Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6335/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(002)-2460/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" KB ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən, bank 60 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 11501 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 11501 AZN əsas, 2381,87 AZN faiz, 153,08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14035,95 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 132,11 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % ödəmək şərti ilə 11501 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyun 2024-cü il tarixinə "xxxx" KB ASC-yə cəmi 14035,95 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, tələbinin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 5.İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş, izahatında qeyd etmişdir kiş. cavabdeh müqavilənin restrukturizasiya edilməsi üçün banka müraciət etmiş və əvvəlki kredit müqavilələrinin bağlanması şərti ilə yeni kredit müqaviləsi bağlanmışdır. 6.Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, krediti Bəhramova Gülər və Qurbanov Tamerlan üçün götürdüyünü, lakin onların onu aldatdığını və krediti ödəmədiyini, bankda ərizə imzalasa da, həmin sənədləri oxumadığını, onu aldadaraq adına pul götürdüklərinin bildirmişdir. 7.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 sentyabr 2024-cü il tarixli, 2(002)-2460/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Aslanova) iddia qismən təmin edilərək, Cavabdeh 11,501 manat əsas, 1286,45 manat faiz, 39,21 manat cərimə borcu olmaqla, cəmi 12826,66 manat pul vəsaiti və 128,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 8.Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Bank hesablarının açılması və kredit sifarişi üçün ərizəyə əsasən, "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş edir. Kreditin və onun faizlərinin vaxtlıvaxtında ödənilməsinə zəmanət verir. 9."xxxx" KB ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən, bank 60 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 11501 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 %, maksimum 40 % təşkil edir. Kreditin məqsədli təyinatı: xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli müqavilənin bağlanması, məbləğ 1146.91 AZN, xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqaviləsinin bağlanması, məbləğ 10354.04 AZN. 10.Qeyd edilən kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Borcalan Cavabdeh krediti Ödəniş cədvəlinə uyğun borc verənə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişi 338 manat müəyyən edilmişdir. 11."xxxx" KB ASC tərəfindən borcluya ünvanlanmış 12 fevral 2024-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2024- cü il tarixə 11501 manat əsas, 1286,45 manat faiz, 39,21 manat cərimə olmaqla, cəmi 12826,66 manat borcunun yarandığı bildirilmişdir. Borcun 3 iş günü ərzində ödəməkləaralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
12. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixli, 203nkFİL8/23 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 11501 AZN əsas, 2381,87 AZN faiz, 153,08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14035,95 AZN məbləğində borcu mövcuddur. 13.Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, "xxxx" ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 11501 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 60 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
14. Məhkəmə müqavilənin etibarlılığına qiymət verərək qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin aldatma, yanılma yolu ilə əslində başqa şəxslər tərəfindən bağlandığını, kreditdən xəbərinin olmadığını bildirsə də, etirazının dəlilləri barədə mötəbər sübutları məhkəmyə təqdim etməmişdir. 15.Eyni zamanda, iş materiallarından göründüyü kimi, cavabdeh özü şəxsən banka gedib, öz imzası ilə ərizə verərək "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş etmiş, kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət vermişdir. Yəni, cavabdeh özü xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli və xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqavilələrin bağlanması (sonlandırılması) məqsədilə ərizə ilə banka müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərizədəki imzanın özünə aid olmasını inkar etməmiş, lakin ərizəni oxumadan imzaladığını bildirmişdir. 16.Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə gecikmə məbləğinin deyil, bütün borcun: yəni 11501 manat əsas borc, 1286.45 manat faiz borcu və 39.21 manat cərimə borcu məbləğinin ödənilməsi tələb edilmişdir. 17.Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Həmin pretenziya məktubunda kreditor bank müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulmasını tələb etdiyindən, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. 18.Qeyd olunanları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə 11501 manat əsas borc və 1286,45 manat faiz hissəsində iddia tələbi qismən təmin edilməlidir. 19.Məhkəmə iddia tələbini cərmiə məbləği hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddiada tələb edilən cərimə borcunun məbləği (39,21 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 39,21 manat həddində olmaqla qismən təmin edilməlidir. 20.Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132,11 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 128,48 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 743.1, 421.2, 424.2, 424.3, 428.4, 448.1, 448.2, 462.1, 465.2, 467-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4 və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Cavabdeh "xxxx" KB ASC qarşısında olan kredit öhdəliyinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, 2023-cü ilin mart ayının 30-da, səhər saat 11 radələrində “Turan xeber. az” saytının təsisçisi və redaktoru, “Space” tele-kanalında vaxtilə “Gəl, danış” verilişində ekspert kimi iştirak edən Güllər Bəhramova cavabdehə telefon açaraq 12.000 (on iki min) manat pul lazım olduğunu və həmin məbləğin banklardan kredit şəklində olsa da, çatdırılması ilə bağlı müraciət etdi. Cavabdeh bu təklifə dərhal rədd cavabı verdi, heç vaxt onda bu məbləğin heç üçdə-dörddə birinin belə olmadığını, hal-hazırda “Bank of Baku”ya kredit ödədiyini bildirdi.Telefon danışığını həyat yoldaşı da eşidirdi, o da öz növbəsində himayəsində autizm və teztez epilepsiya tutmalarından əziyyət çəkən, il ərzində 1 saylı Respublika Psixatriya Xəstəxanasında 3-4 dəfə müalicə alan, özünə və ətrafındakılara xəsarətlər yetirən İ qrup əlil uşağın olduğunu xatırlatdı. Cavabdeh sonradan məlum olacaq dələduz dəstənin başçısı və təşkilatçısı olan müsahibinə işə tələsdiyini bildirib söhbəti kəsdi. Az keçmədi ki, o, yenidən cavabdehə telefon açaraq dilə tutmağa çalışdı, cavabdeh yenə etiraz etdi. Bir az keçməmiş "xxxx"ın “İnşaatçılar” filalından bankın Xəyalə adlı əməkdaşı onlara rəsmi müraciət etmədiyi halda, telefonla ona 9.500 (doqquz min beş yüz) + 1100(min yüz), ümumilikdə 10.600 (on min altı yüz) və bu məbləğdən 480 (dörd yüzsəksən) manat komissiyon çıxılmaqla onlayn şəkildə veriləcəyini bildirdi. Sonradan aydın oldu ki, onlayn kredit sifarişi onun razılığı olmadan Güllər tərəfindən verilib.Bir qədər sonra isə Güllər iş yerinin yaxınlığında olduğunu bildirdi. Onunla birlikdə gələn iki qadını tanımırdı, üzlərini belə görməmişdi, heç telefonla ünsiyyəti də olmamışdı. Sonradan bu dəstəyə onların Yaşar deyə müraciət etdikləri, onlayn qaydada pul köçürmənin bir hissəsini icra edən, təxminən 25-30 yaşlarında bir gənc oğlan da qoşuldu. Cavabdeh əvvəlcə üç nəfər qadına aldatmaq, möhtəkirlik yolunu tutacaqları halda bağışlanmayacaqlarını bildirdi. Onlar bu yolun yolçuları olmadıqlarını ona inandırdılar. Güllərin təqdimatında onlardan biri Tamilə Qurbanova, digəri isə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyən, ifadəsi belə alınmayan, hələ də istintaqdan gizlənən Leyla Hacıyevadır. Nəhayət, pullar biavasitə Güllər vasitəsilə ələ keçirildi. Ələ keçirilən vəsait Ramazan kompaniyası adı altında cavabdehin maddi imkanları nəzərə alınmadan, zaminlərsiz həyata keçirildi. Hansı sənədə isə elekton qaydadaimza atdığını da etiraf etməlidir. Baş verən hadisə barədə maddi sübut kimi daxili və xarici təhlükəsizlik kameralarına düşən video-görüntülər də olmalıdır. Həmin video-görüntülərin əldə olunması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin sorğusunu "xxxx"ın baş ofisinə şəxsən o, özü təqdim etmişdir. Dələduz dəstə üzvləri yalan vəd verərək yaxın bir saat ərzində banka çatacaq pulun qaytarılacağını bildirirdilər. Beləliklə, bir saat bir həftəyə, bir həftə biraya, biray ikiaya, ikiay üç aya, üç ay dörd aya... ən nəhayət, bir ilə və bir il yarıma qədər yubadıldı. Güllər göndəriləcək pul hesabının guya gecikdiyini, texniki səbəblər üzündən hələ gəlib çatmadığına cavadebhi inandırmağa çalışırdı, müxəlif bəhanələr gətirərək onu yola verirdi. Cavadbeh bunu çox vaxt itirmədən başa düşdü. Baş verən hadisədən üç günsonra Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdi. Orada uzun-uzadı aparılan araşdırmalar dələduz dəstəni qanun qarşısında məsuliyyət daşımalarını, törətdikləri cinayət tərkibli hərəkətləri anlatdığını deməkdə çətinlik çəkir. Cavabdeh dələduz dəstənin ifşa olunmasında, sizə qəribə gəlməsin, bir əməliyatçı kimi bir il yarımdır ki, iştirak edir. Dələduz dəstə üzvlərinin yaşadıqları ərazinin,ünvanların müəyyənləşdirilməsinə, bankomatdan çıxarılan pulların video görüntüsünün əldə olunmasına çalışır, dəstə ilə əlbir fəaliyyətə, sövdələşməyə girən bank rəhbərləri ilə görüşür, fərdi qaydada dələduz dəstənin aparıcı üzvləri ilə hər gün danışıqlar aparmışdır. Yasamal Rayon Polis İdarəsində aparılan istintaq-əməliyyat işlərinin yarımçıq, natamam, qeyri-peşəkar aparıldığını da xüsusi qeyd etməlidir. Onlar qrup halında cəmləşən, sadə adamların inamından süni istifadə edərək Bakı şəhər (ətraf rayonlar daistisna deyil) sakinlərinin pul vəsaitlərindən müxtəlif üsul və vasitələrlə ələ keçirməyi özlərinə peşə seçən mütəşəkkil dəstə olduğu tərəflərinndən üzə çıxarıldı. Onlar bunu ayrı-ayrı sakinlərlərlə sorğulardan və həmin cinayətkar dəstə üzvləri haqqında dosyelərdən də öyrəndilər. Təsəvvür edin, pul vəsaitini ələkeçirmək planı Güllər tərəfindən qurulur, düşünülmüş şəkildə həmin vəsait yetmiş dörd-yetmiş beş yaşlı Tamilə tərəfindən mənimsənildiyi etiraf olunur, Leyla tərəfindən bu şəxslərin çox etibarlı olmaları qarşı tərəfə inandırılır. Yaşar adlı sonuncu şəxs internet üzərindən onlayn pulköçürməmənimsəmə əməliyyatını həyata keçirir. Ailəsi indi vəsaiti qəpiyinə qədər mənimsəyən dəstənin üzvləri əvəzinə 304 (üç yüz dörd) manat beş il müddətinə pul ödəməlidir. Faizlər də hesablanmaqla bu məbləğindi 338 (üç yüz otuz səkkiz) manata çatdırılıb. Bu məbləğ təxminən 20. 280(iyirmi min iki yüz səksən) manat təşkiledir. Bankın zəhlətökən, fasilə bilməyən zənglərinin ara verməsi, obyektiv istintaq gedişinə mane olmaması üçün keçən il aprel ayının kredit faizlərini ödəmək məcburiyyətində qaldılar. Onlar gecikmə ilə 367 (üç yüz altmış yeddi) manat ilk ödəniş etdilər. Bununla bağlı ödəniş qəbzlərini də sübut kimi istintaqa – məhkəmə araşdırmasına təqdim etmidir. Dələduz dəstənin pulun mənimsəməsini etiraf etmələri, (sübut kimi onların ikisinin – Güllər Bəhramova və Tamilə Qurbanovanın səs yazıları kifayət qədər bu faktı təsdiqləyir) bütünlüklə çəkilən xərcləri ödəmək vədləri də vaxt qazanmaqdan, başaldatmaqdan başqa bir şey deyildi. Bu ağbirçək qadının – Tamilə Qurbanovanın nə üçün belə bir addımı atdınız sualına ilk cavabı belə idi: Oğlumun cərrahi əməliyyatı üçün pul lazım idi. Az keçməmiş tərələrindən onun qızı – 200 saylı məktəb-liseyin müəllimi Mehriban xanıma verdiyi sorğunun cavabı belə oldu: Qardaşı üzərində heç bir cərrahi əməliyyat aparılmayıb. O, Tamiləni insana, xüsusən qadına yaraşmayan belə hərəkətlərdən nə üçün çəkindirmirsiniz sualına cavab da təəccüb doğurmaya bilməz: Onlar dəfələrlə onu bu işlərdən uzaqlaşdırmağa çalışsalar da, bunun heç bir nəticəsi olmadı. Kürəkəni Tamilənin “Piramida” oyunu oynadığını, dəfələrlə adamları aldatdığını bildirəndə bu ağbirçək qadının bütün simasızlığı üzə çıxdı. Onun dilində səslənən “sabah nümayəndəmlə səninlə görüşəcəyəm”, “bir-iki günə pulları qaytaracağam”, “mənə pul gəlməlidir”,“bankın kreditini tez bir vaxtda bağlayacağam” kimi yalançı vədlərinə qəribəsi də budur ki, hətta əməliyyat-istintaq prosesini aparmalı olan polis əməkdaşları da inanırdılar. Cavabdehin hal-hazırda adına “Bank of Baku”ya kredit ödədiyi halda (ödəniş ayda 186 azn-dir) soyğunçuluqda ad çıxaran dələduz dəstə vasitəsi ilə 653 (altı yüz əlli üç) azn maaşalan adama necə 304 (üç yüz dörd) azn beş il müddətinə kredit təyin edilə bilər sualı hələ də cavabsız qalmaqdadır.O, 653 azn maaş aldığı halda necə 557 azn kreditödəyə bilər? Belə çıxır ki, o. 97 azn-lə bir ay ailə dolandırmalıdır. Cavabdeh aldığı maaşla çətinliklə yaşadığı halda, 97 AZN-lə necə gün-güzəran keçirə bilər? Nəhayət, dələduz dəstə ilə sövdələşməyə girən "xxxx" KB ASC cavabdeh qismində onu Qaradağ Rayon Məhkəməsinə vermiş, o, bu ilin 29 iyul, 24 sentyabr tarixlərində keçirilən məhkəməyə hazırlıq və məhkəmə iclaslarında iştirak etmiş, məhkəmə sədrinin şəxsən qəbulunda olmuşdur. Onlar cavadbehə məhkəmə prosesinin obyektiv keçəcəyinə inadırmış, bu rayonda otuz il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan alim-ziyalı kimi bunun onda qətiyyən şübhə olmadğınatam əminlik yaratmışdır. Məhkəməyə hazırlıq prosesində hakim Gülnar Aslanovanın maddi sübut kimi tələb etdiyi dələduz dəstənin məmimsənilən vəsaiti etiraf edən səs yazılarını, məcburiyyət qarşısında qalıb banka ödədiyi vəsaitin qəbzlərini təqdim etmişdir. Məhkəmə iclaslarına müntəzəm gəlməyən tərəflərin, digər cavabdehlərin dindirilməsi olmadan çıxarılan qətnamə oxunanda cavabdeh buna etirazını bildirdi. Etirazı təbii ki, başdan sovdu çıxarılan qətnamədəki müddəalarla (maddələrlə) və orada adı çəkilən şəxslərin adlarının belə səhv yazılması ilə bağlıdır. O, hüquqşünas deyil, ancaq adi məntiqdən çıxış edərək belə qənaətə gələ bilər ki, əgər dələduz dəstənin qadın üzvü X4 Qurbanov kimi (75 yaşlı qadın kişi kimi təqdim edilirsə ) səhv salınırsa, ona qarşı məhkəmənin çıxardığı qətnamədəki maddələrdə də belə yanlışlıqlara istənilən qədər yol verildiyi şübhəsizdir. Aldadıldığını, etimadından süni istifadə edildiyini cavabdeh səmimi etiraf edir. Belə olan təqdirdə il yarım rayon Polis İdarələrinə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, rayon prokurorluğuna ayaq döyən, yazılı şəkildə ölkə başçısına, Birinci Vitse-Prezidentə, X6, Baş Prokurora müraciətlərimin nəticəsiz qalması himayəsində birinci qrup əlil övladı olan valideyndə hansı məmnunluq hissi yarada bilər? Hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 24 senyabr 2024-cü il tarixli ,2(002)-2460/2024saylı qətnaməsi cavabdehin hüquqlarını və qanuni mənafelərini kobud surətə pozaraq qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinə baxarkən hüquqi müstəvidə düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir.İşin fakiki hallarından, göründüyü kimi Güllər Bəhrəmovanın və Tamilə Qurbanovanın məni aldatması, eləcədə bankın cavabdehin digər borc öhdəliyi olduğu təqdirdə xeyli miqdarda adına kredit borcu rəsmiləşdirilməsi nəticəsində bank qarşısında kredit borcu öhdəliyi yaranmış və maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. İşin hallarına diqqət etdikdə məhkəmə qətnamə qəbul edərkən qeyd olunan mübahisə ilə əlaqədar cinayətin əlaməntlərinin olmasına baxmayaraq işə mahiyyəti üzrə baxmadan, ona qarşı edilən dələduzluq əməlinə əhəmiyyət verməmişdir.Yuxarıda qeyd edilən dəlillərə əsasən, Qaradağ Rayon Məhkəməsi tərəfindən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında "xxxx" KB ASC-dən kredit götürülməsi onun iradəsi xaricində olmasını, cavabdehin adından sözügedən banka online müraciət edilərək kredit rəsmiləşdirilməsini, əməldə cinayət tərkibinin olmasını məhkəmənin diqqətinə çatdırsaa da qeyd etdiyi hallar nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı "xxxx" KB ASC tərəfindən təqdim olunmuş sənədlər əsasında qətnamənin qəbul edilməsi, cavabdehin qeyd etdiklərinin və eləcədə Tamilə Qurbanova və Güllər Bəhrəmovanın qeyd olunan vəsaitin ələ keçirilməsi hissəsinə hüquqi müstəvidə münasibət bildirilməmişdir. Cavabdehin etimadından istifadə edərək kredit götürülməsi, onunla Güllər Bəhrəmova və Qurbanova Tamilə arasında olan səs yazılarıda mövcuddur və faktiki olaraq bunların əməlində cinayət tərkibinin olması hissəsi nəzərə alınmamış, "xxxx" KB ASC tərəfindən təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən Qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 31.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 32.Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 33.Maddə 424.3.Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 34.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 35.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 36.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsi üzrə (müqavilənin ləğv edilmiş hesab olunduğu tarixə qədər) əsas borca görə 11501 manat, faiz borcu üzrə 1286,45 manat, cərimə borcu üzrə 39,21 manat olmaqla, cəmi 12826,66 manat borcu yaranmışdır. 46.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 47.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ilk növbədə həmin müqavilənin etibarlılığına qiymət verərək düzgün olaraq qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin aldatma, yanılma yolu ilə əslində başqa şəxslər tərəfindən bağlandığını, kreditdən xəbərinin olmadığını bildirsə də, etirazının dəlilləri barədə mötəbər sübutları məhkəmyə təqdim etməmişdir. Apellyator apellyasiya şikayətində Güllər Bəhramova və Tamilə Qurbanova tərəfindən aldadılması, onlar barəsində polis bölməsinə çoxsaylı şikayətləri olmasını qeyd etsə də, kredit müqaviləsinin etibarlılığına təsir edəcək bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. 49.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 50.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
51. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 52.Apellyatorun qeyd etdiklərinin əksi olaraq müəyyən olunur ki, o, özü şəxsən banka gedib, öz imzası ilə ərizə verərək "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş etmiş, kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət vermişdir. Yəni, cavabdeh özü xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli və xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqavilələrin bağlanması (sonlandırılması) məqsədilə ərizə ilə banka müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərizədəki imzanın özünə aid olmasını inkar etməmiş, lakin ərizəni oxumadan imzaladığını bildirmişdir. 53.Cavabdehin heç bir sübutla öz təsdiqini tapmayan dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası onları mülahizə xarakterli hesab etməklə qeyd edir ki, bu hallar məhkəmənin gəldiyi nəticənin qanuniliyi və əsaslılığını şübhə altına ala bilməz. 54.Kollegiya məhkəmənin əsas, faiz və cərimə borcu ilə bağlı gəldiyi nəticə ilə razılaşır. 55.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(002)-2460/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov