Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6314/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-746/2020 saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əli ̇İsgəndər oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində maddi ziyan və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 3147, mənzil 38 iddiaçının mülkiyyətindədir. İş üzrə cavabdeh onun qonşusudur və iddiaçının mənzilinin üst mərtəbəsində yerləşən mənzildə yaşayır. Cavabdeh dəfələrlə iddiaçının mənzilinə su axıtmaqla onun əmlakına maddi ziyan vurmuşdur. İddiaçı su axıdılması ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, o, buna əhəmiyyət verməmiş və su axıntısının qarşısını almaq üçün müvafiq tədbirlər görməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh iddiaçının mənzilinə su axıtmış, bununla da mətbəx, mənzilin dəhlizi, divarlara vurulmuş divar kağızlarına, tavana vurulmuş boya qatına və hamam otağına zərər vurulmuşdur. İddiaçı bu məsələ ilə bağlı Yasamal rayonu 32 saylı MKİS-sə müraciət etmişdir. Müraciəti əsasında Yasamal rayonu 32 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Akta əsasən cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdılması öz təsdiqini tapmışdır və maddi ziyanın vurulması aktlarda qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-746/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 792 (yeddi yüz doxsan iki) manat məbləğində maddi zərər, 9,60 (doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu və 0,32 (otuz iki qəpik) manat məbləğində bank xidmət haqqı tutuluraq İddiaçı ödənilməsi, 100 (bir yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 32 (otuz iki) manat hissəsi Cavabdeh, 68 (altmış səkkiz) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarına əhəmiyyət verməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün kifayət qədər araşdırma aparmamış, əldə edilmiş “yarı-yarımçıq” sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı bildirmişdir ki, yaşadığı 41 saylı mənzildən onun mənzilinə su axması nəticəsində ona 2.500 manat məbləğində ziyan vurmuşam. İddiaçı ilə 30 ildən artıqdır ki, qonşudur. Əvvəllər münasibətləri normal olmuşdur. İddiaçı hazırda mənzilində tək yaşayır. Onun mənzili təmirsizdir və mənzil ona sovet dövründə verilərkən son dəfə təmirli olmuşdur. İddiaçı sonradan mənzilində təmir işləri aparmamışdır. O, 3 il bundan əvvəl mənzilini tam təmir etmiş, bütün su borularını, o cümlədən mətbəxdə, əl-üz yuyanda, sanitar qovşaqda olan bütün boruları yenisi ilə əvəz etmiş, mənzilindən onun mənzilinə su axmır. İddiaçının şikayətindən sonra usta çağırıb mənzilinin və sanitar qovşağın borularını yoxlatmış, su sızıntısı olub-olmamasını araşdırmışam. Mənzilindən onun mənzilinə su axıntısı müəyyən olunmamışdır. Bu barədə iddiaçı qonşusuna dəfələrlə bildirmişdir. Lakin, o, iddiasından əl çəkmir və ondan pul tələb edir. Tələb etdiyi 2.500 manat məbləğin necə yarandığını, hansı xərclər əsasında əmələ gəldiyini isə izah edə bilmir. Buna görə də iddiaçının tələbi ilə razı deyil. Onu da bildirir ki, iddiaçı qonşu özünü normal aparmır və qəribə, qeyri-adi əməlləri ilə qonşuları narahat edir. Onun təqribən 65 yaşı vardır və yaşına uyğun olmayan hərəkətlər edir. İddiaçı axşam vaxtı qonşular yatandan sonra musiqinin səsini artırır və hamını yuxudan oyadır. Fit çalır və bərkdən danışır. Ondan sakitliyə əməl etməsini və sakinləri narahat edən əməllərə yol verməməyi xahiş etdikdə ağır sözlərlə cavab verir, kobudluq edir və qeyri-adi hərəkətlərə yol verir. İddiaçının ona qarşı qaldırdığı iddia da onun bu qəbildən olan qeyriadi hərəkətlərindən biridir. O, ona dəfələrlə bildirmişdir ki, usta gətirib sanitar qovşağa və su axıdılan yerlərə baxış keçirsinlər. Əgər mənzilindən su sızıntısı varsa, mən sızıntı nəticəsində onun mənzilində əmələ gəlmiş yararsızlığı təmir etdirəcəkdir. Lakin iddiaçı bununla kifayətlənmir, kiçik bir narazılığa görə məhkəməyə müraciət edir və heç bir əsas olmadan 2.500 manat pul istəyir. Halbuki, əgər mənzilindən su sızıntısı olsa belə, təmir çox cüzi məbləğə başa gələcəkdir. Düşünür, iddiaçı özünü çox ağıllı hesab edib onun hesabına pul qazanmaq istəyir. Buna görə də onun iddia tələbi əsassızdır. İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə onun mənzilinə su axıtmağı nəticəsində mətbəx, mənzilin dəhlizi, divarlara vurulmuş divar kağızları, tavana vurulmuş boya qatına və hamam otağına zərər vurmuşdur. 32 saylı MKİS-nin aktına görə xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçının mənzilinə su axıntısına rast gəlinməmişdir, lakin əvvəllər su axıntısı zamanı mətbəx və hamam otağının tavan hissəsinə zərər vurulduğu müəyyən edilmişdir. Ekspert rəyində göstərmişdir ki, 38 saylı mənzilin tavan və divarındakı su sızma ləkələrinə və MKİS-in aktına əsasən, su sızması müəyyən olunmuşdur. Lakin 38 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzil bağlı olduğundan mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən 38 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı mənzilinin ayrı-ayrı hissələrinə su axıdılması nəticəsində zərər vurulduğunu iddia etsə də, MKİS-nin aktında başqa hissə (mətbəx və hamam otağının tavan hissəsi) qeyd olunmuş, ekspert isə akta istinad etsə də, mənzilin tavan və divarındakı su sızma ləkələrini qeyd etmişdir. Yəni mənzilin hansı hissəsinə konkret ziyan vurulması aydın deyildir. Digər tərəfdən ekspert qeyd etmişdir ki, mənzilinin qapısı bağlı olduğundan mənzilimə baxış keçirilməsi mümkün olmamış və 38 saylı mənzilə dəymiş ziyanı texniki səbəbdən müəyyən edə bilməmişdir. Belə olan təqdirdə, mənzilimdən 38 saylı mənzilə su axıdılması sübut olunmur. Lakin buna baxmayaraq, hakim mənzilindən su axıdılması qənaətinə gəlmişdir. Ekspert gələrkən nə məhkəmədən, nə iddiaçı və nə də ki ekspert tərəfindən ona bu barədə məlumat verilməmişdir. Bir daha bildirir ki, mənzilini 3 il bundan əvvəl təmir etmiş və bütün sanitar qovşağını tam təmir etdirmişdir. Mənzilindən iddiaçının mənzilinə su axmır. Bu səbəbdən iş üzrə təkrar ekspertiza təyin olunmalı və keçirilməlidir. O, ekspertizanın keçirilməsinə bütün şəraiti yaradacaqdır. Digər tərəfdən ekspert vurulmuş ziyanın texniki səbəbini müəyyən etmədən mənzilin təmir bərpası üçün cəmi 792 manat məbləğində pul müəyyən etmişdir ki, onun da 642 manatını əmək haqqı təşkil edir. Bu məbləğ isə ağlabatan məbləğ deyildir və mövcud bazar qiymətlərinə uyğun gəlmir. Mən ekspert və ya məhkəmənin təyin etdiyi mütəxəssis tərəfindən mənzilinə, sanitar qovşağa baxış keçirilməsinə etiraz etmir. Ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilərkən o, da baxışda iştirak etmək istəyir. Əgər iddiaçının sanitar qovşağına mənzilindən su sızıntısı olarsa, o, mənzilindən axıdılmış sızıntı ilə əlaqədar təmir işlərini görməyə hazırdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-746/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd olunan mülkiyyət (Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 3147, mənzil 38) onun mülkiyyətindədir. Cavabdeh qonşudur və mənzilinin üst mərtəbəsində yaşayır. Ona su axıdılması lə əlaqədar dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh buna əhəmiyyət verməmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh yenə də evinə su axıtmış, bununla da mətbəx, mənzilin dəhlizi, divarlara vurulmuş divar kağızlarına, tavana vurulmuş boya qatına və hamam otağına zərər vurulmuşdur. O, bu məsələ ilə bağlı 32 saylı MKİSnin rəisinə müraciət etmişdir. Müraciəti əsasında Yasamal rayon 32 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilərək akt tərtib olunmuşdur. Akta əsasən, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdılması öz təsdiqini tapmışdır və maddi ziyanın vurulması aktda qeyd olunmuşdur. Məhkəmə iclasında iddia tələbini müdafiə edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 2664 saylı rəyi ilə razı olmadığımı və bu səbəbdən də iddianın tam təmin edilməsi tarədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Belə ki, ekspertiza xərcin çox hissəsinin - 68 manatın ona, 32 manatın isə cavabdehə və köçürdüyü 30 manat dövlət rüsumunun az hissəsinin - 9,60 manatın cavabdehin üzərinə qoyulması hissələri ilə də razı deyil. Belə ki, iddia əsaslı olduğundan və bu hal məhkəmə qətnaməsi ilə təsdiq olunduğundan dövlət rüsumu və ekspertiza xərci ona aid edilməməlidir. Həmin xərclər cavabdehin üzərinə yazılmalıdır. Eləcə də hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2664 saylı ekspert rəyi vurulmuş faktiki zərərin dairəsini tam qiymətləndirməmişdir. Belə ki, bir otağın kağız aboyun aşağı qiyməti 200 manat təşkil edir. Ekspert isə mənzilə sərf olunacaq materialların cəmi dəyərini 150 manat yazmışdır. Ekspert tikinti materiallarının axtarılıb tapıb gətirilməsi ilə bağlı nəqliyyat xərcini, divar kağızların divara vurulması üçün həmin divarın hazırlanması qiymətini, divar kağız kleyin qiymətini və sairəni hesablamada nəzərə almamışdır. Bu əsaslara görə də təkrar ekspertiza təyin olunması məqsədə uyğundur. Buna görə onun iddiası tam təmin olunmalıdır. 2-3cü dəfərdir ki, üstünə mənzildən su axıdılır. Həmin dəymiş zərəri də hesablayanda vurulmuş zərər daha böyük məbləğ təşkil edir. Sadəcə o, qonşuluğu nəzərə alıb, vurulmuş zərəri 2.500 (iki min beş yüz) manat yazıb göstərmişdir. Həmin vaxt mənzilin təmirinə təxminən 2.500 manata yaxın bir vəsaıt xərcləmişdi. Həmin zərəri hazırki zərərlə əhatə etməklə o, aşağı həddə pul tələbi iddia etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda hər iki tərəf apellyasiya şikayəti verdiklərindən, apellyasiya baxışının hədləri qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 3147, mənzil 38 İddiaçı Əli ̇İsgəndər oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarından xx xxxxxxxx 2019-cu il tarixli aktdan müəyyən olunur ki, Yasamal rayonu 32 saylı MKİS-nin əməkdaşları tərəfindən İddiaçı Əli ̇İsgəndər oğlunun şikayət ərizəsi əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 3147, mənzil 38 baxış keçirilmişdir. Baxış zamanı su axıntısına rast gəlinməmiş, lakin əvvəllər su axıntısı zamanı mətbəx və hamam otağının tavan hissəsinə zərərin vurulduğu müəyyən edilmişdir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2664 saylı ekspert rəyindən də görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 3147 saylı evin 38 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 32 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 3147 saylı evin 38 saylı mənzilin su sızması müəyyən olunmuşdur. Lakin 38 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 38 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 3147 saylı evin 38 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 792 manat məbləğində, o cümlədən 642 manat əmək haqqının və 150 manat bu işlərə sərf olunan tikinti materiallarının dəyəri müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi əsasında mənzilə vurulmuş zərərin həcmini 792 manat müəyyən etməklə, iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyator olan cavabdehin onun mənzilinə ekspert tərəfindən baxış keçirilməməsi və yenidən baxış keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli reyestrlə tərəflərə ekspert tərəfindən xx xxxx 2020ci il tarixdə saat 14-30-da baxış keçirilməsi ilə bağlı məktub göndərilmiş, tərəflər baxışın keçirilməsindən məlumatlı olmuşlar. Ekspert tərəfindən xx xxxx 2020-ci il tarixdə cavabdehin mənzilinin qapısı bağlı olduğunldan, onun mənzilinə baxışın keçirilməsi mümkün olmamışdır. Kollegiya həmçinin apellyator olan cavabdeh və iddiaçının ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, ekspertin rəyi kifayət qədər əsaslandırılmış olmaqla, həmin rəyi şübhə altına ala biləcək hər hansı sübukt təqdim olunmamışdır. Bundvan əlavə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Prosessual Qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə xərclərinin tərkibi hissəsi olan dövlət rüsumu və ekspertiza xərcini təmin edilmiş tələbə münasib olaraq həll etmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin kollegiya qeyd edir ki, Prosessual Qununvericiliyin tələblərinə düzgün riayyət edilməklə, birinci instansiya məhkəməsi dövlət rüsumu və ekspertiza xərcini düzgün həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və İddiaçı tərəfindən verilmişapellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6314/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6314/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver