Məhkəmə qərarları › İş №2(103)-6319/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6319/2022

17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6319/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu, ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi, sübutetmə, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh qanuni təmsilçisi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ailə başçısının ölümü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 17 noyabr 2022-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X3 14 noyabr 2017-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, nikahdan sonra arvada “Mirzəyeva” soyadı verilmiş, nikahlarından xx.xx.2018-ci il tarixdə Toğrul adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. X7 xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə elektrik cərayanının təsirindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.

3. Hüseyn Mirzəyevin ölümü ilə bağlı başlanmış cinayət işi üzrə Cavabdeh MMC-də usta vəzifəsində işləyən Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Şahid1 əməlində cinayət tərkibi olmadığına görə, ona həmin maddə üzrə bəraət verilməsi qərara alınmışdır.

4. Həmin hökmdə vurğulanmışdır ki, Şahid1 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiya hissəsinin elementi kimi cinayətin subyekti vəzifəli şəxsdir, yəni həmin cinayət vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə törədilə bilər. Verilmiş ittihamda təqsirləndirilən şəxsin işə yanaşmasındakı vicdansız və ya laqeyd münasibətin isə nədə ifadə olunması dəqiq qeyd edilməmişdir.

5. Hökmdə həmçinin göstərilmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən “Qurman” restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsi, yəni gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Hüseyn Mirzəyevin elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuş hadisədə təqsiri olan şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyati materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

7. Sözügedən hökmdən aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti xx.xx.2021-ci il tarixdə Səbail rayon prokurorluğuna aşağıdakı məzmunda **********1 saylı məktub ünvanlamışdır: "xxxx" MMC-nin işçisi X4 03 iyul 2021-ci ildə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən “Qurman” restoranının dam örtüyünün yaxınlığından keçən elektrik cərəyanı xəttinə dəyməsi nəticəsində hadisə yerində ölməsi faktı ilə bağlı X11 Xidmətində araşdırma aparılmış, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda H.Mirzəyevin xx.xx.2020-ci il tarixdə fəhlə peşəsinə işə qəbul edildiyi, müəssisədə 5 günlük iş rejiminin olduğu, xx.xx.2021-ci il il tarixdə, həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və əmr verilmədiyi, H.Mirzəyevin hadisə yerinə hansı səbəbdən getdiyi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmadığı, nə “Qurman” restoranı ilə, nə də restoranın ərazisində olan 6000 kV-luq elektrik xəttinin və optik kabelin cəmiyyətlə heç bir əlaqəsinin olmadığı göstərilmişdir. Cəmiyyətin icraçı direktoru Elnur Süleymanlı ilə telefon əlaqəsi saxlanılmış və hadisə şahidlərinin izahat verməsi üçün X11 Xidmətinə göndərilməsi xahiş edilmiş, lakin həmin şəxslərin göndərilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən H.Mirzəyevin ölümü ilə nəticələnmiş halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. Prokurorluq tərəfindən aparılan araşdırma zamanı H.Mirzəyevin ölümünün əmək fəaliyyəti və cəmiyyətin mənafeyi ilə bağlı iş görərkən olduğu müəyyən edildiyi halda müvafiq sənədlər əlavə edilməklə məlumat verilməsi, o cümlədən əmək qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsinin pozulması aşkar olunduğu təqdirdə qəbul edilmiş müvafiq qərarın X11 Xidmətinə göndərilməsi xahiş olunur”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzi qismində birdəfəlik 50 000 manatın, həmçinin mərhumun sığorta pulunun və 12 iyul 2018-ci il təvəllüdlü övladı X5 18 yaşı tamam olanadək, yəni 12 iyul 2036-cı ilədək hər ay 400 manatın MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı X7 03 iyul 2021ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmiş, bədbəxt hadisə isə mərhumun işlədiyi Cavabdeh MMC-nin təqsiri üzündən baş vermişdir. Belə ki, mərhum həyat yoldaşı təxminən 4-5 il cavabdeh şirkətdə metlax ustası vəzifəsində işləmiş, gündəlik 25 manat (aylıq 700-800 manat) məvacib alaraq ailəsini saxlamışdır. Hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə cavabdeh şirkətin qarşısında yerləşən və Cavabdeh MMC-nin rəhbərliyinə məxsus olan “Qurman” restoranında işıqlar sönmüş, cavabdeh şirkətin rəhbərliyi mərhum həyat yoldaşından restoranın işıqlarını bərpa etməyi xahiş etmiş, Hüseyn Mirzəyev həmin işi görməyə çalışarkən elektrik vurması nəticəsində ölmüşdür. Halbuki, mərhum Hüseyn Mirzəyev mantyor olmamışdır. Mərhum həyat yoldaşı cavabdeh şirkət tərəfindən sığorta edilmiş olsa da, ailə başçısını itirdiyinə görə ona heç bir maddi yardım göstərilməmiş və sığorta pulu ödənilməmişdir. Həyat yoldaşı ilə rəsmi nikahlarından 12 iyul 2018-ci il təvəllüdlü bir övladları vardır. Hazırda ailələri cavabdehin təqsiri üzündən başsız qalmışdır.

10. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum Hüseyn Mirzəyevin ölümü ilə bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmış, Cavabdeh MMC-də usta vəzifəsində çalışan Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan olunmuş, daha sonra ittiham aktı tərtib edilərək Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi tərəfindən Şahid1 barəsində xx.xx.2022-ci il tarixli bəraət hökmü çıxarılmış, həmin hökmdə baş vermiş hadisədə Cavabdeh MMC-nin hər hansı təqsirinin olmadığı tam sübuta yetirilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də "xxxx" vəzifəsində çalışır, onlar MMC-də üzlük daşların və tamet döşəmələrin hazırlanması ilə məşğul olmuşlar. MMC-də işlərin bölgüsü hər gün səhər işə gələrkən direktor Elnur Süleymanlı tərəfindən həyata keçirilmiş, direktor onlara gündəlik olaraq nə işlər görəcəklərini göstərmişdir. Müəssisədə 5 günlük iş rejimi mövcuddur, hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə həftənin 6-cı günü olmuş, buna görə də MMC-də iş günü olmamış, müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. İş günü olmayan zamanlarda onlar bekar vaxtlarında MMC-yə gəlib oturub çay içib söhbətləşmişlər. Həmin gün o, Ramiz və Hüseynlə birlikdə MMC-yə gəlmişdir ki, birlikdə oğlunun hərbi xidmətdən tərxis olunmasını qeyd etsinlər. Onlar orada olan zaman İham Muradov MMC-yə gəlib-getmişdir. 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində, işlədiyi MMC-nin ön hissəsində yerləşən və fəaliyyət göstərən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola optik kabel xətti sallanmış vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən təxminən bir saat əvvəl İlham müəllim istifadəsində olan mobil telefondan onun nömrəsinə zəng edərək sallanmış vəziyyətdə olan həmin kabelin bir qədər hündürlüyə qaldırılaraq möhkəm bağlanmasını xahiş etmişdir. Bundan sonra, onlar qeyd olunan kabeli hündürlüyə qaldırıb bağlamağa başlayanda o, restoranın qarşısında dayanmışdır. Daha sonra məlum hadisə baş vermişdir. Hadisə baş verən ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada onların heç birinə həvalə edilməmiş, işlərin görülməsinin onların işinə heç bir aidiyyəti olmamışdır. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “o, 2019-cu ilin son ayından hazırkı vaxta kimi ünvan 3 ünvanda yerləşən və hazırda da fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləmiş, rəhbərlik etdiyi MMC əsasən döşəmə daşları olan tamet, isti ağlay, divar üzlüklərinin istehsalı və sair ilə məşğul olmuşdur. Hadisə baş verən ərəfədə və hal-hazırda rəsmi sənədlərdə MMC-nin təsisçisi X6 olmuşdur. X17 Muradovun həyat yoldaşıdır. İlham Muradov həmin müəssisənin təsisçisi və yaxud hər hansı vəzifəli şəxsi deyildir. Əmək kollektivində onunla birlikdə mühasib Asif Məmmədov, usta Şahid1, mərhum fəhlə Hüseyn Mirzəyev və Şahid2 işləmişdir. MMC-də iş vaxtı 1-5-ci günlər, səhər saat 09:00-dan axşam saat 18:00-dək müəyyənləşdirilmişdir. Hüseyn Mirzəyev Cavabdeh MMC-də 16 iyul 2020-ci il tarixdə fəhlə kimi işə qəbul olunmuş və fəhlə kimi də işləməkdə davam etmişdir. Müəssisədə beş günlük is rejimi mövcuddur, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə həftənin 6- cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. O, 02 iyul 2021-ci il tarixdə işdən sonra Şəki rayonuna getmiş, səhəri gün, yəni 03 iyul 2021-ci il tarixdə saat təxminən 16 radələrində işdən zəng edib bildirmişlər ki, MMC-də fəhlə işləyən Hüseyn MMC-nin ön hissəsində yerləşən və fəaliyyət göstərən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola sallanmış optik kabel xəttini bağlamaq istəyərkən restoranın dam örtüyünün yaxınlığından keçən 6 Kv-luq elektrik cərəyanı onu vurmuş və nəticədə Hüseyn ölmüşdür. O dərhal Şəki rayondan Bakı şəhərinə qayıtmış, səhəri gün Hüseynin dəfnində iştirak etmək üçün doğulduğu Cəlilabad rayonuna getmişdir. Hüseyn Mirzəyevin MMC-də əsas işi yük daşıma, yük boşaltmaq, materialların hazırlanmasına köməklik etmək olmuşdur. Hüseynin hadisə baş verən günü işə gəlməsi barədə onun heç bir məlumatı olmamış, “Qurman" restoranının yerləşdiyi ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada həmin əməkdaşların heç birinə həvalə edilməmişdir. Bu barədə heç kimə hər hansı bir formada tapşırıq verməmiş, həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmamışdır. Hüseyn Mirzəyevin hadisə yerinə hansı səbəblə getməsi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmamış, eləcə də Hüseyn Mirzəyevin ölümü cəmiyyətin hər hansı işinin icrası ilə bağlı olmamışdır. Şahid1 cəmiyyətdə Hüseyn kimi fəhlə işləyir və elektrikə baxan işçi deyil. Şahid1 Hüseyn Mirzəyevə tapşırıq verməyə səlahiyyəti olmamışdır. Kabeldə nasazlıq olduqda onu mühəndis düzəltməlidir” Şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-nin bugunkü gündə ona heç bir aidiyyəti yoxdur. MMC-nin təsisçisi həyat yoldaşı X1r. Bundan başqa, şirkətlə bağlı onun heç bir məlumatı yoxdur. O, 2011-ci ildə həmin MMC-ni təsis etmiş, bundan bir neçə il sonra MMC həyat yoldaşının adına sənədləşdirilmiş və həyat yoldaşı təsisçi olmuşdur. 03 iyul 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən “Qurman” restoranının qarşısından keçərkən restorana bitişik divar ilə aşağı istiqamətdə sallanmış olan optik kabelin bir qədər hündürlüyə qaldırılaraq bərkidilməsi məqsədi ilə əvvəllər tanıdığı Cavabdeh MMC-də usta işləyən Teymur adlı şəxsə mobil telefonu ilə zəng edərək kabelə baxılmasına, əgər aradan qaldırılmalıdırsa bunu etməsini bildirmişdir. Bundan sonra həmin ərazidən çıxıb getmişdir. Bir neçə saat sonra Teymur ona telefonla zəng edərək həmin sallanmış optik kabeli bərkitmək istədikləri vaxt özü ilə birlikdə sexdə fəhlə işləyən Hüseyn adlı işçini elektrik cərəyanı vurduğunu demişdir. Dərhal həmin ünvana gəlmiş və həqiqətən də Cavabdeh MMC-də fəhlə işləyən Hüseyn Mirzəyevin elektrik cərəyanı vurmasından öldüyünü görmüşdür. “Qurman” restoranının isə ona heç bir aidiyyəti yoxdur. Kabelin sallandığını görəndə bir vətəndaş kimi orada oynayan uşaqlara maneçilik yaratmaması üçün Teymura bununla bağlı müraciət etmişdir. O yalnız Teymura həmin kabelə baxılmasını bildirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Teymura “Qurman” restoranına bitişik divarın kənarından keçən optik kabelə baxılması ilə bağlı şifahi qaydada telefonla xahiş etmişdir.” Göründüyü kimi, iddia ərizəsində yazılanların tam əksinə olaraq, Cavabdeh MMC-də fəhlə vəzifəsində çalışan mərhum X4 baş vermiş hadisə nəticəsində ölməsində MMC-nin heç bir təqsiri olmamışdır. Mülki Məcəllənin 21 (zərərin əvəzinin ödənilməsi) və 1096-cı (delikt) maddələrində vurulmuş zərərin ödənilməsi o halda müəyyən edilir ki, istər fiziki, istər hüquqi şəxs tərəfindən təqsirli, hüquqa zidd əməl törədilsin. Hadisədə MMC-nin təqsili olmadığından ondan ziyan və zərərin ödənilməsinin tələb edilməsi əsassızdır, heç bir hüquqi istinadı yoxdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" MMC-də fəhlə işləmiş, rəsmi rəhbərləri Elnur Süleymanlı olmuşdur. İlham əvvəllər müəssisənin direktoru olmuş, hadisədən sonra MMCnin direktorunun İlhamın həyat yoldaşı olduğunu bilmişdir. MMC-də həftənin 5 günü iş günü olub, qalan iki günü iş görməsələr də, ora yıgışıb söhbət edib, çay içmişlər. Mərhum Hüseynin evi MMC-nin 5 metrlik məsafəsində yerləşdiyi üçün, Hüseyn həmişə orda olarmış. Hadisə günü oğlu əsgərlikdən gəldiyi üçün saat 3-də iş yerinə gəlmiş, daha sonra İlham müəllim onun mobil telefonuna zəng edib “Qurman” restoranının üstündən sallanan kabeli qaldırıb yuxarıda bağlamaq lazım olduğunu bildirmiş, o, Hüseyn və Ramiz həmin yerə getmişlər. Hüseyn və Ramiz cavan olduğu üçün qabaqda gedərək restoranın damına qalxmış, o, aşağıdan kabeli qaldırıb onlara vermişdir. Bu zaman hadisə baş vermişdir. Hadisə günü onu işə heç kim çağırmamışdır və Hüseyni həmin gün kimin işə çağırdığını bilmir.

12. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, MMC-yə ayda 6-7 dəfə gəlib fəhləlik işlərində işçilərə köməklik göstərib getmiş, rəsmi işçi olmamışdır. Hadisə baş verən zaman MMC-də o, mərhum Hüseyn və Teymur olmuş, həmin gün İlham müəllim Teymura zəng edib tapşırıq vermişdir ki, “Qurman” restoranının üstündən sallanan optik kabeli çəkib yuxarıda bağlamaq lazımdır. O da Hüseynlə birlikdə gedib kabeli düzəltmək üçün həmin restoranın damının üstünə çıxmışlar və hadisə baş vermişdir. Onu həmin gün heç kim işə çağırmamışdır.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşının ölümünün təhqiqatı ilə əlaqədar X11 Xidməti tərəfindən komissiya yaradılmamış və istehsalatda baş verən bədbəx hadisə barədə İZ formalı akt tərtib olunmamışdır. İddiaçı həyat yoldaşının ölümündə cavabdeh müəssisənin təqsirli olmasına və hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 2000-ci il 20 fevral tarixli 27 saylı qərarı ilə təstiq edilmiş “İstehsalatda baş verən bədbəx hadisələrin təhqiqi və uçota alınması” haqqında qaydaların 2.1-ci və 2.5-ci bəndlərinə istinad etmişdir.

16. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, İlham Muradovun Cavabdeh MMC-nin vəzifəli şəxsi olmasının və hadisənin onun göstərişi ilə iş görüldüyü zaman baş verdiyininin müəyyən edildiyini nəzərə almadığını, ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

17. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 217. 1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. 3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 20 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəx hadisələrin təhqiqi və uçota alınması” Qaydaları

27. Bənd 1.2. Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir.

28. Bənd 1.5. İşəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X11 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər.

29. Bənd 1.7 və 1.8. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X11 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X11 Xidmətinə məlumat verməlidirlər. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X11 Xidməti həyata keçirir.

30. Bənd 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisənin təhqiqatı X13 rəisinin (və ya onun tapşırığı ilə X11 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

31. Bənd 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

44. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 19) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

47. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 21-24) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

48. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni mərhum həyat yoldaşının məhz cavabdeh MMC-nin hər hansı işçisinin təqsirli hərəkətləri, yaxud istehsalatda baş verən bədbəxt hadisə nəticəsində vəfat etdiyi öz təsdiqini tapmamışdır.

49. Apellyasiya baxışı zamanı Səbail rayon prokurorluğuna sorğu göndərilərək Hüseyn Mirzəyevin ölümü ilə əlaqədar yenidən cinayət təqibinin başlanıb-başlanmadığı barədə məlumat istənilmiş, həmin orqanın xx.xx.2022-ci il tarixli cavab məktubunda müvafiq təqibin başlanmadığı bildirilmişdir.

50. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır.

51. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada (§ 27-31) aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X11nin yaratdığı xüsusi kommisya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər.

52. Yəni, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir. Təqsir müəyyən edilmədən işəgötürənin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir.

53. İşəgötürənin təqsirinin müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilmir, yuxarıda göstərilən Qaydalardan göründüyü kimi aparılmış təhqiqat prosesi nəticəsində təhqiqat aktı tərtib edilir, həmin akt əsasında təqsir müəyyən edilir, İZ aktı da məhz təhqiqat aktı əsasında tərtib olunur.

54. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

55. Bununla yanaşı kollegiya iddiaçıya izah edir ki, o, mərhum həyat yoldaşının ölümü ilə nəticələnmiş hadisənin istehsalat xarakterli olması barədə müvafiq İZ aktı tərtib edildikdən və təqsirkar şəxs(lər) müəyyənləşdirildikdən sonra (o cümlədən müvafiq cinayət təqibi nəticəsində təqsirkar şəxs müəyyənləşdirildikdən sonra), həmin əsaslara istinadən yenidən iddia qaldırmaq (ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi barədə) hüququna sahibdir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1037/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar