Məhkəmə qərarları › İş №2(103)-6339/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6339/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6339/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Oktay oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e- 2(003)-2525/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 1 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 2 il 8 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, maddi sübut kimi tanınmış 02 mart 2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı Oktay oğlundan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair əlyazma ilə icra edilmiş qəbzin cinayət işi materiallarında saxlanılması hökm edilmişdir. Hökmdən görünür ki, Cavabdeh eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından suiistifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarından görünür ki, məhkum Cavabdeh tərəfindən zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyandan 2000 manat ödəmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023cü il tarixli, 1(102)-1386/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılnış, zərərçəkmiş şəxs İddiaçı müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Oktay oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 9000 manat məbləğində pulun (zərər) və AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1425 manat pulun (əldən çıxmış fayda), 06 may 2024-cu il tarixli, 179 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən ödənilmiş 500 manat pul və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(005)-245/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Belə ki, Cavabdeh eribardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8000 manat, ümumilikdə 11000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X7 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli, 1(102)-1386/2023 saylı qərarına əsasən şikayət təmin edilməmişdir. Bildirir ki, zərərçəkmiş şəxs İddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona 11000 manat məbləğdə maddi ziyan vurulsa da cinayət işinin istintaqı zamanı mülki iddiaçı qismində tanınmasını barədə ərizə verməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyandan 2000 manat ödənilmişdir. Lakin həmin dövrdən hazırki vaxta kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e- 2(003)- 2525/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq 9000 manat məbləğində pul vəsaiti, 1425 manat əldə çıxmış fayda, 500 manat hüquqi yardımla bağlı xərc və 123 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11048 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı Oktay oğluna ödənilməsi qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan cəmi 11000 manat məbləğində pul vəsaitini alması, həmin puldan 2000 manat qaytarması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan pul vəsaitini alması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi cavabdehdən 9000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan 02 mart 2021-ci il tarixdə sonuncu dəfə 8000 manat olmaqla ümumilikdə 11000 manat pul vəsaiti götürmüş, həmin puldan məhkəmə prosesi zamanı 2000 manat ödəmiş, hal-hazırda onun idiaçıya 9000 manat borcu qalmışdır. İdidaçı cavabdeh qarşı dəymiş ziyana görə pul tələbi ilə bağlı məhkəməyə 14 may 2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə iddiaçıya borclu olduğu 9000 manat pul vəsaitinə görə 02 mart 2021-ci il tarixdən 14 may 2024-cü il tarixədək olan dövrə, yəni 38 ay üçün illik 5 bank faizinin uçot dərəcəsi əsas götürülməklə əldən çıxmış fayda hesablanmalıdır. Buna görə də, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə cəmi 1425 manat (9000x5%=450/12=37,5x38ay=1425) məbləğində əldən çıxmış fayda hesablanmalı və 1425 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi” haqqında 16 may 2024-cü il tarixli, 179 saylı müqavilədən və qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsi ilə bağlı 500 manat pul İddiaçı tərəfindən Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 439, 445, 449, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, o, iddiaçıya həmin borc pul vəsaitindən 2500 manat verilmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır. Bununla da qətnamə tamamilə ləğv ediməlidir. Cavabdeh olaraq Cavabdeh məhkəmə prosesinin vaxtı və yeri barədə məlumatlandırılmamışdır ki, bu da onun maraqlarına toxunan qətnamənin qərəzli, ədalətli olmasını əsaslı şübhələr altına qoyur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, cavabdeh olaraq o Cavabdeh məhkəmə prosesinin vaxtı və yeri barədə məlumatlandırılmamışdır ki, bu da onun maraqlarına toxunan qətnamənin qərəzli, ədalətli olmasını əsaslı şübhələr altına qoyur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, AR MPM-nin 135.6-cı maddəsinə əsasən. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. AR MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi Cavabdeh elektron kabineti olduğundan bildirişin cavabdehin elektron kabinetinə yerləşdirilməsi artıq ona rəsmi qaydada verilməsi hesab edilir. Həmçinin iş materiallarının 13-14-cü səhifələrindən göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana cavabdeh tərəfindən bildiriş poçt vasitsilə göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.

20. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, cinayət işi məhkəmədə olduğu halda iddiaçıya ziyan 2500 manat pul vəsaiti ödənilmiş, iddia tələbində iddiaçı bunu göstərməmiş, məhkəmə bu halı nəzərə almamışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğundan və iddiaçı tərəfindən bu barədə məlumat verilmədiyindən, həmçinin cavabdeh tərəfindən bununla bağlı heç bir dəlil təqdim edilmədiyindən apellyasiya şikayətinin dəlili əsassızdır və yalnız formal mülahizələrə əsaslanmışdır.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e- 2(003)- 2525/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e- 2(003)- 2525/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar