Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6331/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair 2(010)-1822/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2019-ci il tarixli 1740rstBank/19 saylı kredit müqaviləsinə əsasən, xx.xx.20213-cü il tarixli 31tkADJ/13 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 358micFİL8/13 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 0912nhSTB/13 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 4723,11 manat qalıq məbləğinin ödənilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4723,11 manat məbləğində kredit limiti verilmişdir. Həmin Müqavilənin 3.5-ci bəndinə görə “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın vaxtından əvvəl borcun qaytarılmasını tələb etmək hüququ yaranır.
2. Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda (hər ayın 20) ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir.
3. Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh ödəniş cədvəli ilə müəyyən olunmuş kreditin və onun faizlərinin ödənilməsi dövriliyini dəfələrlə pozmuşdur.
4. 28 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh xx.xx.2019-ci il tarixli 1740rstBank/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməməsi barədə Pretenziya məktubu ilə xəbərdarlıq edilmişdir.
5. İddiaçı 01 mart 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci iİ tarixinə banka 4197,88 manat əsas, 1.27 manat faiz, cəmi 4199,15 manat borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı bankın xeyrinə 4197,88 manat əsas, 1.27 manat faiz borcu olmaqla cəmi 4199,15 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2019-cu iİ tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun banka borcu yaranmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(010)- 1822/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4197,88 manat əsas borc, 1,27 manat faiz borcu və 62 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4261,15 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Anar Qasımov)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun işsiz olduğunu, dövlətdən pensiya almadığını, iddia ərizəsində göstərilmiş 4199,15 AZN pul məbləğini birdəfəlik ödəmək iqtidarında olmadığını nəzərə almayaraq iddianı təmin etmişdir. Bundan əlavə, işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.
15. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə bağladığı xx.xx.2019-ci il tarixli 1740rstBank/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca və vaxtında icra etmədiyinə görə bankın hazırkı iddianı qaldırmaq hüququ yaranmış, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. Cavabdehin işsiz olması, dövlətdən pensiya almaması və kredit borcunu ödəmək iqtidarında olmaması barədə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas ola bilməz.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, məhkəmə baxış iclasında iştirak etmiş, eləcə də iddia ərizəsinə yazılı etiraz vermişdir. Belə olan halda məhkəmə kollegiyası məhkəmə araşdırmasının çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti (4199,15 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1822/2022 saylı mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.