Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6333/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Akif İsgəndərovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 14.06.2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 08.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 9.548 manat məbləğində pul və məhkəmə xərcləri digər cavabdehlər ilə yanaşı cavabdeh (zamin) Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 08.05.2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb. Cavabdeh2 zamindir, zaminlik müqaviləsi eyni tarixdə bağlanıb, zaminliyin müddəti göstərilməyib. Kredit öhdəliyinin müddəti 24 aydır, bu müddət 08.05.2015-cı il tarixdə başa çatıb. İddia ərizəsi isə 1 il 11 ay sonra – 17.04.2017-ci il tarixdə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, zaminlik xitam olunduğuna görə Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır. Birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin etməklə maddi hüquq normasını pozub. Ona görə də qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 14.06.2017-ci il tarixli qətnaməsi Cavabdeh2 Abduləzim qızına aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6333/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6333/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver