Məhkəmə qərarları › İş №2(103)-6312/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6312/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6312/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli qətnamədən cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərə görə cavabdeh Şirkətdən 5.000 manat, Cavabdeh2 isə 1.039 manat, bundan başqa, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 310 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 83,50 manat məbləğində pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “Toyota Prius” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 “Yol hərəkəti qaydalarını” pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan və idarə etdiyi “Toyota RAV-4” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı iddiaçıya məxsus avtomobil zədələnmiş və istismara yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polisi tərəfindən müvafiq araşdırma aparılmış və hadisənin törədilməsində Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan avtomobil cavabdeh Şirkət tərəfindən icbari sığorta olunmuşdur. İddiaçıya dəymiş maddi zərərin məbləği 6.039 manatdır. Şirkətin məsuliyyəti 5.000 manat həddindədir. Qalan 1.039 manat isə cavabdehə aiddir. İddiaçı həmin məbləğlərin ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, onun müraciəti nəticə verməmişdir. Bu səbəbdən də iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı hüquqi yardım almış və bunun üçün 310 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 83,50 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat

3. Cavabdeh Şirkət ona münasibətdə iddianı qismən, yəni 1.600 manatın ödənilməsi hissəsində qəbul etmiş, qalan hissədə isə iddiaya etiraz etmişdir. Şirkətin mövqeyi onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şirkət tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə qiymətləndirmə həyata keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 1.600 manat vəsait tələb olunur.

4. Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında iştirak etməmiş və iddiaya yazılı münasibət bildirməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə sığorta ödənişi olaraq 5.000 manat cavabdeh Şirkətdən, maddi zərərin qalan hissəsinin, yəni 579 manatın Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə cavabdeh Şirkətdən 69,30 manat, Cavabdeh2 isə 7,70 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsini; iddianın qalan hissəsinin təmin edilməməsini; iş üzrə keçirilmiş ekspertizanın xərcinin (50 manat) ödənilməsi məqsədi ilə cavabdeh Şirkətdən 45 manat, Cavabdeh2 isə 5 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Sığorta Şirkəti iddiaçıya 5.000 manat həddində deyil, bundan 1.600 manat məbləğində sığorta ödənişi etməyə hazır olduğunu bildirmiş, bununla da maddi hüquq normasının tələblərinin pozulmasına yol vermişdir. Sığorta şirkəti iddiaçı qarşısında 5.000 manat məbləğində məsuliyyət daşıyır. Vurulmuş zərərin qalan hissəsi isə yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmiş şəxs - Cavabdeh2 tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydən görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün həyata keçirilməli olan təmir-bərpa xərci (avtomobilin ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə) 5.579 manat təşkil edir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən, yəni 1.600 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş rəy mötəbər sübut kimi qəbul edilə bilməz, çünki ekspert tərəfindən rəy verilən zaman Sığorta Şirkəti tərəfindən təqdim olunmuş və fiziki şəxs X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" münasibət bildirilməmişdir. Hal bu ki, həmin “Qüsur aktında” qeyd edilmişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 1.600 manat xərc çəkilməlidir. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə rəy verərkən "xxxx" MMC tərəfindən verilmiş "xxxx" əsaslanmışdır. Amma nə ekspert, nə də ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışlar ki, həmin MMC qanunvericiliklə nəzərdə tutulmuş qaydada müstəqil ekspertlərin reyestrinə daxil edilməmişdir və buna görə də sığorta sahəsində səlahiyyətli qiymətləndirici kimi çıxış edə bilməz. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdeh Şirkətin nümayəndəsi və Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişlər.

10. Cavabdeh2 bunu səbəbləri barədə Məhkəməyə məlumat verməmiş, cavabdeh Şirkət isə ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. İddianın bir qisminin ona qarşı təmin edilməsinə baxmayaraq, Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verməmişdir.

15. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Şirkət isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən müəyyən edilir ki, Şirkət qətnaməni yalnız ondan tutulan pulun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir.

16. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən edilir ki, “Toyota RAV4 Hibrid” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur və iddiaçı cavabdeh Şirkət ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi bağlayaraq avtomobili sığortalanmışdır.

20. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə, yəni xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, Cavabdeh2 “Yol hərəkəti qaydalarını” pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan və idarə etdiyi həmin avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı iddiaçıya məxsus avtomobil zədələnmiş və istismara yararsız vəziyyətə düşmüşdür.

21. Yol-nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polisi tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aparılmış araşdırmanın nəticəsi ilə hadisənin törədilməsində Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir.

22. İddiaçıya məxsus avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Toyota RAV-4” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 6.039 manat xərc çəkilməlidir. Bununla bağlı həmin MMC tərəfindən xx.xx.2023-cü il tarixli “Qüsur aktı” verilmişdir.

23. İş materiallarından həmçinin görünür ki, iddiaçı, ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir.

24. Sığorta Şirkəti iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün avtomobillərin təmiri ilə məşğul olan fiziki şəxs X3 müraciət etmiş və sonuncu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Qüsur aktında” qeyd edilmişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 1.600 manat xərc çəkilməlidir.

25. Baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya sığorta ödənişi edilməli olması ilə bağlı iddiaçı ilə cavabdeh Şirkət arasında mübahisə yoxdur. Mübahisə iddiaçının vurulmuş ziyanın və ödənilməli olan sığorta ödənişinin həcmi ilə bağlıdır (apellyasiya baxışının predmeti).

26. İddiaçı, "xxxx" MMC tərəfindən verilmiş "xxxx" istinad edərək bildirir ki, ona dəymiş maddi zərər 6.039 manat məbləğindədir. Cavabdeh Sığorta Şirkəti isə fiziki şəxs X4 tərəfindən verilmiş "xxxx" istinad edərək bildirir ki, iddiaçıya dəymiş maddi zərər 1.600 manat məbləğindədir.

27. Şirkətin apellyasiya şikayəti də, fiziki şəxs X4 tərəfindən verilmiş "xxxx" əsaslanır.

28. Məhkəmə ilk növbədə cavabdeh Şirkətin iddiaya qarşı verdiyi etirazında və apellyasiya şikayətində ifadə olunmuş bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır (maddə 16.2.). Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər (maddə 16.4.).

29. Məhkəmə bildirir ki, sığorta münasibətlərinə aid qanunvericilik normalarında sığortalı tərəfindən həmin ekspertizanın nəticəsinə etirazın daxil olmaması və ya müstəqil ekspertizanın həyata keçirilməsi ilə bağlı müraciət olunmaması hallarında sığorta ödənişinin məbləğinin gələcəkdə mübahisələndirilməsi hüququnu istisna edən hər hansı imperativ norma nəzərdə tutulmamışdır.

30. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. İş üzrə tərəflərin istinad etdikləri “Qüsur aktlarına” iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı qeyd edilmiş (zərərin məbləği barədə) məlumatlarda kəskin fər var. İşə baxmış Rayon Məhkəməsi bunu nəzərə almış və iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə müvafiq ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/9877 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatını aparmış ekspert iddiaçıya məxsus avtomobilin ehtiyat hissələrinə köhnəlmə faizini nəzərə almaqla belə nəticəyə gəlmişdir ki, həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün həyata keçirilməli olan təmir-bərpa xərci 5.579 manat təşkil edir.

33. Məhkəmə bildirir ki, istər iddiaçının, istər isə cavabdeh Şirkətin istinad etdikləri “Qüsur aktları” zəruri biliyə malik olan mütəxəssislər tərəfindən, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy isə xüsusi biliyə məxsus ekspert tərəfindən verilmişdir. Buna görə də, qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi məhz ekspert tərəfindən verilmiş rəyi əsas götürərməkdə haqlı olmuşdur. Cavabdeh Şirkətin iddiaya qarşı verdiyi etirazında və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri əsassızdır.

34. Baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya sığorta ödənişi edilməli olması ilə bağlı iddiaçı ilə cavabdeh Şirkət arasında mübahisə olmadığından və həmin məsələ hazırkı apellyasiya baxışının predmetini təşkil etmədiyindən Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 926.2-ci maddələrinin, “İcbari sığortalar haqqında” Qanununun 6.1, 6.2, 18.1, 21.1.3, 52.1, 53.1, 53.4 və 56.1.2-ci maddələri baxımından qətnamənin əsaslığını yoxlamır. h) apellyasiya baxışının nəticəsi

35. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

39. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Şirkət iş üzrə Rayon Məhkəməsinin qətnaməsində verdiyi apellyasiya şikayətində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün 1.600 manat məbləğində pulun iddiaçıya ödənilməsinə razı olduğunu bildirdi üçün Şirkət hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. İş üzrə iddiaçı da hazırkı qətnamədən MPM-in tələbinə görə kassasiya şikayəti verə bilməz.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar