Məhkəmə qərarları › İş №2(103)-6334/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6334/2019

25.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6334/2019 25.06.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Məmmədli Yaqub Həbib oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğluna qarşı ilkin alqı-satqı müqaviləsi əsasında alinan evə görə çəkilmiş təmir xərclərinin və əldən çıxmış fayda tələbinə dair iddiası üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qəbul etdiyi 2(002)- 41/2019 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-41/2019 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında digər iddiaçı və cavabdehlər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə digər iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə işə digər iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə (11-ci Xrebtovı) küçəsindəki 167C saylı ünvanında yerləşən, 200 kv.m torpaq sahəsində inşa edilən, yaşayış sahəsi 180 kv.m, köməkçi sahəsi 70 kv.m, ümumi sahəsi 250 kv.m olan, 9 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinibütün kommunal xərclərdən (mənzil kommunal xərci, su, qaz, işıq və s.) azad olaraq mətbəx mebeli, hamam aksessuarları ilə birlikdə Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür.

2. Cavabdeh1 İddiaçı1 130000 (yüz otuz min) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür.

3. Bu Sazişin 1-ci və 2-ci bəndində nəzərdə tutulmuş hərəkətlər eyni vaxtda 4 ay ərzində həyata keçiriləcəkdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-41/2019 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar