Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6322/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.000 manat və ödənilmiş 136 manat dövlət rüsumu olmaqla, cəmi 15.136 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 24 aprel 2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək 11.700 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 125 manat 10 qəpik hissəsinin (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) Cavabdeh iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı X3 (nümayəndəsi və vəkili Vəkil1) apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Məhkəmə qənaətində göstərib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1003/2024 saylı qətnaməsi 20 may 2024-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilməklə, eyni zamanda həmin sistemdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 adına yaradılmış elektron kabinetinə də yerləşdirilmişdir. Lakin qətnamənin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 adına yaradılmış elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, iddiaçı tərəf 08 iyul 2024-cü il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayətinin 4.3-cü bəndində qətnamənin təqdim edilməməsi barədə qeyd edilsə də, göründüyü kimi, qətnamə 20 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkilinə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 08 iyul 2024-cü il tarixdə sözügedən qətnamədən apelyasiya şikayəti versə də, apelyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə, verilmişdir. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Qərardaddan iddiaçı X3 (nümayəndəsi və vəkili Vəkil1) şikayət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının İ cild, 211-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:32-də 2(006)-1003/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 21 iyun 2024-cü il tarixdə iddiaçı X3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, xx.xx.2024-cü il tarixdə, yəni 17 gün sonra apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizə də təqdim edilmədiyindən və şikayətdə göstərilən dəlillər əsaslı olmadığından şikayət təmin edilə bilməz. X1 müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək üçün vaxtı və imkanı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6322/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6322/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver