Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6324/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2016 saylı, 29 aprel 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 8000 manat məbləğində kredit xətti ayırmışdır.
2. Həmçinin xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən, borc alan öhdəliklərini icra etmədikdə zamin onunla birgə məsuliyyət daşıyır.
3. "xxxx" ASC-nin Xətai filialı tərəfındən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 7198.84 manat əsas, 1634.81 manat faiz borcu olmaqla, cəmi 8833.65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-nin "Xətai" filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 13-xx.xx.2014-XAT51 №li kredit müqaviləsinə əsasən, bank tərəfındən borcalana 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 8000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 13-xx.xx.2014-XAT51 saylı zaminlik müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda cavabdehlərin "xxxx" ASC-yə 7198.84 manat əsas, 1634.81 manat faiz, cəmi 8833,65 manat məbləğində borcu mövcuddur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2016 saylı, 29 aprel 2016cı il tarixli qətnaməsi (hakim Ramil Həsənov) ilə iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə özü şəxsən üzərinə düşən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddia tələbi tam təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 7198,84 (yeddi min bir yüz doxsan səkkiz manat səksən dörd qəpik) AZN məbləğində əsas borc, 1634,81 (bir min altı yüz otuz dörd manat səksən bir qəpik) AZN faiz üzrə borcu olmaqla, cəmi 8833,65 (səkkiz min səkkiz yüz otuz üç manat altmış beş qəpik) AZN borc tutularaq "xxxx" ASC-nin hesabına köçürülməlidir. Məhkəmə Cavabdeh1 iddiaya qarşı gətirdiyi etirazları isə ümumiyyətlə əsaslı hesab etmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə qəbul edilən zaman o, məlumatlandırılmamış və ümumiyyətlə Azərbaycanda olmamışdır. O, 6 il ərzində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işləmişdir (bununla bağlı sənədlər ərizəyə əlavə edilir). O, 2022-ci ildə Azərbaycana qayıtmışdır. İşə düzəldikdən bir ay sonra yəni 2022-ci ilin iyun ayının 10-da əmək haqqından tutma olarkən ona məlum olub ki, barəsində belə bir qətnamə vardır. Qətnamə qəbul edilən zaman ümumiyyətlə Azərbaycanda olmamışdır. Bundan başqa, onun zamin kimi işə cəlb edilərək üzərinə borc öhdəliyinin qoyulması da absurd və həqiqətdən uzaqdır. Zamin kimi hər hansı sənədə imza atmağı ümumiyyətlə yadına gəlmir. Həmin zaminlik müqaviləsi 2014-cü ildə, yəni 8 il öncə bağlanmışdır ki, hal-hazırda hətta o, həmin müqaviləni imzalasaydı belə, zaminlik müddəti çoxdan bitmişdir. Belə ki, həmin borcu borc alandan tələb etməyərək tam formada onun üzərinə yönəldilməsi düzgün deyildir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçının "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin iddianın zaminə, yəni Cavabdeh2 ilə bağlı təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın zaminlə bağlı təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 21.Cavabdeh2 qətnamə qəbul edilən zaman ümumiyyətlə Azərbaycan Respublikasında olmaması ona münasibətdə iddianın əsassızlığına dəlalət etmir. Eyni zamanda onun 6 il ərzində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işləməsi də heç nəyi dəyişmir. Bir halda ki, Azərbaycan Respublikasında olmamışdır, demək onun məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması barədə dəlilləri də əsassızdır.
22. Qətnamənin icrası qaydasında borcun əmək haqqına yönəldilməsi də qanunsuz deyildir. Çünki, borc məbləği müştərək qaydada həm də zamindən tutulmuşdur. Ona görə də zamin kimi işə cəlb edilərək üzərinə borc öhdəliyinin qoyulması absurd və həqiqətdən uzaq ola bilməz. Qətnamə ilə müəyyən edilən borcun onun tərəfindən tam formada ödənilməsi isə zamin kimi borcludan kreditora ödənilmiş məbləği, həmçinin ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etməyə əsas verir(MM.m.475). 23.Cavabdeh2 göstərdiyi digər dəlillər də onun iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də zamindən də qaytarmaq hüququ vardır.
24. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2016 saylı, 29 aprel 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2016 saylı, 29 aprel 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.