Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6328/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdeh X1 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. 11.06.2020ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 11.11.2021-ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin martın 19-dək Cavabdeh1 banka 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 10.02.2020-ci il tarixli 20-MZ1-1-0-53-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1747 (bir min yeddi yüz qırx yeddi) manat 03 (üç) qəpik, faiz borcu üzrə 337 (üç yüz otuz yeddi) manat 01 (bir) qəpik olmaqla, ümumilikdə 2084 (iki min səkkiz dörd) manat 04 (dörd) qəpik məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında şəxsən iştirak edərək idda tələbini etiraf etməyərək izahatında, 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 25 faizlə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilməsini, eyni zamanda kreditin təminatı kimi onun həyat yoldaşının iş üzrə digər cavabdeh olan Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalandığını bildirərək, məhkəmənin nəzərinə çatdırmışdır ki, kreditini vaxtlı vaxtında ödəmiş, hətta panedmiya şəraitində belə bir nece ay ödəməyə çalışmışdır. Lakin sonradan ödənişlərində axsamalar yaranmışdır. Belə ki, cavabdeh musiqiçiydir və gəliri yalnız toylardandır. Pandemiya ilə bağlı toylar keçirilmədiyi üçün qazanc da, əldə edə bilmir. Tələb edilən məbləği hazırda da, birdəfəyə ödəmək iqtidarında deyildir. Ödəmək imkanı olsaydı elə hər ay hissəhissə ödəniş edərdi. Çünki hazırda heç bir gəliri yoxdur. Hazırda maddi vəziyyəti çox aşağıdır. Ancaq toylar bərpa olunacağı təqdirdə tələb edilən məbləği ödəyə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə cavabdehin səmimi etirafını, hazırki maddi vəziyyətini və iddiaya dair etirazını nəzərə almamışdır. Məhkəmə cavabdehin hazırki maddi vəziyyətini və ümumiyyətlə hazırda pandemiya şəraitinin, işsizliyin olmasını, karantin elan olunmasını nəzərə almamış, yalnız bir tərəfin mənafini üstün tutaraq işin hallarını nəzərə almamışdır. Bundan başqa kredit müqaviləsinin vaxtınada hələ var. Bankın belə bir şəraitdə anlayış gösdərmədən pul tələlb etməsi düzgün deyil. Cavabdehin hazırda o pulu ödəmək imkanı yoxdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi B.Məcidov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 şikayəti müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə bank arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, cavabdeh “xxxx” ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 11.06.2020-ci il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin müddəti 11.11.2021-ci il tarixədək uzadılmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına əsasən qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, borclu (cavabdeh) müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, bununla da həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu hal cavabdehin apellyasiya şikayəti ilə yanaşı, həm də cavabdeh tərəfindən işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfindən verilən izahatda da öz əksini tapmışdır. Belə ki, cavabdeh izahatında pandemiya ilə əlaqədar olaraq banka ödəniş edə bilmədiyini bildirmişdir. Nəticədə 19.03.2021-ci ilədək Cavabdeh1 banka 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6328/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6328/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver