Məhkəmə qərarları › İş №2(103)-6324/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6324/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6324/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3898/2025 nömrəli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (borcverən) ilə cavabdehin (borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 80003706 nömrəli kredit müqaviləsinə görə, iddiaçı cavabdehə 5.500 manat kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə, illik faiz dərəcəsi 27 faiz, gecikdirilən borc məbləğinə cərimə illik 54 faiz, aylıq isə 4,50 faiz müəyyən edilib. Kredit müddəti xx.xx.2017-ci il tarixdə bitib. 2.Bundan sonra - xx.xx.2017-ci il tarixdə tərəflər həmin kredit müqaviləsinə dair əlavə saziş bağlayıb və kredit göstərilən şərtlərlə restrukturizasiya edilib: kreditin ümumi qalığı 6.496,8 manat, bu məbləğin 4.080,19 manatı əsas borc, 1.777,86 manatı faiz borcu, 638,75 manat cərimə borcu. Restrukturizasiya edilmiş kreditin son müddəti xx.xx.2022-ci il tarixi, illik faiz dərəcəsi 18 faiz müəyyən edilib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.172,53 manat, faiz borcu kimi 2.190,14 manat, cərimə borcu kimi 3.467,91 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 459,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 4.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 2.859,40 manat, faiz borcu kimi 1.622,70 manat, cərimə borcu kimi 200 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu kimi 408,66 manat, cəmi 5.090,76 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 6.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Apellyasiya şikayətində qətnamənin bir hissəsi – iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 8.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3566 nömrəli ekspert rəyinə görə, xx.xx.2022-ci il tarixə əsas borcun məbləği 2.859,40 manat, faiz borcunun məbləği 1.622,70 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faizlə hesablanan faiz borcu 408,66 manat təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək əsas borc kimi 2.859,40 manat, faiz borcu kimi 1.622,70 manat tutulmasını qət edib. Bundan başqa, tələb edilən cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq onu azaldıb, 200 manat cərimə tutulmasını qət edib, habelə məhkəmə düzgün olaraq kredit müqaviləsinin müddəti bitəndən sonra faiz borcu kimi 408,66 manat tutulmasını qət edib. Məhkəmə kreditin yüksək faiz dərəcəsi ilə verildiyini, buna müvafiq olaraq bankın kreditə görə borcalanın hesabına yüksək istifadə haqqı (faiz) əldə etdiyini nəzərə alaraq hesab edir ki, borcalandan qətnamədə göstərildiyindən artıq məbləğdə pul tutulması üçün əsas yoxdur. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddianın rədd edilməsinə aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 10.İddianın rədd edilən hissəsində iddianın qiyməti 5.000 manatı aşmadığına görə, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3898/2025 nömrəli qətnaməsi iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar