Məhkəmə qərarları › İş №2(103)-6327/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6327/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6327/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1598/2023 nömrəli 03 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə 01 fevral 2021-ci il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. “Elektron Məhkəmə İnformasiya Sistemindən” Çıxarışdan müəyyən edilir ki, cavabdehin adına aktiv VÖEN (**********) var.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-735/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş, uşağın tələbatı artmışdır. Hazırda bir uşağın yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdeh kifayət qədər gəlirə malikdir. Lakin uşağına alimentdən başqa heç bir yardım göstərmir. Cavabdeh mərmər, qranitin topdan satışı ilə məşğuldur, şəxsi biznesi, iki obyekti var, aylıq gəliri 5000 manatdan artdıqdır. Türkiyə, İran və Hindistandan mərmər, qranit gətirib topdan satır.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 iyul 2023-cü il tarixli 2(002)-1598/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia qismən təmin edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-735/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 22 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilməli olan 56 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2023-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir, yəni həmin məbləğ uşağın bir aylıq təminat səviyyəsinin minimal həddini əks etdirir. Məhkəmə uşağın üstün mənafeyini və onu təminat səviyyəsini əsas götürərək, uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini və cavabdehin maddi imkanını nəzərə alaraq hesab etmişdir ki, hazırkı işdə alimentin hər ay ödənilən miqdarının 300 manat müəyyən edilməsi aliment ödəyənin maddi vəziyyətinə uyğun olmaqla ədalətli və əsaslı olacaqdır. Məhkəmə göstərilən qərara gələn zaman cavabdehin fərdi sahibkar olmasını, başqa nikahdan ailəsinin, övladının olmamasını, alimentin miqdarının cavabdehin maddi vəziyyətinə təsirini, iddiaçının maddi vəziyyətinin qənaətbəxş olmaması ilə birlikdə qiymətləndirir. Belə ki, işə əlavə edilmiş fotoşəkillərdən və elektron məhkəmə informasiya sistemində vergi məlumatları ilə bağlı müvafiq sorğuların nəticəsindən aydın olur ki, cavabdeh fərdi sahibkar olmaqla vergi ödəyicisidir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 735/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, qətnamə qanunu qüvvəsini aldığı vaxtdan 22 mart 2015-ci il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanununa uyğun olaraq uşaqlar üçün müəyyən edilmiş 220 manat məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəf heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Onun yaşadığı ünvana məhkəmə bildirişləri və iddia ərizəsinin surəti göndərilməmişdir. Qəbul edilmiş qətnamənin surəti də ona göndərilməmişdir. Onun işi, fəaliyyəti barədə iş materiallarında hər hansı bir məlumat yoxdur, ümumiyyətlə işləyib-işləməməsini təsdiq edən sübut yoxdur. Məhkəmə həqiqətən müəyyən etsə idi ki, məşğul olduğu biznesdən əldə etdiyi məbləğ yüksəkdir, onda aylıq qazancının 25% məbləğində aliment tutmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 5000 manat gəliri yoxdur. Himayəsində yaşlı ata və anası var.

13. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 175 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür.

26. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması, himayəsində yaşlı valideynlərinin olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir.

27. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

28. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

29. İş materiallarından müəyyən edilir ki, cavabdeh fərdi sahibkardır, adına aktiv VÖEN-i var. Həmçinin əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, cavabdeh mərmər satışı ilə məşguldur.

30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini göstərsə də, iş materiallarından müəyyən edilir ki, AZEMİS sistemi vasitəsi ilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1598/2023 nömrəli iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar