Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-632/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” 2(005)-305/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.01.2015-ci il tarixli, F088 saylı saylı kredit müqaviləsi üzrə 27.156,87 manat əsas, 57.634,00 manat faiz borcu, ümumilikdə 84.790,87 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 84.790,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Dostluq» filialı ilə Cavabdeh arasında bağlanmış 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18% faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 160.000 (yüz altmış min) manat məbləğində kredit verilmişdir. 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsinin təminatı kimi 29.01.2015-ci il tarixdə 29.01.2014-cü il tarixli, F62 saylı ipoteka müqaviləsinə əlavə bağlanaraq, Cavabdeh mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh tərəfindən 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsinin müddəaları pozularaq icra edilmir. Belə ki, 10.08.2018-ci il tarixli, Dos/18- 267 saylı arayışa əsasən 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 27.156,87 manat əsas, 57.634,00 manat faiz borcu olmaqla, ümumilikdə 84.790,87 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh 29.01.2015-ci il tarixli, F088 saylı saylı kredit müqaviləsi üzrə 27.006,83 manat əsas, 5.859,81 manat faiz borcu, 5.000 manat cərimə, banka dəymiş zərər əldən çıxmış fayda qismində 1.350,34 manat olmaqla, ümumilikdə 39.216,98 manat borcun, ipoteka predmetinə tutmanını yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərcin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, daşınmaz əmlakın açıq hərracda satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsi üzrə 27.006,83 (iyirmi yeddi min altı manat səksən üç qəpik) manat əsas borcun, müqavilənin bitmə tarixinə 5.859,81 (beş min səkkiz yüz əlli doqquz manat səksən bir qəpik) manat faiz borcunun, 1.350,34 (min üç yüz əlli manat otuz dörd qəpik) əldən çıxmış faydanın və 2000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 36.216,98 (otuz altı min iki yüz on altı manat doxsan səkkiz qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün rüsumun “Muğanbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 225.000 (iki yüz iyirmi beş min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsait “Muğanbank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq məbləğin Cavabdeh qaytarılması, qeyd olunan əmlakı açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən-əsas borcun 27000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməsini, iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əldən çıxmış fayda və cərimə düzgün tətbiq edilməmiş, əsas borc və faizlər düzgün hesablanmamışdır. Keçirilmiş ekspertizanın rəyindən cavabdehin məlumatı olmamışdır. Cavabdehin iddiaçı banka 27000 manat borcu qalmışdır. Həmin borcun bağlanması üçün cavabdeh tərəfindən 3000 manata yaxın pul iddiaçı banka ödənilsə də, həmin ödənişlər ekspert tərəfindən nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi A.İmamverdiyev apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Dostluq” filialı ilə Cavabdeh arasında bağlanmış 29.01.2015ci il tarixli, F088 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Dostluq” filialı tərəfindən Cavabdeh illik 18% faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 160.000 (yüz altmış min) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC-nin “Dostluq” filialı Cavabdeh arasında 29.01.2014-cü il tarixli, F62 saylı ipoteka müqaviləsinə 29.01.2015-ci il tarixli əlavə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş, tərəflərin razılığına əsasən ipoteka predmeti dəyəri 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. İş üzrə 19.07.2019-cu il tarixli, 32574 nömrəli ekspert rəyinə əsasən cavabdehin müqavilə müddətnin bitdiyi tarixə və həmin tarixdən son ödəniş tarixinədək edilən ödənişlər nəzərə alınmaqla 29.07.2016-cı il tarixə iddiaçıya 27.006,83 (iyirmi yeddi min altı manat səksən üç qəpik) manat əsas, 5.859,81 (beş min səkkiz yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair düzgün qənaətə gəlsə də, tutulmalı olan əsas borcu, faiz borcunu və cərimə məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışında iş üzrə təyin edilmiş əlavə məhkəmə məhkəməmühasibatlıq ekspertizasının 15.02.2021-ci il tarixli, 9/5730 nömrəli rəyinə əsasən 29 yanvar 2015-ci il tarixli, F088 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 29.07.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 24.481.86 manat, faiz borcu üzrə isə 4.947,58 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 7.1-ci madddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası məhkəmə-mühasibatlıq ekspertizasının qeyd edilən rəyini mötəbər sübut qismində qəbul edərək ekspertin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsi üzrə 24.481.86 manat məbləğində əsas borc, 4.947,58 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, kredit müqavilələri üzrə tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə borcu 1200 (min iki yüz) manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəf məhkəməyə apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilmiş 225000 (iki yüz iyirmi beş min) manatdan artıq olması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə “Yeni dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş 09.06.2021-ci il tarixli hesabata əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin dəyəri 190000 manat, likvid dəyəri 180000 manat müəyyən edilmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əsas, faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(005)- 305/2019 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əsas, faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 29.01.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulan əsas borcun məbləği 24481,86 (iyimi dörd min dörd yüz səksən bir manat, səksən altı qəpik) manat, faiz borcunun məbləği 4947,58 (dörd min doqquz yüz qırx yeddi manat, əlli səkkiz qəpik) manat, cərimə borcunun məbləği 1200 (min iki yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmə xərci olan 350 manatın yarısı 175 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-632/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-632/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver