Məhkəmə qərarları › İş №2(103)-632/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-632/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-632/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2469/2019 saylı iş üzrə qəbul etdiyi 18 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borc iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36203,10 ABŞ dolları əsas, 04.07.2019-cu il tarixinə hesablanmış 15568,69 ABŞ dolları faiz, 10407,27 ABŞ dolları cərimə, cəmi 62179,06 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində yerləşən yaşayış kompleksinin 5ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilinə Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzildən sonuncunun çıxarlıması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə, illik 12 % ilə 37750 (otuz yeddi min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24 % məbləğində borc verənə dəbbə pulu ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 23.04.2014-cü il tarixdə bağlanan müqavilənin 5.4-cü maddəsinə əsasən, sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq, ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, banka tam ödənilməsini öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 36203.10 (otuz altı min iki yüz üç dollar, on sent) ABŞ dolları əsas, 11405.48 (on bir min dörd yüz beş dollar, qırx səkkiz sent) ABŞ dolları faiz, 5202.26 (beş min iki yüz iki dollar, iyirimi altı sent) ABŞ dolları cərimə, cəmi 52810.84 (əlli iki min səkkiz yüz on dollar, səksən dörd sent) ABŞ dolları borcu yaranmışdır. Buna görə məhkəmədən Cavabdeh1 və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36203.10 (otuz altı min iki yüz üç dollar, on sent) ABŞ dolları əsas, 11405.48 (on bir min dörd yüz beş dollar, qırx səkkiz sent) ABŞ dolları faiz, 5202.26 (beş min iki yüz iki dollar, iyirimi altı sent) ABŞ dolları cərimə, cəmi 52810.84 (əlli iki min səkkiz yüz on dollar, səksən dörd sent) ABŞ dolları borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilinə Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2469/2019 saylı iş üzrə qəbul etdiyi 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 36203,10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, cəmi 47908,58 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2469/2019 saylı iş üzrə qəbul etdiyi 05 sentyabr 2019-cu il tarixli əlavə qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36203.10 ABŞ dolları əsas, 04.07.2019-cu il tarixinə hesablanmış 15568.69 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 52071,79 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsinin əsassız olaraq tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etmədiyi və cərimə borcunu azaltdığı arqumentləri ilə əsaslandırılmışdır. Eyni zamanda qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin bankın ölkədə baş vermiş devolvasiya hadisəsindən istifadə edərək cavabdehin borcunu şişirtməsini nəzərə almadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bankın apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə özləri tərəfindən verilmiş apellaysiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.04.2014cü il tarixli müqaviləyə dəyişikliklər edilməsi haqqında 14.04.2015-ci il tarixli razılaşmaya əsasən, müqavilənin 2.1-ci bəndində “152” rəqəmi “21,19,17,15,13” rəqəmləri ilə əvəz edilmiş, bu müqavilənin digər müddəaları qüvvədə saxlanılmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 1875/15 saylı təminatlı kredit müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilin alınması üçün Cavabdeh1 120 ay müddətinə, illik 12 % ilə 37750 (otuz yeddi min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24 % məbləğində borc verənə dəbbə pulu ödəməlidir. İşə əlavə edilmiş 20.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 19.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə 19.07.2018-ci il tarixə 36203.10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 5202,26 ABŞ dolları cərimə, cəmi 52810,84 ABŞ dolları borcu yaranmışdır. İşdə olan Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, kredit borcunun xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 gün ərzində ödənilməsi, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdehlərin hər birinə ayrı-ayrılıqda xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ayrı-ayrılıqda müqavilə bağlanılmasına baxmayaraq, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər, nəticədə 36203.10 ABŞ dolları əsas, 11405,48 ABŞ dolları faiz, 5202,26 ABŞ dolları cərimə, cəmi 52810,84 ABŞ dolları borc yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdehlər, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişlər və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 19.07.2018-ci il tarixə banka 36 189,24 ABŞ dolları əsas və 11 230,73 ABŞ dolları faiz borcu borcu vardır. 04.07.2019-cu il tarixə isə 36 189,24 ABŞ dolları əsas və 15 392,49 ABŞ dolları faiz borcu borcu vardır. Buna görə də kollegiya cavabdehin borc məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki,cavabdehlərdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kollegiya iddiaçının əsassız olaraq cərimə borcunun azaldılması bağlı dəlilinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclularının 36 189,24 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 10407,27 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 300 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində əsassız olaraq iddianın təmin edilməməsi barədə arqumentini əsassız hesab edir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciətində kredit borcu ilə yanaşı, tələbin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45.75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilinə yönəldilməsini xahiş etsə də, iş materiallarına kredit müqaviləsinin təminatı məqsədi ilə sözügedən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə, bankın xeyrinə ipoteka predmeti kimi qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçməsinə, cavabdehlərə bu barədə bildirişlərin göndərilməsinə dair hər hansı bir sənəd əlavə edilməmiş, bu əsasla da iddia ərizəsində qeyd edilən əmlakın ipoteka premeti kimi bankın xeyrinə qeydiyyata alınmasını və tələbin həmin əmlaka yönəldilib-yönəldilməməli olmasını da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2469/2019 saylı iş üzrə qəbul etdiyi 18 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən 36203,10 ABŞ dolları əsas və 04.07.2019-cu il tarixinə hesablanmış 15568,69 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 36 189,24 (otuz altı min yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları və faiz borcu 15 392,49 ABŞ dolları (on beş min üç yüz doxsan iki dollar 49 sent) ABŞ dollarıməbləğində, ümumi borc isə 51 881,73 (əlli bir min səkkiz yüz səksən bir dollar 73 sent) ABŞ dolları məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 50 (əlli) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Xumar Mərdanova Məmməd Məmmədov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar