Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-634/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-5872/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Ödəniş cədvəlinə əsasən, cavabdeh 48 ay müddətinə, illik 31.3 % olmaqla 2283 manat məbləğində kredit ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 2283 manat əsas, 286.77 manat faiz, cəmi 2569.77 manat məbləğində borcu vardır.
3. İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıq bildirişinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2283 manat əsas, 286.77 manat faiz borcu olmaqla cəmi 2569.77 manat məbləğində vəsaitin və ödənilmiş 45.70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK6900851B299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 31.3 faiz dərəcəsi ilə 2283 manat məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizlər dövlət rüsumunun ödənilməsi haqqında məlumat ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2283.00 manat əsas, 286.77 manat faiz, cəmi 2569.77 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5872/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2283 manat əsas, 286.77 manat faiz borcu olmaqla cəmi 2569.77 manat məbləğində vəsaitin və ödənilmiş 45.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən 48 ay müddətinə, illik 31.3 % olmaqla 2283 manat məbləğində kredit vermişdir. Borcalan isə öz növbəsində kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.2283 manat əsas, 286.77 manat faiz borcu olmaqla cəmi 2569.77 manat məbləğində vəsaitin və ödənilmiş 45.70 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, cavabdeh isə borcunu ödəməyərək, öhdəliklərini yerinə yetirməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1, 743.1-сi maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,119.1, 216-220, 227, 284.1,284.5.3 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-5872/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, o, lal və kardır və bu səbəbdən də əlilliyi müəyyən edilib. O, İddiaçı ASC ilə aralarında xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin bağlanmasından xəbərsiz olmuşdur. Belə ki, müqavilə bağlanan gündən bir iki gün əvvəl tanışı olan X10 ona demişdi ki, şəxsiyyət vəsiqəsinin şəklini ona göndərsin baxmaq istəyir, o da şəxsiyyət vəsiqəsinin şəkilini Həsənov Rüfətə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmişdi. Maştağa qəsəbəsində yerləşən parkda görüşən zaman X10 mobil telefonun kamerasını aktiv edərək onun üzünə tutdu. Lakin o həmin vaxt nə baş verdiyini bilmirdi. İddiaçı ASC-yə kredit müqaviləsi üzrə borcunun olduğunu bildikdən sonra İddiaçı ASC-yə müraciət edəndə öyrəndi ki, X10 mobil telefonun kamerasını aktiv edərək onun üzünə tutmaqla onunla İddiaçı ASC arasında onlayn kredit müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin müqavilə üzrə götürülmüş 2283 manat kredit məbləği də X5 qeyd etdiyi bank kartı hesabına köçürülmüş və həmin məbləği əldə etmişdir. O, İddiaçı ASC-dən heç bir kredit məbləği götürməmişdir. Ümumiyyətlə müqavilə bağlanan zaman müqavilə bağlandığından, kredit götürdüyündən xəbərsiz olmuşdur. X10 onu aldadaraq, onunla İddiaçı ASC arasında kredit müqaviləsinin bağlanmasını təşkil etmiş, həmin kredit müqaviləsi üzrə verilən kredit məbləğini də özü götürmüşdür. O, X10 barəsində Polisə şikayət etmişdir. Bildirir ki, o, İddiaçı ASC-dən heç vaxt kredit götürməmişdir. Götürmədiyi kredit məbləğinə görə də o, məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən hesab etmişdir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmişdir. Barəsində belə bir iddianın olmasından xəbərsiz olmuşdur.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Cavabdeh nümayəndəsi X3 izahatında bildirir ki, hadisə olanda oğlunun 18 yaşı yeni olmuşdu. 2-3 ay keçmişdi. Polis bölməsinə şikayət etmiş, amma baxılmır. Kasıb insanlardır, o pulu ödəyə bilməzlər. Oğlunun günahı yoxdur. Dələduzluq edən şəxs X6r. Oğlu lal-kardır. Həsənov Rüfət bu cür uşaqları yanına aparır. 8 ay bundan əvvəl polis bölməsinə müraciət edib.
12. İddiaçı ASC-nin nümayəndəsi X4 bildirir ki, məhkəmədən 1-2 gün öncə cavabdehin atası ilə danışdı. Onlar cavabdehin anadangəlmə nitq-eşitmə qüsurlu olduğu bildirdi. Bank olaraq humanist mövqelərini göstərərək rəhbərlik borcun güzəşt olunmasını məqsədəuyğun hesab etdi. Qeyd edilənlərə əsasən iddiadan imtina edilməsi barədə ərizənin qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
14. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
15. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
16. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
17. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
18. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, iddiadan imtina edildiyini və icraata xitam verilməsini xahiş etmişdir.
21. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 22 Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5872/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı ASC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-5872/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov