Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6339/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı Xoretek L.L.C MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Xoretek L.L.C MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh Xoretek L.L.C. MMC-yə qarşı ödənilməyən əmək haqqının, gecikdirilmiş günlər üçün ödəncin və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadından ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Xoretek L.L.C. MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi maddi zərərə görə 15914,63 manatın, Cavabdeh2 Yıryeviçdən vurulmuş maddi zərərə görə 48134 manatın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilən 2500 manatın, Kermur Audit və Konsalting MMC-yə audit yoxlaması üçün ödənilən 3000 manatın, 30 manat dövlət rüsumunun, əldən çıxmış fayda üçün Cavabdeh1 20000 manatın və Cavabdeh2 40000 manatın, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30000 manatın və Cavabdeh2 50000 manatın tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı Cavabdeh1 cavabdeh Xoretek L.L.C. MMC-yə qarşı ödənilməyən 5915 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 14386 manat ödəncin, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-nin hesablaşma hesabındakı vəsaitin üzərinə qarşılıqlı iddia tələbi həcmində həbs qoyulmasına və həmin vəsaitdən istifadə edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçıMMC-nin Accessbank ASC-də, Azərbaycan Beynəlxalq Bank ASC-də və Muğanbank ASC-də olan bank hesablarındakı vəsaitlərin üzərinə qarşılıqlı iddia tələbi olan cəmi 70301 manat həcmində həbs qoyulmaqla həmin vəsaitdən istifadə edilməsi İddiaçı MMC-yə iddianın təmin tədbiri olaraq qadağan edilmişdir. Həmin qərardaddan ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili şikayət vermiş, şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsini mahiyyəti faktiki olaraq Xerotek LLC MMC haqqında deyil cəmiyyətin işçisi Elşən Tağıyev barəsində qeyd olunur. Halbuki, ilkin iddia ərizəsində İddiaçı MMC-dir. Elşən Tağıyevin ümumiyyətlə bu işlərə heç bir adiyyatı yoxdur. Daha sonra iddia ərizəsində bir cümlə qeyd olunur ki, 2020-ci ilin yanvar ayından bu yana cavabdehə əmək haqqı verilməmişdir, verilməli əmək haqqı 5.915 manat təşkili edir. İkinci cümlə isə cavabdehin hərəkətləri nəticəsində o zərər çəkmış və mənəvi zərərin dəyərini hər ay üçün 50.000 manat müəyyən edilməsi və həmin zərərin İddiaçı MMC tutulması ilə baglıdır. Məhkəmə bütün bunlara aydınlıq gətirmədən qanunsuz və əsassız olaraq 29 mart 2021-ci il tarixli e-2(001)-3196/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Accessbank ASC-də olan, Azərbaycan Beynəlxalq Bank ASC-də olan Muğanbank ASCdə olan bank hesablarındakı vəsaitlərin üzərinə qarşılıqlı iddia tələbi olan cəmi 70.301 manat həcmində həbs qoyulmaqla həmin vəsaitdən istifadə edilməsi İddiaçı MMC-ə qadağan edilmişdir. Bununla da faktiki olaraq cəmiyyətin sahibkarlıq fəaliyyətini iflic vəziyyətinə salmışdır. Bundan başqa onu bildirmək istərdik ki, məhkəmə qərardadı ilə İddiaçı MMC-ə Accessbank ASC-də, Azərbaycan Beynəlxalq Bank ASC-də və Muğanbank ASC-də olan bank hesablarında 70.301 manat həcmində həbs qoyulmasını qeyd etmişdir. Lakin, həbs qoyulacaq məbləğin bütün üç bank hesabları üzrə cəmisinin 70.301 manatdan artıq olmayacağını qərardadda xüsusi qeyd etməmişdir. Bu qeyrimüəyyənlik həmin qərardadın icrası üçün çətinlik yaradır və qarşılıqlı iddia üzrə cavabdehin hüquqlarının pozulmasına zəmin yaradır. İddianın təmin edilməsi tədbirinin görülməsi Yasamal rayon İcra və Probasiya şöbəsinə, Səbail rayon İcra və Probasiya şöbəsinə və Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Belə ki, qərardadın hərfi mənasına əməl edərək icra məmurları cavabdehə xidmət göstərən hər banka icra vərəqi göndərərək onlarda olan cavabdehin hesabındakı 70.301 manat üzərinə həbs qoyulmasını tələb edə bilər. Bu halda hər üç bank icra məmurunun tələbinə əməl etdikdə ümumilikdə cavabdehə məxsus olan 210.903 manat vəsaitin üzərinə həbs qoyula bilər. Bu səbəbdən 29 mart 2021-ci il tarixli e-2(001)-3196/2021 saylı qərardadla bağlı izahatın verilməsi zərurətini yaradır. Əslində məhkəmə iddiaçıdan 70,301 manat vəsaitin konkret hansı bank hesabında olması barədə sübutu tələb etməli idi və yaxud məhkəmə iddiaçının vəsatətinə əsasən banklara sorğu verərək onlarda saxlanılan cavabdehin bank hesablarındakı vəsaitlərin məbləğlərini müəyyən etməli idi. Yalnız bu tədbirlərdən sonra sahibkarlıq subyektinin konkret bank hesabı ilə bağlı qərar qəbul olunması məsələsinə baxılmalı idi. Məhkəmə bu sübutu iddiaçıdan tələb etmədən, banklara sorğular göndərmədən iddianı təmin etmə tədbirini tətbiq etdiyinə görə həmin qərardadın icrası qeyri-müəyyən xarakter daşıyır, cavabdehin hüquqlarının pozulmasına qanunsuz zəmin yaradır. Bundan əlavə onu xüsusi ilə bildirmək istərdik ki, cavabdeh qarşılıqlı iddia ərizəsində Xerotek LLC MMC-dən mənəvi zərərin dəyərini hər ay üçün 50.000 manat müəyyən edilməsi və həmin zərərin İddiaçı MMC-dən tutulmasını qeyd edir. Lakin, heç bir sübut olmadan məhkəmə həmin məbləği əsaslı hesab edərək Xerotek LLC MMC-nin hesablarına həbs qoyur. Burdan belə nəticəyə gəlmək olar ki, əgər iddiaçı mənəvi zərəri 500.000 manat qeyd etsəydi məhkəmə həmin məbləği əsaslı hesab etməklə 500.000 manat məbləğin üzərində həbs qoyacaqdır. Hesab edirik ki, həmin tələb əsassız və qanunsuzdur. Məhkəmənin 24 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xoretek L.L.C MMC-nin nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, həmçinin onların nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, «İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.» Daha sonra, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, həmçinin verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Hazırda birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh hüquqi şəxsin üç bankda olan hesablarına cəmi 70301 manat məbləğində həbs qoyulması sonuncunun vəziyyətinin pisləşməsi, iddia tələbində göstərilən məbləğdən iki dəfə artıq məbləğin üzərinə həbs qoyulması və icra mərhələsində qeyri-müəyyənliklə nəticələnə bilər. Bu isə iddianı təmin tədbiri institutunun mahiyyətinə uyğun deyildir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi, izah verilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı hər-hansı bir qərar (qərardad) qəbul olunmamış və məktubla bu məsələyə münasibət bildirilmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, tərəfləri lazımi qaydada məlumatlandırmaqla ərizəyə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi əsaslandırılmış məhkəmə aktının qəbulu üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(001)- 3196/2021 saylı qərardadı ləğv olunsun və iş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6339/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6339/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver