Məhkəmə qərarları › İş №2(103)-6328/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6328/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6328/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə dair çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1773/2022 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh ilə 14 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.

2. Onların birgə nikahından 18 avqust 2008-ci il təvəllüdlü X6 və 11 yanvar 2010-cu il təvəllüdlü X4 doğulmuşdur.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9954/2016 saylı, 29 noyabr 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı müraciəti əsasında tərəflərin nikahı məhkəmə qaydasında pozulmuş və Cavabdeh 18 avqust 2008-ci ildə anadan olmuş qızı X3 və 11 yanvar 2010cu ildə anadan olmuş X1 üçün 02 avqust 2016-cı il tarixindən başlayaraq hər uşaq üçün 120 manat olmaqla iki uşağın saxlanması üçün 240 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2008-ci il təvəllüdlü X3 və 11 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 286 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı Bəhram qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh Qayıbov X5 Pərvanə Bəhram qızına qarşı “alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, ağır dərəcəli onkoloji xəstədir, düz bağırsağın bədxassəli yeni törəməsindən əziyyət çəkir. Bundan əlavə onda şəkərli diabet, ikinci dərəcəli arterial hipertenziya xəstəlikləri də qeydə alınmışdır. Ona Rusiya Federasiyasında xx.xx.2019-cu il tarixində “düz bağırsağın ön rezeksiyası" cərrahi əməliyyatı icra olunmuşdur. Hal-hazırda da müalicəsi davam edir və müalicə kimya terapiyası, radiasiya və digər istiqamətlərdə aparılır. Buna görə də daim kənar qulluğa və maddi vəsaitə ehtiyacı vardır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Opertaiv Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 01 aprel 2022-ci il tarixli **********6 nömrəli arayışına əsasən o, xx.xx.2021-ci il tarixdən başlayaraq 3-cü dərəcəli əlilliyə görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Həmçinin o, nikah dövründə həm arvadının, həm də uşaqlarının gündəlik və s. tələbatlarını artıqlaması ilə qarşılamışdır. Məhkəməyə təqdim etdiyi pul köçürmə sənədləri ilə təsdiq edilir ki, tərəflər ayrıldıqdan sonra o, İddiaçı ümumilikdə 19.370 ABŞ dolları, 4000 rubl, 50 avro və 150 manat məbləğində aliment ödəmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, ilkin iddianın əsassız hesab edilərək, təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bəhram qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1773/2022 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında alimentlə bağlı mübahisə 29 noyabr 2016-cı il tarixdə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9954/2016 saylı 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə yekunlaşmış və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisəni həll etmiş məhkəmə aktının qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində Cavabdeh qazancınının artırılması sübut olunmadığından ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçıdan tutulan alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə uyğun olmadığından qarşılıqlı iddia tələbi də təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1773/2022 nömrəli 13 iyun 2022-ci il il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh QayıbovQafar Zəfər oğluna qarşı verilmiş ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi iddiamı təmin etməkdən imtina edərkən belə bir zidiyyətli və yanlış nəticəyə gəlmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisə 29 noyabr 2016-cı il tarixdə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə yekunlaşmış və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin qətnamənin qəbul olunduğu gündən artıq altı ilə yaxın müddət keçib. Nəzərə alınsa ki, şəxsin yetkinlik yaşına çatmış hesab olunması üçün yaş həddi 18 kimi müəyyən edilmişdirsə, altı il fərqi uşağın böyüdülməsi üçün heç cür qısa vaxt hesab oluna bilməz. Nə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarında, nə də ki Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin miqdarının artırılmasından imtina etmək üçün qısa vaxtın keçməsi əsas kimi göstərilməyib. 13 iyun 2022-ci il tarixli qətnaməsində bir uşağın saxlanılması üçün 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin (193) manat olması və uşağın mənafeyinin nəzərə alınması qeyd olunsa da, Xətai Rayon Məhkəməsi faktiki olaraq uşaqların mənafeyini nəzərə almamış və onlara təyin edilmiş aliment miqdarını 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı səviyyədə – 120 manat miqdarında saxlamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ağır dərəcəli onkoloji xəstədir. O, düz bağırsağın bədxassəli yenitörəməsindən əziyyət çəkir. Bundan əlavə onda şəkərli diabet, ikinci dərəcəli arterial hipertenziya xəstəlikləri də qeydə alınmışdır. Onun üzərində Rusiya Federasiyasında xx.xx.2019-cu il tarixində “düz bağırsağın ön rezeksiyası” cərrahi əməliyyatı icra olunmuşdur. Hal-hazırda da müalicəsi davam edir və müalicə kimya terapiya, radiasiya və digər istiqamətlərdə aparılır. Buna görə də daim kənar qulluğa və külli miqdarda maddi vəsaitə ehtiyacı vardır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Opertaiv Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 01 aprel 2022-ci il tarixli **********6 nömrəli arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 3-cü dərəcəli əlilliyə görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Hesab edir ki, İddiaçı Bəhram qızının apellyasiya şikayətində qeyd etdikləri bu baxımdan əsassızdır. Cavabdeh hazırki vaxta qədər daim uşaqlarının normal yaşaması və maddi təminatı üçün əlindən gələni etmiş və var gücü ilə çalışmışdır. Cavabdeh nikah dövründə həm arvadının, həm də uşaqlarının gündəlik və s. tələbatlarını artıqlaması ilə qarşılamışdır. Birinci instansiya məhkəməsinə təqdim etdikləri pul köçürmə sənədləri ilə təsdiq edilmişdir ki, tərəflər ayrıldıqdan sonra Cavabdeh İddiaçı ümumilikdə 19.370 ABŞ dolları, 4000 rubl, 50 avro və 150 manat məbləğində aliment ödəmişdir. Apellyasiya şikayətində Cavabdeh iddiaçının xeyrinə müəyyənləşdirilmiş alimentin məbləğinin artırılması üçün əsas ola biləcək və Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulan halların heç biri mövcud deyildir. Cavabdeh yuxarıda göstərildiyi kimi 3-cü dərəcəli əlilliyə görə 120 manat məbləğində sosial müavinət alır. Ondan başqa heç bir qazancı və gəliri yoxdur, ona görə də Cavabdeh Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddələrinə əsasən qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin dəyişdirilərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə yönəlsə də, kollegiya qeyd edir ki, qətnamə ilə qarşılıqlı iddia tələbi onsuz da təmin edilmədiyindən, apellyasiya baxışının predmetini qətnamənin yalnız ilkin iddia tələbinin təmin edilməməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı

23. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

24. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

25. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

AR Mülki Prosessual Məcəlləsi

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 3-cü dərəcəli əlilliyə (ümumi xəstəlik) görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət alır.

31. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş “Xəstəlik tarixindən çıxarışın (epikriz) surətindən görünür ki, Cavabdeh 12 avqust 2019-cu il tarixdə həmin institutda müayinədən keçmiş, müayinənin nəticəsi olaraq “2019-cu ildə Düz bağırsağın bədxassəli yenitörəməsi pT4Bn0M0 mərhələ lllC” qeyd edilmişdir.

32. Yuxarıda qeyd olunan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, məhkəmə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı məsələni həll edərkən xeyrinə aliment tutulan uşaqların təminat səviyyəsi ilə yanaşı, aliment ödəyənin maddi vəziyyətini nəzərə almalıdır. Bu zaman məhkəmə minimum dolanacaq xərclərinin qanunvericilik aktlarında müəyyən edilmiş dəqiq məbləğinə bağlı deyil və göstərilən halları nəzərə alaraq ona yaxın məbləği də aliment kimi müəyyən edə bilər.

33. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh ağır dərəcəli onkoloji xəstədir. O, düz bağırsağın bədxassəli yenitörəməsindən əziyyət çəkir. Bundan əlavə onda şəkərli diabet, ikinci dərəcəli arterial hipertenziya xəstəlikləri də qeydə alınmışdır. Onun üzərində Rusiya Federasiyasında xx.xx.2019-cu il tarixində “düz bağırsağın ön rezeksiyası” cərrahi əməliyyatı icra olunmuşdur. Hal-hazırda da müalicəsi davam edir və müalicə kimya terapiya, radiasiya və digər istiqamətlərdə aparılır. Buna görə də daim kənar qulluğa və maddi vəsaitə ehtiyacı vardır, ona xx.xx.2021-ci il tarixdən başlayaraq 3cü dərəcəli əlilliyə görə 120 (yüz iyirmi) manat məbləğində sosial müavinət ödənilir.

34. Qeyd edilən hallar onu deməyə əsas verir ki, alimentin təyin edilməsindən keçən 6 ilə yaxın müddət ərzində tərəflərin birgə nikahından doğulan uşaqların maddi ehtiyacları artmış, eyni zamanda aliment ödəyən Cavabdeh onkoloji xəstəliyi ilə əlaqədar əlil olması, kənar qulluğa ehtiyacının olması, müalicəsini davam etdirmək üçün maddi vəsaitə ehtiyacının olması və əmək qabiliyyətinin məhdudlaşması onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur.

35. İşin qeyd edilən hallarını, həmçinin cavabdehin maddi vəziyyətində aliment məbləğini ödəmək qabiliyyətinin artmasına imkan verən hansı dəyişiklik baş vermədiyini, əksinə səhhətində ciddi problemlərin olması ilə laqədar maddi vəziyyətinin pisləşməsini nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırki vəziyyətdə aliment miqdarının artırılması cavabdehin həmin məbləği ödəməsini mümkünsüz edəcəkdir.

36. Kollegiya hesab edir ki, hazırkı iddia tələbinə qiymət verilərkən qeyd edilən hallar nəzərə alınmalıdır.

37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.

38. Kollegiya həmçinin qeyd edir ki, alimentin artırılması xahiş edilən məbləğin bir il üçün ödənilməli hissəsi 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1773/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar