Məhkəmə qərarları › İş №2(103)-6322/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6322/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6322/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzil üçün ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(004)-505/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 06 yanvar 2005-ci il tarixli mənzil alqısatqısı haqqında müqaviləyə əsasən cavabdehdən 33250 ABŞ dolları əsas borc məbləğinin, borcun vaxtında ödənilmədiyinə görə 06.01.2005-ci il tarixli müqavilə üzrə hesablanmış ******* ABŞ Dolları məbləğində dəbbə pulunun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 16625 ABŞ Dolları məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi ******* ABŞ Dolları məbləğində və 31 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK arasında 06 yanvar 2005-ci il tarixli 91 saylı mənzilin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Sifarişçi Cavabdeh MTK Bakı şəhəri ərazisində inşa etdirdiyi binanın 6-cı mərtəbəsində, 4 otaqlı, tam sahəsi 177 kv.metr olan 91 saylı mənzili “Payçı” adlandırılan Cavabdeh MTK-nın üzvü olan İddiaçı satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilənin predmeti olan mənzilin qiyməti tərəflərin razılığı ilə hər kv.metr üçün 340 ABŞ dolları olmaqla, cəmi 60180 ABŞ dolları məbləğində müəyyən olunur və “Payçı” mənzilin qiymətinin yarısını, yəni 50%-ni ödəməyi öhdəsinə götürür. 07 yanvar 2005-ci il tarixli 100 nömrəli Kassa mədaxil orderi qəbzi ilə də müəyyən olunur ki, İddiaçı tərəfindən mənzilin yarı qiymətinin, yəni 50%-nin dəyəri tam olaraq, daha dəqiq desək 33250 ABŞ dolları məbləğində ödənilmişdir. Lakin daha sonra müqavilə üzrə məbləğin digər hissəsi ilə bağlı ödəniş olunmamasının səbəbi, sözügedən binanın bugünədək tikintisinin başa çatmaması və hələ də istismara verilməməsidir. Eyni zamanda bildiririk ki, tərəfimizdən cavabdehə 19 avqust 2020-ci il taixində sorğu verilərək, İddiaçı Cavabdeh MTK-da payçı olub-olmaması barədə məlumat istənilmişdir. Cavabdehin müraciətə cavabından isə aydın olur ki, İddiaçı Cavabdeh MTK-da payçı qismində üzvlüyünün olması müəyyən edilməmişdir. Müqavilənin 4.1.-ci maddəsinə əsasən Payçı müəyyən olunmuş müddətdə pulu ödəmədikdə, müqavilə pozulmuş sayılır. Bu halda payçının ödədiyi məbləğlər nağd və ya poçt vasitəsilə geri qaytarılır və yeni üzv qəbul edilir. Göründüyü kimi, müqavilənin bu bəndi aşkar surətdə pozulmuşdur. Belə ki, bu günədək İddiaçı heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh 06 yanvar 2005-ci il tarixli müqavilə üzrə yaranmış 33250 ABŞ dolları məbləğində borcu vaxtında ödəməməklə dəbbə pulunun ödənilməsi öhdəliyi də yaranmışdır. Cavabdeh 06.01.2010-cu il tarixindən 21.09.2020-ci il tarixinə qədər müqavilə üzrə ödənilməli olan 33250 ABŞ dolları məbləğində ödənişi 10 il gecikdirmişdir. Ona görə də, hər gecikdirilən gün üçün 1% olmaqla ******* ABŞ Dolları məbləğində dəbbə pulu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Sözügedən müqavilənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və onların dəyərinin 50%-nin ödənilməsinə baxmayaraq, müqavilə üzrə digər ödənişlərin həyata keçməməsi və pozulmuş müqavilə üzrə ödənilmiş məbləğlər barədə İddiaçı heç bir ödəniş edilməmişdir. Nəticədə qeyd olunan qanunsuz hərəkətlər nəticəsində İddiaçı ödəmiş olduğu vəsaitlərin vaxtında geri qaytarılmamasına görə ona külli miqdarda ziyan dəymişdir. Halbuki müqavilə üzrə İddiaçı tərəfindən cavabdehə mənzilə görə 33250 ABŞ dolları məbləğində pul ödənilmişdir. Nə ödənilmiş vəsaitin qarşılığında hansısa mənzilin İddiaçı təklif edilməməsi, nə də ödənilmiş vəsaitin geri qaytarılmamasına görə şirkət heç bir qanuni əsas olmadan varlanmışdır. Daha sonra İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 əsl tərəf olan İddiaçı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçı əsl iddiaçı ilə əvəz olunmuş və iddiaçı qismində İddiaçı işə cəlb olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(004)- 505/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə qətnamə qanunsuz və əsassızdır, məhkəmə müqavilədən irəli gələn öhdəliklərlə bağlı cavabdeh tərəfindən heç bir hərəkət edilməməsinə diqqət yetirməmişdir, müqavilənin 4.1-ci bəndinə əsasən payçı müəyyən olunmuş müddətdə pulu ödəmədikdə, müqavilə pozulmuş sayılır və bu halda payçının ödədiyi məbləğlər nağd və ya poçt vasitəsilə geri qaytarılır və yeni üzv qəbul edilir. Bü gunə qədər ona heç bir ödəniş həyata keçirilməmiş və müqavilənin qeyd edilən bəndi cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə iddia müddətinin ötürülməsi barədə də yalnış nəticəyə gəlmişdir, məhkəmə MM-nin 373.2-ci maddəsinə yox, 384.0.4-cü maddəsinə istinad etməliydi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 06.01.2005-ci il tarixli İddiaçı ilə “Abidə MTK” arasında bağlanmış müqavilədən görünür ki, payçı Bakı şəhəri ərazisində inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşən 4 otaqlı, tam sahəsi 177 kv.metr olan 91 saylı mənzil hər kvadrat metri 340 ABŞ dolları olmaqla cəmi 60180 ABŞ dolları Respublikanın Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən, payçı ümumi məbləğin 50%-ni pay kimi « » ____ 2004-cü il tarixədək, qalan hissəsini isə növbəti aylarda öhdəçilik üzrə proporsional qaydada ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən, payçı müəyyən olunmuş müddətdə pulu ödəmədikdə, müqavilə pozulmuş sayılır. Bu halda payçının ödədiyi məbləğlər nağd və ya poçt vasitəsi ilə geri qaytarılır və yeni üzv qəbul edilir. Müqavilənin 4.5-ci bəndinə görə, müqavilənin müddəti 4 ildir. Müqavilənin 4.6-cı bəndinə görə, müqaviləyə öhdəçilik vərəqəsi əlavə olunur. İş materiallarında olan 07.01.2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh MTK-ya 33250 ABŞ dolları məbləğində pul ödəmişdir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş «öhdəçilik vərəqəsi» məhkəməyə təqdim olunmamışdır. Hazırda iddiaçı hesab edir ki, o, müqavilə ilə nəzərdə tutulmuş mənzilin dəyərinin qalan 50 % ödənişini etmədiyinə görə, müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə pozulmuşdur və cavabdeh onun ödədiyi məbləği nağd və ya poçt vasitəsi ilə geri qaytarmalı olduğu halda bunu etməmiş, nəticədə onun hesabına əsassız varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədə qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi mübahisə 4 il müddətinə bağlanmış 06.01.2005-ci il tarixli müqavilə ilə bağlıdır. Sözügedən müqavilənin müddətinin 06.01.2009-cu ildə bitdiyini nəzərə alaraq, iddiaçı X3 11 il sonra məhkəməyə müraciət etməklə, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyini nəzərə alaraq, cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. (373.1-373.1) Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» Göründüyü kimi, iddiaçı mənzilə görə qalan 50% ödənişin hansı qaydada aparılmalı olduğunu müəyyən etməyə imkan verən «öhdəçilik vərəqəsi»ni təqdim etməsə də, tərəflər arasında bağlanılmış 06.01.2005-ci il tarixli müqavilənin 4.5-ci bəndində göstərilmişdir ki, müqavilənin müddəti 4 ildir. Belə olan halda iddia müddətinin axımı göstərilən müqavilə üzrə öhdəliklərin son icra tarixi olan 06 yanvar 2009-cu il tarixdən başlamış, lakin iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox) iddia ərizəsi ilə 22 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən həm müqavilə tələbləri üzrə olan üç illik iddia müddəti, həmçinin on il olan ümumi iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının istnad etdiyi MM-nin 384.0.4-cü maddəsinə görə, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, şamil edilmir. Hazırki halda isə söhbət müqavilə münasibətlərindən, daha doğrusu müqavilə ilə müəyyən olunmuş öhdəliyin icra edilməməsindən gedir ki, həmin mübahisəyə də iddia müddəti tətbiq olunmalıdır. Digər tərəfdən iddiaçı cavabdehin heç bir qanuni əsas olmadan varlanmasına istinad edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə də əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Yəni, iddiaçının istinad etdiyi hala əsaslanılmış olduqda belə, qanunvericiliyə əsasən müəyyən edilmiş iki illik iddia müddəti də keçmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-505/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar