Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6337/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı X3 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2208/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 193 manat məbləğində alimentin 220 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə saat 17:43-də Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi edilməsi barədə ərizə məhkəməyə daxil olmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1785/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin təmin edilməməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin Cavabdeh geri qaytarılması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və xx.xx.2023-cü il tarixdə saat 17:43-də Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Lakin, Cavabdeh nümayəndəsi və vəkili tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti 32 gün sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmışdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edildikdən dərhal sonra, yəni bir neçə gün ərzində yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verilməli olduğu halda, ərizənin və şikayətin verilməsi əsassız olaraq uzun müddət yubadılmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işinin faktiki hallarını aydınlaşdırmadan və nəzərə almadan prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, apellyasıya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməklə cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 26-cı (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 60-cı (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) və 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələri ilə müəyyən edilmiş konstitusion hüquq və azadlıqlarını, eləcə də mülki prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq məhkəmə qərarından şikayət vermək hüququnu qərəzli surətdə məhdudlaşdırmışdır. Qərardadda göstərilir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edildikdən dərhal sonra, yəni bir neçə gün ərzində yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verilməli olduğu halda, ərizənin və şikayətin verilməsi əsassız olaraq uzun müddət yubadılmışdır. Məhkəmənin cavabdehə tərəfə qarşı belə qeyri-obyektiv, qərəzli mövqe nümayiş etdirməsi sadəcə təəccüb və təəssüf hissi doğurur. Axı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında açıq-aşkar həmin iş üzrə xx.xx.2023cü il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması (münasibət bildirilməsi) üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Belə olan halda cavabdeh tərəf xx.xx.2023-cü il tarixli qərardada Yasamal Rayon Məhkəməsinin münasibət bildirməsi ilə bağlı mövqeyini gözləmək məcburiyyətində olmuş, məhz bu səbəbdən xx.xx.2023-cü il tarixli qərardad qəbul edildikdən sonra qətnamədən apellyasiya şikayətini və prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizəni birinci instansiya məhkəməsinə göndərmişdir. Qeyd olunan məhkəmə qərardadı iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmadan tamamilə qanunsuz və əsassız çıxarılmışdır. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmadan və nəzərə almadan əsaslandırılmamış qərardad qəbul etməklə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, 71-ci və 147-ci maddələrində, Azərbaycan Respublikası MPM-nin 4.1-ci, 9.1-ci, 14.1-ci, 77.1-ci və 88- ci maddələrində nəzərdə tutulmuş maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməməsi, iddiaçı X1 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh vermiş olduğu şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
16. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə yerləşdirilmişdir.
21. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmənin qərardadı xx.xx.2023cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir.
22. Lakin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti 32 gün sonra xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
23. Göründüyü kimi, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadını aldıqdan uzun müddət sonra apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
24. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
25. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
26. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, Cavabdeh tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
28. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev