Məhkəmə qərarları › İş №2(103)-6335/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6335/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6335/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bank) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh 1027,79 ( min iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat əsas, 92,04 (doxsan iki manat dörd qəpik) manat faiz, 100 manat cərimə borcu olmaqla cəmi 1219,83 manat borc məbləğinin və 43,92 manat dövlət rüsumunun, habelə 5,50 manat poçt xərclərinin bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, bankın əvvəllər də ona qarşı eyni iddianı qaldırdığı, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tələbləri əsas götürülərək iddianın baxılmamış saxlanıldığı, banka 1000 manat borcunu hissə-hissə ödəməyə razılaşsa da, bunu qəbul etmədiklərini, məhkəmənin isə işi hərtərəfli araşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətini müdafiə edərək qətnamənin ləğv olunmasını və borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün, apellyasiya baxışının həddi iddianın təmin edilən hissəsi üzrə məhdudlaşır və qətnamənin qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən (yoxlanılan hissədə) saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, 06 iyun 2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən "xxxx" QSC tərəfindən Cavabdeh 1000 manat məbləğində kredit xətti açılmış və adı çəkilən şəxs şərtləşdirilmiş qaydada və məbləğdə haqqları banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13 aprel 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 2027,79 manat əsas, 92,04 manat faiz, 1256,67 manat cərimə, bildirişin göndərilməsinə görə poçt xərci qismində 5,50 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 10 manat olmaqla cəmi 2392 manat borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddiaçının tələb etdiyi cəriməni də azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürdüyü arqumentləti ilə bağlı cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına heç bir sübut təqdim etməmiş, məhkəmə iclaslarına da gəlməyərək irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2086/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar