Məhkəmə qərarları › İş №2(103)-6310/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6310/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6310/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun və hesablanmış faizin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)- 2506/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun və hesablanmış faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 30000 (otuz min) manat pulun, həmin məbləğə gecikdirilmiş vaxt üçün (gecikdirilmiş üç ay üçün) illik beş faiz hesablanmaqla 375 manat faiz pulunun, mənəvi zərərə görə 10000 (on min) manat pulun, eləcə də məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh cinayət əməli barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə 30.000 (otuz min) manat məbləğində pul vermiş və sonuncu həmin pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı şəhərinin notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli «Kredit müqaviləsi»nin 1-ci bəndindən görünür ki, borc verən tərəfındən borc alan - Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə - 30000 manat məbləğində borc pul verilmiş və Cavabdeh həmin pul məbləğini xx.xx.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, verilən borc qaytarılmadığı təqdirdə Azərbaycan Respublikasının qanununa uyğun olaraq həmin müqavilə məcburi icra etdiriləcəkdir. Göstərilən müqavilədə razılaşdırılmış xx.xx.2014-cü il tarixdən üç aylıq müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər müqavilə öhdəliyini icra etməmiş və pulu qaytarmamışdır. Ondan pulu geri qaytarmasını tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirməklə pulun qaytarılmasından boyun qaçırır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2506/2014 saylı qətnaməsi ilə (hakim Şəlalə Həsənova) iddia ərizəsi qismən təmin olunmış, cavabdehdən 30000 (otuz min) manat əsas borc, 375 (üç yüz yetmiş beş) manat faiz borcu, və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, cəmi 30395 (otuz min üç yüz doxsan beş) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsində qətnamə qəbul edilən zaman ölkə hüdudlarında olmaması, məhkəmə iclaslarında iştirakının təmin edilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh məcburiyyət qarşısında qalaraq borc müqaviləsini imzalamış, lakin bu halı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. İşdə olan xx.xx.2013-cü il tarixli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhərinin notariusu Əli A.Hüseynov tərəfindən təsdiqlənmiş kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən borc verən - İddiaçı borc alan - Cavabdeh 30000 (otuz min) manat məbləğində borc pul verir, borc alan həmin pul məbləğini xx.xx.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürür. Kredit (borc) müqaviləcindən göründüyü kimi, iddiaçının tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir (işdən görünür ki, hazırki iddia ərizəsi xx xxxxx 2014-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-nin 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə borc müqaviləsi üzrə öhdəliyinin olmaması (borcun qaytarılması və s.) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində ümumiyyətlə borcla bağlı hər hansı dəlil (etiraz) irəli sürməmiş, yalnız birinci instansiya məhkəməsində iştirak etməməsini göstərmiş, buna baxmayaraq apellyasiya icraatı zamanı da məhkəmə kollegiyasına mahiyyəti üzrə sübut, dəlil, etiraz təqdim etməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdehin məcburiyyəti qarşısında qalaraq borc müqaviləsini imzalamasını bildirmiş, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məcburiyyətin nədə ifadə olunmasını, bununla bağlı həmin dövrdə və ya ondan sonra hər hansı orqana şikayət edib-etməməməsini və s. bu kimi halları əsaslandıra bilməmişdir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 300000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr, rabitə orqanının məlumatları, akt və s.) aydın olur ki, cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. Eyni zamanda, cavabdeh yaşayış yerini dəyişməsi (əgər belə bir hal vardırsa) ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini cavabdehə təqdim olunması üçün müvafiq icra hakimiyyəti orqanına (MKİS) da göndərmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun və hesablanmış faizin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)- 2506/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)- 2506/2014 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar