Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6331/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-1638/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kedit müqaviləsi ilə bağlı məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-1638/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə bu iddia təmin edilmişdi. Cavabdeh tərəfin apellyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsində bu işə baxılmış və məhkəmə belə hesab etmişdir ki, məhkəmə aidiyyəti pozulmuş və məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Yəni bu işdə aidiyyət məsələsi Bakı Apelyasiya məhkəməsinin qərarı ilə müəyyən edilmişdir. İşin faktik halları aşağıdakı kimidir: Onunla Cavabdeh ASC Sabirabad filialı arasında 06.05.2014-cü il tarixdə ********* №li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 4475 ABŞ dolları kredit verilir. O, digər borcalanlardan fərqli olaraq devalvasiya təticəsində qaytarma vaxtı mövcud olan kursla ifadə olunmaqla manatla qaytarma şərtlərinə tam əməl etmişdir. 16.04.2017-ci ildə kredit öhdəliyinə tam əməl etmiş və kredit qalığı «0» manat olmuşdur. 28 fevral 2019-cu il tarixdə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Fərmanla devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, həmçinin problemli kreditlər məsələlərinin həllində dövlət dəstəyi göstərilməsi nəzərə alınmışdır. Kredit götürəndən sonra devalvasiya ilə bağlı üzləşdiyi maliyyə itkisi 2300 manat təşkil edir. Qeyd olunan Fərmanın icrası ilə əlaqədar üzləşdiyi maliyyə itkisi ona qaytarılmalı idi. Çünki, bu məqsədlə dövlət büdcəsindən müvafiq vəsaitdə ayrılmışdı. Lakin bu günə kimi üzləşdiyi maliyyə itkisi ilə əlaqədar fərmanla nəzərdə tutulan vəasiti ala bilməmişdir. Haqqında şikayət verilən məhkəmə qətnaməsi ilə bütün günahlar absurd formada onun üzərinə qoyulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» nın əksər bəndləri qətnamədə əksini tapsa da iddia əsassız olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildiyindən hazırda onun səlahiyyətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı həyata keçirir. Onunla bank arasında kredit müqaviləsi 06.05.2014-cü il tarixdə bağlanmış və 16.04.2017-ci ildə kredit öhdəliyinə tam əməl edildiyindən başa çatmışdır. Qətnamədə qeyd olunan 31 dekabr 2019-cu il tarixi, 16 aprel 2017-ci ildən sonrakı tarixdir. Üzləşdiyi maliyyə itkisi ilə bağlı ona müvafiq vəsaitin verilməməsinin səbəbi kredit müqaviləsinə dair məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməməsidir. Məhkəmə qətnaməsi ilə absurd olaraq bunun təqsiri onun üzərinə qoyulur. Belə nəticə çıxır ki, kredit müqaviləsi haqqında məlumatları bank yox, o mərkəzləşdirilmiş reyestr xidmətinə daxil etməli idi. Hesab edir ki, məhkəmənin belə nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddiası əvvəl Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilib və onu da Əmanətlərin Sığortalanması Fonduna göndərilib. Onun Fərmanın təsiri altına düşməyi barədə Bank məlumat verməyib. İndi onu istəyir ki, məlumat Mərkəzi Banka düşsün. Fərmana düşür, amma cavabdeh bank Mərkəzi Banka məlumat verməyib. Ona görə də kompensasiya almamışdır. Bank məlumat vermədiyi üçün də o, belə əziyyət çəkir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mövcud vəziyyətdə kredit müqaviləsinin mərkəzləşdirilmiş kredit reyesterinə daxil edilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə iddiaçı kredit müqaviləsinin mərkəzləşdirlmiş kredit reyestrinə daxil edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilməsi üçün vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşalara banka müraciət etmək imkanı da yaradılmışdır. Vətəndaşların banka müraciəti əsasında mərkəzləşdirilmiş kredit reyestrinə məlumatlar daxil edilməklə şəxsə kompensasiyanın hesablanması qaydası müəyyənləşmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən Fərmanın tətbiqinə dair vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasını və 31 dekabr 2019-cu il tarixədək güzəştli kredit müqaviləsinin bağlanılması müddəti bitdiyini nəzərə alaraq, cavabdehin hazırki iddia ərizəsində qeyd edildiyi kimi kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Əvvəla, iddia tələbinin təmin edilməməsində birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, cavabdeh bankın nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Konstiusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli qərarına istinad edib, yəni bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli olduğundan hazırki mülki iş üzrə də icraata xitam verilməsini xahiş etmişdir. Lakin cavabdehin nümayəndəsi hazırki iddianı nəyə görə kreditor tələb hesab etdiyini göstərməmiş, eləcə də iddiaçının pozulmuş hüquqlarını müdafiə etmək üçün, yəni hazirki iddia üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edib nəyi xahiş edəcəyini də açıqlamamışdır. Göründüyü kimi, bu cür əsassız vəsatətin özü də hazırki iddianın əsaslı olduğuna cavabdehin də heç bir əsaslı etirazının olmadığını təsdiq etmiş olmalı idi. İkincisi, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin bu əsassız vəsatətinə münasibət bildirməsə də özü də iddia tələbi ilə bağlı olmayan əsassız qənaətə gəlməklə iddianı təmin etməmişdir. Belə ki, məhkəmə göstərir ki, vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşalara banka müraciət etmək imkanı da yaradılmışdır. Əvvəla, iddiaçı hazırki işdə cavabdeh bankdan onunla güzəştli kredit müqaviləsi bağlanmasını tələb etmir. Buna görə də həmin müddətin 31 dekabr 2019-cu ildə başa çatmasının hazırki iddia baxımından heç bir əhəmiyyəti yoxdur. Məhkəmənin kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir qənatəi də açıq-aşkar əsassız və hazırki tələbə aid olmayan bir qənaətdir. Çünki, məhkəmə həm hansı tələbə baxdığını özü üçün dəqiqləşdirə bilməmiş, həm də bilavasitə qanunvericiliyin tələbinə əsasən cavabdehin heç bir müddətlə məhdudlaşdırılmayan vəzifəsini yerinə yetirməli olduğu işə görə iddiaçının sübutlar təqdim etməli olduğunu düşünür. Başqa sözlə mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi üçün kredit müqavilələri ilə bağlı məlumatların verilməsi bilavasitə bankların və bank olmayan kredit təşkilatlarının etməli olduğu vəzifəsidir. Üçüncüsü, tərəflər arasında olan hazırki münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin nəticəsi olduğundan iddiaçının da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməsi tələb olunmurdu. Çünki, tələb olunan məlumatların “Azərbaycan kredit bürosu”na təqdim edilməsi cavabdehin qanunvericiliyin tələbinə əsasən vəzifəsi və borcudur və bu vəzifəni də icra etməli idi. Lakin icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə iddiaçının banka hər hansı bir müraciət etməməsi iş materialları ilə təkzib olunur. Çünki, əgər həqiqətən qeyd olunan kredit müqaviləsi, o cümlədən əsas borcun məbləği barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə dəqiq məlumat verilmiş olsa idi, ümumiyyətlə bu iddianın irəli sürülməsinə əsaslar olmazdı. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-1638/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-1638/2021 nömrəli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06.05.2014-cü ii tarixli ********* nömrəli kredit müqaviləsi və 16.10.2015-ci il tarixli 276/15 saylı əlavə Razılaşmalar barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6331/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6331/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver