Məhkəmə qərarları › İş №2(103)-633/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-633/2023

03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-633/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Babayevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (atası) Ələsgər Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlərdən 1.500 mant pul alınaraq iddiaçıya verilsin, habelə iddiaçının çəkdiyi məhkəmə xərclərinin əvəzi ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən, yəni Cavabdeh1 MMC-yə münasibətdə təmin edilsin, həmin MMC-dən 1.500 manat, o cümlədən dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Ələsgər Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 1-ci cavabdeh Cəmilə Bayramova 2-ci Cavabdeh1 MMC-nin direktorudur. Direktorun xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı cavabdeh MMC-də filial direktoru vəzifəsinə qəbul olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Bundan 1 ay 5 gün sonra – xx.xx.2021-ci il tarixdə direktorun əmri ilə əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilmiş, iddiaçı vəzifədən azad olunmuşdur. İddiaçının həmin vəzifəyə qəbul edilməsindən 3 gün əvvəl – xx.xx.2021-ci il tarixdə kadr hazırlığına görə iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 1.500 manat pul ödənilib. Bu fakt kadr hazırlığına dair qeydiyyat vərəqəsində qeyd olunub və onu hər iki tərəf imzalayıb (iş v. 4). Kadr hazırlığının müddəti 1 ay, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müəyyən edilib. Lakin kadr hazırlığına dair təlim olmayıb. İddiaçı belə təlimin olmadığını bildirir, cavabdeh isə belə təlimin olmasını təsdiq edən heç bir sübut təqdim edə bilmir. O cümlədən kadr hazırlığına dair təlimin nəticəsini təsdiq edən sənəd (sertifikat və s.) verilməməsi onu təsdiq edir ki, kadr hazırlığına dair təlim olmayıb. Həmin pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsinə görə, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Tərəflərin imzaladığı “kadr hazırlığına dair qeydiyyat vərəqəsi” məzmun və mahiyyətcə müqavilədir. Lakin cavabdeh MMC həmin müqavilə üzrə öz öhdəliyini icra etməyib. Mülki Məcəllənin 1091.2ci maddəsinə görə, hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehin varlanması sonradan aradan qalxmış əsasa söykənir. Yəni müqavilə bağlanıb, 1.500 manat pul alınıb, lakin pul alan öz öhdəliyini yerinə yetirməyib, ona görə görə də pul verən müqavilədən imtina edib. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-dən 1.500 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar