Məhkəmə qərarları › İş №2(103)-6330/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6330/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6330/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 21 saylı Notariat kontoru cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)-1424/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Həsənov İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 21 saylı Notariat kontoru cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 18.11.2017-ci ildə bağlanmış və Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh onun uzun müddət tanıdığı, yaxın münasibətləri olan bir insandır.2017-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək bildirdi ki, onun adını bildirmədiyi tanışına borcu var, həmin borcu alanda başqa şəxsdən alacağı olduğunu bildirmişdir. Dediklərinin təsdiqi üçün ona formal da olsa borc müqaviləsi lazımdır ki, həmin şəxsə pul məbləği alacağının təsdiqi üçün göstərsin.Cavabdeh ona borc müqaviləsi bağlamağı təklif etdi və bildirdi ki, bu müqavilə formal xarakter daşıyır, həmin müqaviləyə əsasən guya iddiaçının ona 15000 ABŞ dollarıborcu var və həmin borcu bir il müddətinə qaytaracağaq, xahiş etdi ki, həmin müqavilə mütləq notariat qaydasında bağlanmalıdır ki, inandırıcı olsun. Cavabdeh kömək etmək məqsədilə onun dediklərinə razılaşmış və hesab etdi ki, bu müqavilə onsuz da formaldır, yalnız görünüş üçün bağlanır və heç vaxtda onun tərəfindən icrası tələb olunmayacaq, yəni real müqavilə kimi heç bir nəticəyaratmayacaq. Beləliklə, cavabdehlə 18 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda faizsiz kredit müqaviləsi bağladılar. Həmin müqaviləyə əsasən iddiaçı guya Cavabdeh borc götürdüyü 15000 ABŞ dollarını ona 18 noyabr 2018-ci iltarixdə geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür.Lakin qeyd etdiyi kimi, kredit müqaviləsi formal xarakter daşımış, iddiaçı Cavabdeh heç bir borc almamış, təbii ki, heç bir məbləğ də qaytarmalı deyil. Müqavilənin bağlanmasından iki ildən çox müddət keçir. Formal da olsa həmin müqavilənin mövcudluğu onu çox narahat edir. Bu barədə cavabdehə bildirib ona həmin müqaviləni ləğv etmək təklifini etsə də, cavabdeh bundan yayınır. Onun bu hərəkətləri iddiaçıda şübhə yaradır ki, o, istənilən vaxt həmin müqaviləni real müqavilə kimi təqdim edibicrasını tələb edə bilər. Onun bu hərəkətlərinin qarşısını almaq üçün həmin müqavilənin etibarsız hesab edilməsini məqsədəmüvafiq sayıb məhkəməyə müraciət edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)- 1424/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işə baxılmasının vaxtı-yeri haqqında məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə olan ünvan üzrə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən həmin ünvanda yaşamaması səbəbilə geri qaytarılmışdır. Kollegiya, həmçinin, nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 146-cı maddəsinə əsasən isə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh ilə İddiaçı arasında 18.11.2017-ci il tarixdə bağlanmış əsas kredit müqaviləsinə müvafiq olaraq borc verən borc alana 15000 ABŞ dolları pul borc verir. Sonuncu bu müqavilədə göstərilən məbləği, 18.11.2018-ci il tarixdək ödəməyi öhdəsinə götürmüşdür. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatmadan bəhs etmək mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, mübahisələndirilən borc müqaviləsi notariat qaydada təsdiq edilmiş və həmin müqavilədə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, mübahisə edilən əqdlərin mübahisələndirilməsi kəsici müddətə tabedir; bununla belə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 18 noyabr 2017-ci il tarixdə bağlanmış (iddiaçı əqdin uydurma olduğunu iddia edir, beləliklə onun əqdin etibarsızlığına əsas kimi irəli sürdüyü halda müqavilənin imzalandığı tarixdən xəbəri olmalı idi), lakin iddiaçı 17 fevral 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)- 1424/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar