Məhkəmə qərarları › İş №2(103)-6326/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6326/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6326/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2326/2022 saylı, 23 iyun 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh birgə nikahından 23 iyun 2010-cu il təvəllüdlü X5 və 19 dekabr 2013-cü il təvəllüdlü X4 doğulmuşdur.

2. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahdan olan 23 iyun 2010-cu il təvəllüdlü X5 və 19 dekabr 2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması müəyyən edilmiş, daha sonra Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-715/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği dəyişdirilərək, 23 iyun 2010-cu il təvəllüdlü X5 və 19 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(040)-715/2019 saylı 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 23 iyun 2010-cu il təvəllüdlü X5 və 19 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Tələbdə göstərilir ki, cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən heç bir məbləğdə ödəniş etmir. 2019-cu ildən hal-hazırkı vaxtadək birgə nikahdan olan uşaqların tələbatları artdığından, təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdehin kifayət qədər qazancı və gəliri olduğundan, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği artırılmalıdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2326/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbinin təmin edilərək Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-715/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi; 23 iyun 2010-cu il təvəllüdlü X5 və 19 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya, hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) məbləğində alimentin tutularaq İddiaçı verilməsi; alimentin hazırki qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması; ödənilməmiş dövlət rüsumu olaraq 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən 220 manat məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 193 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilməlidir.

7. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, rayon məhkəməsi bir çox halı nəzərə almamışdır. Hesab edir ki, qətnamə qanunsuz və ədalətsiz olmaqla, maddi və prosessual normaların tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, məhkəmə qeyd edir ki, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib. Burada məhkəmənin hansı izahatlara əsasən aliment məbləğini artırması, hansı sübutların bu qətnamənin çıxarılmasına dəlalət etməsi, nə cür iş materiallarının olması sanki bir müəmmadır. Cünki, iş materiallarında hər hansı belə bir fakta rast gəlmək olmur. Məhkəmə nələrə dayanaraq işə hüquqi qiymət verib məlum deyil. Sadəcə hakim öz qənaətinə görə bir qətnamə çıxarmışdır. Cavabdeh əlindən gəldiyi qədər öz övladlarına baxmaq öhdəliyini yerinə yetirməyə çalışır. Bunun üçün gecə-gündüz dayanmadan çalışır. Lakin şəxsin müəyyən bir həddə aylıq gəliri vardır. Məhkəmə bunu araşdırmadan öz qənaətləri ilə, hətta müəyyən məhkəmə təcrübələrini səhv şərh etməklə iddiaçının tələbini haqlı hesab etmişdir. Belə ki, Cavabdeh aylıq 286 AZN vergilər və digər dövlət ödənişləri çıxıldıqdan sonra ona çatan net 238.50 AZN məbləğində gəlirə sahibdir. Bu, “Kapital Bank”ın təqdim etdiyi çıxarışdan da aydın bir şəkildə görünür. İkinci bir yerdə çalışmır və əlavə gəlir əldə edə biləcəyi bir qazanc yeri yoxdur. Çox maraqlıdır, Nərimanov Rayon Məhkəməsi hansı sübutlara əsasən hesab edib ki, Cavabdeh ayda 386 manat alimenti ödəyə bilər?! Faktlarla sübut edilir ki, şəxsin aylıq gəlirinin 100% olan hissəsi alimentdə nəzərdə tutulan 386 AZN məbləğdən çox aşağıdır. Belə çıxır ki, Cavabdeh gəlirindən artıq məbləğdə aliment ödəməli və özü insanüstü güclərdən istifadə edərək hava ilə qidalanmalıdır. Uşaqlar yetkinlik yaşına çatanadək yeməməli, içməməli, geyinməməlidir və s. Nərimanov Rayon Məhkəməsi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini nəzərə alaraq qətnamə çıxarmışdır. Həmçinin, məhkəmənin Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsaslanması da haqlı deyildir. Belə ki, Cavabdeh uşaqlarını saxlayır, lakin onun gəliri müəyyən həddədir. Ondan qazandığından artıq pul tələb etmək heç-bir məntiqə sığmayan, qanuni əsası olmayan bir addımdır. Aydındır ki, bu qətnamənin nəticəsi icra oluna bilməyəcəyi üçün mübahisələr doğuracaqdır. Əlavə olaraq qeyd edir ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(005)-2326/2022 saylı qətnaməsini çıxararkən Ailə Məcəlləsinin 76.1.2 və 76.2-ci maddələrini və 78.1-ci və 78.2-ci maddələrinin və 112.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh aylıq gəliri sabitdir və onun başqa gəlir yeri yoxdur. Maddi güzəranı yaxşı istiqamətdə dəyişməmişdir. Məhkəmə bütün bu halları araşdırmadan cavabdehin vəziyyətini pisləşdirəcək yöndə qətnamə çıxarmışdır.

b) İddiaçı məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazda qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh uşaqların heç bir tələbatının ödənilməsində iştirak etmədiyindən o, təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdehin kifayət qədər qazancı və gəliri olduğundan, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği artırılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız, həqiqətə uyğun olmayan formal mülahizələrə əsaslanmaqdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qətnamənin ləğv və iddianın rədd olunmasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, alimentin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

21. Belə ki,son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.

22. Bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.

23. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən (artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

24. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

25. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

26. Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan, uşaqların da mənafeyi nəzərə alınmalıdır.

27. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

28. Uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

29. Düzdü, hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının artmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir.

30. Ancaq apellyasiya instansiya məhkəməsi tərəflərin mövqeyini, uşaqların da mənafeyni nəzərə alaraq hər uşaq üçün müəyyən olunmuş alimentin məbləğinin hər uşaq üçün 193 manatdan, 140 manatadək azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

31. Əlbətdə ki, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2326/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin və Cavabdeh 23 iyun 2010-cu il təvəllüdlü X3 və 19 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar