Məhkəmə qərarları › İş №2(103)-6335/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6335/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6335/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1692/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23% olmaqla 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqaviləyə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 46%, aylıq isə 3.83% hesablanır.

2. "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlamışlar və həmin əlavə sazişə əsasən əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin konvertasiya edilməklə (1 ABŞ dolları = 1.55 AZN) 13.914,35 manat təşkil edən qalığı kreditə çevrilmişdir. Cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8.977 ABŞ dolları əsas borc, 832,57 ABŞ dolları faiz borcu və 618,31 ABŞ dolları cərimə təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır və illik 20% ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Əlavə sazişə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 40% dəbbə pulu hesablanır.

3. 09.02.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə Cavabdeh 11.142,76 manat əsas borcu, xx.xx.2017-xx.xx.2020-ci il tarixə hesablanmış 9.167,70 manat faiz borcu, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu olmaqla, cəmi 30.598,63 manat borcu vardır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11.142,76 manat əsas borc, hesablanmış 9.167,70 manat faiz, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu, cəmi 30.596,63 manat borcun və iş üzrə ödənilmiş 181,80 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdlr ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23% faiz olmaqla 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi” müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlamışlar. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.55 AZN) 13.914,35 manat təşkil edən qalığı kreditə çevrilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8.977 ABŞ dolları əsas borc, 832,57 ABŞ dolları faiz borcu və 618,31 ABŞ dolları cərimə təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır və illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2023-ci il tarixə Cavabdeh kredit üzrə 11.142,76 manat əsas borcu, hesablanmış 9.167,70 manat faiz borcu, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu olmaqla, cəmi 30.598,63 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********791 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunu Banka qaytarmamışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borcalan həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsini şəxsən imzalamış, restruktrizasiya və konvertasiya olunmuş borc məbləğini və hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürdüyünə görə, yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin müddəti başa çatmış və müqavilə qüvvədən düşdükdən sonra tərəflər arasında faktiki olaraq mövcud olmayan və qüvvədən düşmüş müqaviləyə əlavə bağlanmışdır. Halbuki, belə əlavə yalnız müqavilə qüvvədə olduğu müddətdə bağlana bilərdi. Kreditor qeyd olunan müqaviləyə əlavə bağlamaq əvəzinə həmin müqavilə müddətinin başa çatması ilə qüvvədən düşdüyündən yarandığını iddia etdiyi pul tələbi ilə bağlı iddia müddəti çərçivəsində cavabdehə qarşı məhkəmə qaydasında iddia qaldırmalı idi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin müddəti başa çatmış və iddiaçı tərəfindən 3 illik iddia müddəti ərzində məhkəmə qaydasında iddia qaldırılmamışdır. xx.xx.2017-ci il tarixli əlavə əhəmiyyətsiz əqd kimi formal xarakter daşıdığından və heç bir hüquqi nəticə doğurmadığından iddia müddətinin axımının kəsilməsi əsası kimi çıxış edə bilməzdi.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1692/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq və mühasibatlıq ekspertizaları təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1035 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyinə əsasən ekspertizaya təqdim edilmiş, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2015-ci il tarixli 5936 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədə borcalanın adından olan 2 ədəd imza, Cavabdeh adına olan AZE AZ1054USD/********** 4106 **** **** 8013 nömrəli kredit kartının bankomatlardan istifadə üçün şəxsi məxfi kodun bağlı zərfdə “Kart sahibinin imzasi” və “Şəxsiyyəti təsdiq edilmiş və imza yoxlanılmışdır” qrafalarındakı imzalar, xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə İddiaçı ASC ilə Cavabdeh adından olan xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişdə borcalanın adından olan 4 ədəd imza, İddiaçı ASC-nin Binəqədi filialı tərəfindən verilmiş 70377621-15 üzrə müqaviləyə əlavə ödəniş cədvəlində (003T03170030S01 nömrəli sənəd) “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4575 nömrəli mühasibatlıq-ekspertizası rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli 5936 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə və xx.xx.2017- ci il tarixli № 1 saylı “Əlavə saziş”-də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixlərə İddiaçı ASC-yə olan borcu xx.xx.2020- ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 11.142,44 manat əsas borc, 4.995,53 manat faiz borcu; xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış faiz borcu 1.601,73 manat təşkil edir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1692/2023 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə yaranmış 11.142,44 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 4.995,53 manat faiz borcu, 500 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.601,73 manat faiz borcu və iş üzrə ödənilmiş 181,80 manat dövlət rüsumu olmaqla, cəmi 18.421,50 manat pulun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və həmin müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, cavabdehin həmin müqavilə üzrə öhdəliyinə xitam verilməmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üsulu ilə bağlı razılaşma olmuş və qalıq borcu tərəfl öz aralarında müəyyən etməklə, həmin borcun hansı müddətdə ödəniləcəyinə dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş imzalamışlar və Cavabdeh 36 ay müddətinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 517,11 manat, sonuncu ay 516,96 manat olmaqla, 13.914 manat əsas borcu və 20 %-lə hesablanan 4.701,46 manat faiz borcu olmaqla, cəmi 18.615,81 manat borcu "xxxx" ASC-nin Binəqədi filialına ödəməyi öhdəsinə götürmüşdür. Yəni, xx.xx.2017-ci il tarixdə tərəflər arasında borcla bağlı yeni bir razılaşma imzalandığına görə, iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən deyil, xx.xx.2017-ci il tarixli sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçı üç illik iddia müddəti ərzində xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürməmişdir. Odur ki, iddia müddətinin tətbiqi ilə iddia rədd edilə bilməz.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin borcunun məbləği xx.xx.2023-cü il tarixli 9/4575 nömrəli mühasibatlıq-ekspertizasının rəyinə uyğun olaraq müəyyən edilməlidir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 8.689,12 manat cərimə azaldılaraq 500 manat müəyyən edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 467, 739.1, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və iddia müddətinin tədbiqi ilə bağlı ərizənin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, yaxın dostunun atasının vəfatı ilə əlaqədar Şabran rayonunda olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasında iştirak etməməsinin işə baxılmasına mane olmadığı qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı: Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixində kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23% olmaqla 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Borclu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

29. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə xx.xx.2017-ci il tarixli sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyi konvertasiya edilməklə 13.914,35 manat təşkil edən qalığı kreditə çevrilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır və illik 20% olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xəttşünaslıq və mühasibatlıq ekspertizaları keçirilmiş və müqavilələrin cavabdeh tərəfindən imzalandığı, habelə iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcları müəyyən edilmiş, həmin rəyə əsasən də iddia haqlı olaraq qismən təmin edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan cərimə məbləği ilə bağlı da düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti fərqləndirilmişdir(§ 23).

32. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 9.5-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.

33. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliklər tam icra edilmədiyinə görə kredit müqaviləsi qüvvəsini itirməmiş və bu səbəbdən də, xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanan zaman xx.xx.2015-ci il tarixli müqavilə qüvvədə olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasında borcla bağlı yeni bir razılaşma imzalandığına görə, iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən deyil, xx.xx.2017-ci il tarixli sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə məhkəmə iddia ərizəsi ilə müraciət olunduğundan mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti onun tərəfindən ötürülməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1692/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar