Məhkəmə qərarları › İş №2(103)-6314/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6314/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6314/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzrə 8482,27 manat əsas borc, 406,35 manat faiz borcu və 63,28 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8951,9 manat məbləğində borcun və 109,52 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 17 faizlə 36 ay müddətinə 16000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il fevralın 9-dək cavabdehin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8482,27 manat əsas borc, 406,35 manat faiz borcu və 126,56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9015,18 manat borcu vardır. Cavabdehin xx.xx.2022- ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 126,56 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, 63,28 manat məbləğində tələb olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyevə) iddia qismən təmin edilmiş, 8099,73 manat əsas, 68,85 manat faiz, 40 manat cərimə borcu olmaqla, cəmi 8208,58 manat borc məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109,52 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəfləri iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, cavabdeh kredit borcunu tam ödəmiş, onun banka hər hansı borcu qalmamışdır. Bu səbəbdən də iddiadan imtina barədə yazılı ərizənin təqdim olunması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 12 dekabr 2024-cü il tarixdə bankın X7 vəzifələrini icra edən (sədrin müavini) X3 elektron kabinet vasitəsilə iddia tələbindən tam imtina edilməsi barədə yazılı ərizə təqdim etmiş, ərizədə hazırkı mübahisə üzrə Bankla Cavabdeh arasında mübahisənin məhkəmədən kənar qaydada həll edildiyi, cavabdeh tərəfindən banka olan borc məbləğinin ödənildiyi, bu səbəbdən iş üzrə iddiadan imtina etdiklərini, imtinanın nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim edilən ərizədə əks olunmuş, ərizə hüquqi şəxsin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuşdur. İddiadan imtina qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. MPM-in 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. İşdən görünür ki, məhkəmə xərcləri iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərcindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia verildikdən sonra iddia tələbləri cavabdeh tərəfdən könüllü surətdə təmin olunduğundan, iddiaçı tələbindən imtina etmişdir. Bu səbəbdən də birinci instansiyası məhkəməsində icraat zamanı yaranmış 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) cavabdehə aid edilməli, sonuncudan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Lakin, iddiaçı iddiadan imtina edərkən özünün çəkdiyi xərclərin cavabdehdən alınmasını xahiş etməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülk işin icraatına iddiaçı tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onun özünə aid edilsin. Birinci instansiyası məhkəməsində icraat zamanı ekspertiza tədqiqatı ilə bağlı yaranmış məhkəmə xərci Cavabdeh aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar