay göstərilsə də bu müddət öhdəlik pozulduqda və ya lazımınca icra edilmədikdə əhəmiyyətini itirmiş olur. Ancaq cavabdeh öhdəliyini vaxtında yerinə yetirməməklə həm müqavilənin şərtlərini, həm də Mülki Məcəllənin 427-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də kredit müqaviləsinin, yəni öhdəliyin icrası müddəti bitməsə də kreditorun müqavilədən imtina edərək onun icrasını tələb etməsi qanuni və əsaslı olmuşdur.

23. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki, tələb edilən faiz borcu və cərimə müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur.

24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5534/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5534/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar