Məhkəmə qərarları › İş №2(103)-6338/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6338/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6338/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3090/2023 saylı qətnaməsindən iddiaçı "X10 Azərbaycan" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X10 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən “X10 Azərbaycan” QSC tərəfindən Cavabdeh ödəniş kartı verilmiş və istehlak məqsədi ilə 600 manat məbləğində limitli kredit xətti ayrılmışdır. Cavabdeh həmin kartı qəbul etmiş və kredit xəttindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “X10 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 643.91 manat məbləğində əsas, 74.96 manat məbləğində faiz, 38.70 manat məbləğində cərimə borcunun, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 9.75 manat borcun, bildirişlərin (pretenziyaların) göndərilməsi üçün ödənilmiş 3,40 manat poçt xərclərinin əvəzinin, cəmi 770.72 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “X10 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə bankla Cavabdeh arasında bağlanmış “Bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında” qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 600 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən banka olan əsas borcu 643,91 manat, faiz borcu 74.96 manat, cərimə borcu 38.70 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 9.75 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə görə borcu 3.40 manat, cəmi borcu 770.72 manatdır. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış limiti 43.91 manat aşmış, yəni limitdən artıq məbləği istifadə etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3090/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 600 manat məbləğində əsas borcun, 5 manat məbləğində cərimə borcunun, 3.40 manat bildirişlərin göndərilməsi üçün poçt xərclərinin əvəzinin, ümumilikdə 608.40 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X10” QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X5)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən 643 manat tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədən cavabdehə ayrılmış vəsaitin 600 manat olması görünür. İddiaçı verilmiş vəsaitin artırılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia tələbinin əsas borca münasibətdə qismən təmin edilərək iddiaçıdan 600 manat pul tutulması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin faiz borcunun tutulmasına dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında mövcud olan müqavilədə faizin tutulması şərti qeyd olunsa da, lakin faiz dərəcəsinin hesablanma mexanizmi və dərəcəsi şərtləndirilməmişdir. Odur ki, hazırkı faiz məbləğinin hansı əsaslarla tələb olunması müəyyən edilmədiyindən bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, müqavilə üzrə hesablanmış 38.70 manat məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək, cərimənin 5 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq saymışdır. Nəticədə cavabdehdən bu məbləğlərin, habelə bildirişlərin göndərilməsi üçün poçt xərci qismində ödənilmiş 3,40 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmalı olması qənaətinə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.7-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı “X10 Azərbaycan” QSC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında müqavilə tam könüllü əsaslarla və razılaşdırılmış şərtlərlə bağlanılmışdır. Kreditin xüsusiyyətləri nəzərə alınaraq işgüzar adətlərə əsasən borclu tərəf gotürdüyü kredit məbləğini və həmin kredit müqaviləsi üzrə məbləğin limitdən artıq xərclənməsi baxımından artıq xərclənən məbləği qaytarmalı və artıq istifadə olunmuş məbləğin istifadəsinə görə haqq ödəməlidir (faiz və gecikməyə görə cərimə). Bank kredit müqaviləsi ilə bağlı tələblərini tam və dolğun əsaslandırmışdır. Məhkəmə tərəflər arasında imzalanmış müqavilənin limit aşma (limitdən artıq istifadə) hissəsini araşdırmamış və öz mülahizələri əsasında qətnamə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 4.2.-ci maddəsinin üçüncü cümləsindən göründüyü kimi kart krediti limitinin aşmasını tərəflər müqavilədə müəyyən olunmuş şərtlər çərçivəsində qəbul edir. Həmin şərtlər Müqavilənin 4.14-cü maddəsinin on ikinci və on üçüncü abzaslarında dəqiq və bilmənalı olaraq qeyd edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İştirak etdiyi məhkəmə iclasında iddiaçı “X10 Azərbaycan” QSC-nin nümayəndəsi Səməd-zadə Fariz Mübariz oğlu apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı limitdən artıq istifadə, habelə bir sıra digər məsələlərə aydınlıq gətirilməsi üçün vaxt tələb olunduğundan həmin işə baxılması təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 600 manat məbləğində limitli kredit xətti açılmış və cavabdeh həmin məbləğdən istifadə etmişdir. Hazırda iddiaçı cavabdehin həmin limiti tam istifadə etdiyini, hətta 43,91 manat məbləğində limiti aşdığını, lakin həmin məbləği qaytarmadığını, həmçinin, müqaviləyə uyğun olaraq hesablanmış faizlərin və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimənin də ödənilməsi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, yaranmış 74,96 manat məbləğində faiz və 38,70 manat məbləğində cərimə borcunu da ödəmədiyini iddia edir.

19. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Məhkəmə kollegiyası borc məbləğinin 643,91 manat olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 4.2-ci bəndində istifadə limitinə aydınlıq gətirilmiş, istifadə limitinin artırılmasının mümkünlüyü təsbit edilmiş, həmçinin istifadə limitinin aşılmaması və hər hansı bir şəklildə aşıldığı halda limit aşma faizinin və komissiyasının ödənilməsi şərtləşdirilmişdir. Lakin məbləğ etibarı ilə limit aşma həddi dəqiqləşdirilməmişdir. İddiaçı da nə birinci, nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən müqavilə üzrə ödənişləri əks etdirən cavabdehin müvafiq hesabından çıxarışdan da limitin aşıldığı müəyyən edilmir. Bu da öz növbəsində müqavilənin 4.14-cü bəndində təsbit edilmiş qaydaya uyğun olaraq bu məbləğ üzrə faizinin hesablanmasını da istisna edir.

21. Məhkəmə kollegiyası faiz borcunun tutulmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.14-cü bəndində nağd şəkildə alınmış/çıxarılmış pul vəsaitinə illik 28 faiz dərəcəsi ilə faizin hesablandığı göstərilsə də, bu müddəanın tərəflər arasında yaranmış münasibətlərə bir başa aidiyyətinin olması müəyyən edilmir. Belə ki, cavabdehə nağd şəkildə kredit verilməmiş, kredit xətti limiti açılmışdır. İddiaçının özü də iddia ərizəsində hər hansı dərəcə ilə faizin hesablanması şərti ilə kredit limitinin ayrılmasını göstərmir. Digər tərəfdən söhbət ayrılmış kredit limitinin nağdılaşdırılmasından gedirsə, belə olan halda, konkret olaraq hansı məbləğin nağd şəkildə kartdan çıxarılması barədə məlumatlar verilməlidir ki, bu məlumatlar da təqdim edilməmişdir.

22. Məhkəmə kollegiyası cərimə borcunun tutulmasına münasibətdə isə qeyd edir ki, birinci istansiya məhkəməsi tələb edilən cərimə məbləğini tənasübsüz yüksək hesab etməkdə haqlı olmuşdur. Həmin məbləğin artırılması üçün hər hansı əsas müəyyən edilmir. İddiaçı da bunun əksini təsdiq edəcək hər hansı sübut apellyasiya şikayətinə əlavə etməmişdir.

23. Xərclər və komissiyalar üzrə borcun da hansı qaydada, o cümlədən hansı əməliyyatlar üzrə yaranmasına aydınlıq gətirilmir, bununla bağlı da hər hansı sübutlar təqdim edilmir. Bu da öz növbəsində iddia tələbinin bu hissədə də rədd edilməsini şərtləndirir.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı “X10 Azərbaycan” QSC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı “X10 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3090/2023 saylı qətnaməsi iddiaçı “X10 Azərbaycan” QSC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı “X10 Azərbaycan” QSC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar