Məhkəmə qərarları › İş №2(103)-6341/2025

Bakı Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(103)-6341/2025

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qiyabi qətnamə Bakı şəhəri İş № 2(103)-6341/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“borc”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı və onun nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6514 manat borc pulun və 86 manat dövlət rüsumunun, cəmi 6600 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dostu Cavabdeh 3-4 il bundan əvvəl onun ehtiyacı olduğu üçün hissə-hissə və 2023-cü ilin oktyabr ayına kimi cəmi 8200 manat borc pul vermişdir. 2023-cü ilin əvvəlindən başlayaraq iddiaçı ondan verdiyi borc pulun qaytarılmasını xahiş etmiş və bildirdi ki, nişanlanıb və evlənməlidir. Emin onunla razılaşmışdır. 2024-cü ilin fevral ayına qədər cavabdeh iddiaçıya 1614 manat hissə-hissə pul ödəmişdir. Bundan sonra o, ödənişi dayandırdı və pulu verməyəcəyini söyləmişdir. İddiaçı onunla həmişə yaxşı münasibətdə olmuş, ona görə də pulunu qanun əsasında məhkəmə qaydasında ondan tələb etməyi qərara gəlmişdir. Halhazırda Cavabdeh ona ödənilməmiş 6586 manat borcu qalmışdır. Xəbər tutmuşdur ki, o, onun pulu ilə avtosalondan “Toyota Corolla” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Onun iddiaçıya borclu olduğunu təsdiq edən səs yazıları vardır və onu CD diskə köçürərək məhkəmə təqdim edəcəkdir. Qeyd edir ki, Cavabdeh 1614 manat pulu anası X2 bank kartına ödəmişdir. Odur ki, Cavabdeh ondan aldığı 6514 manat pulun ondan alınıb iddiaçıya ödənilməsi üçün qətnamə çıxarılmalıdır.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - ##.##.2024- ##.##.2025-ci illəri əhatə edən pul köçürmələrinə dair 6 ədəd qəbzin surətlərindən görünür ki, sonu ****0958 olan kartdan müxtəlif vaxtlarda bir dəfə 194 manat, 5 dəfə 200 manat olmaqla silinmələr edilmiş, alıcı tərəf isə qəbzlərdə müxtəlifdir; - Qeydiyyat dəftəri səhifəsindən görünür ki, vərəqədə başlıq olaraq Emin borc yazılıb, müxtəlif, məsələn telefon, maşın, saat və s. kimi sözlərin önündə müvafiq olaraq 670, 985, 260 ədədləri qeyd edilmişdir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2; Mülki Prosessual Məcəllənin 78.1, 81, 119.1, 124.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırılması zamanı iş materialları ilə tərəflər arasında hər hansı şifahi və ya yazılı borc münasibətlərinin olması, iddiaçının cavabdehə iddia etdiyi məbləğdə borc verməsi və cavabdehin həmin borcu hissə-hissə və ya nağd şəkildə iddiaçıya ödəyəcəyi barədə aralarında razılaşmanın olması müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən qəbzlər və borca dair vərəqə qiymət verərək, məhkəmə hesab edir ki, qəbzlərdə olan pul köçürülmələrinin kimlər arasında olması müəyyən edilmir. Həmçinin borca dair vərəqədə isə konkret iddiaçı tərəfindən cavabdehə borcun verilməsi, buna dair razılığın əlaməti olaraq tərəflərin imzaları, borcun verilməsi tarixləri və s. kimi mühüm şərtlər öz əksini tapmamışdır. Odur ki, həmin sübutlar məhkəmə tərəfindən mötəbər qəbul edilə bilməz. CD diskə münasibətdə isə məhkəmə yuxarıda qeyd etdiyi mövqeyi əsas tutaraq hesab edir ki, təqdim edilən CD diskdə olan səs yazıları hazırkı mübahisənin əsaslarını təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbləri məhkəmə araşdırılması zamanı təqdim etdiyi sübutlar əsasında da öz təsdiqini tapmadığından, təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nərimanov rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, cavabdeh Cavabdeh 6600 manat borc pulun ondan alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 154.1; Mülki Prosessual Məcəllənin 2.2, 9.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. O, məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya iddiaçı tərəfindən təqdim edilən qəbzlərə və borca dair vərəqələrə qiymət verərək, qəbzlərdə olan pul köçürülmələrinin kimlər arasında olmasını müəyyən etməmişdir. Həmçinin borca dair vərəqədə isə konkret iddiaçı tərəfindən cavabdehə borcun verilməsi, buna dair razılığın əlaməti olaraq tərəflərin imzaları, borcun verilməsi tarixləri və s. kimi mühüm şərtlər öz əksini tapmamışdır. CD diskə münasibətdə isə məhkəmə yuxarıda qeyd etdiyi mövqeyi əsas tutaraq hesab etmişdir ki, təqdim edilən CD diskdə olan səs yazıları hazırkı mübahisənin əsaslarını təsdiq etmir. Əvvəla, iddiaçının məhkəməyə təqdim etmiş olduğu vərəq, blaknot vərəqi olmaqla məhkəmə iclasında blaknotdan cırılaraq məhkəməyə təqdim edilmişdir. Orada da cavabdehin iddiaçıya olan borcları tarixləri ilə qeyd edilmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən səs yazısında da onun İddiaçı 8200 manat məbləğində borcunu etiraf etməsi öz əksini tapmış və həmin borcdan 1614 manat cavabdeh tərəfindən iddiçının anasının bank kartına köçürülmüşdür. Bundan sonra isə o, qalan 6586 manat borcunu ödəməkdən imtina etmişdir. CD diskdə səs yazılarına məhkəmənin münasibəti isə təəccüb doğurmaya bilməz. Orada cavabdeh İddiaçı olan borcunu etiraf etməklə yanaşı onu ödəyəcəyinə də söz verir. Verilən pulun hansısa şəxsin imzası ilə təsdiq edilməsi barədə məhkəmənin irəli sürdüyü tələb isə əsas hesab edilə bilməz. Bu müqavilə sırf şifahi danışıq və razılıq əsasında bağlanmış və cavabdeh öhdəliklərini etiraf etmişdir. İşdə olan sübutlar cavabdeh Cavabdeh iddiaçı İddiaçı pul borcunun olmasını tam sübut etsə də, məhkəmə yanlış olaraq mənfi rəyə gələrək sübutları yetərsiz hesab etmiş və iddianı təmin etməmişdir. Məhkəmə işdə olan sübutlarla cavabdehin iddiaçıya borcunun müəyyən edildiyi halda onun borcunun real olmaması barədə gəldiyi nəticə iş materiallarında olan heç bir sübutla təsdiqini tapmır. Nərimanov rayon məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəlmiş olduğu nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işdə olan sübutlar cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizə ilə müraciət etməklə apellyasiya şikayəti müdafiə etmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etmiş, cavabdehlə dost olduqlarından ona borc pul məbləği verdiyini, cavabdeh tərəfindən borcun 1614 manatının qaytarıldığını, lakin sonradan ödənişi dayandırdığını, bu səbəbdən məhkəməyə müraciət etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

8. Kollegiya tərəflərin işdə olan danışıqlarını əks etdirən diskə qulaq asaraq iddiaçının cavabdehdən 20 ay üçün 400 manatdan, cəmi 8000 manat vəsaitin qaytarılmasını bildirməsinə, cavabdeh isə maaşını alan kimi borcunun ödənilməsinə başlayacağına dair səs yazısının olduğunu müəyyən edir (iş səh. 37-də olan məhkəmə iclas protokoluna əsasən səsin iddiaçıya və cavabdehə məxsusluğu mübahisələndirilməmişdir). Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

11. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir: Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.239. Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. 245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. 245.3. Ərizədən dövlət rüsumu alınmır. 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. 248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 251. Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.

15. Qiyabi icraat qaydasında işə baxan məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 106.2, 220.5, 238-253-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya və apellyasiya icraatı zamanı iş materiallarına olan tərəflər arasında olan səs yazıları dinlənilmiş, səs yazılarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 20 ay üçün 400 manatdan, cəmi 8000 manat vəsaitin qaytarılmasını bildirir, cavabdeh isə maaşını alan kimi borcunun ödənilməsinə başlayacağını qeyd edir. İş üzrə borcun bir hissəsinin qaytarılmasını hər iki tərəf etiraf edir, uyğunsuzluq alınan borcun miqdarındadır ki, iddiaçının təqdim etdiyi səs yazısında olan qeydlərdə iddiaçının mövqeyi sübuta yetirilir və bunu təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, sübutların təqdiqi və qiymətləndirilməsi tələbləri üzrə məhkəmənin gəldiyi nəticə əsaslandırılmamış, cavabdeh iddiaya (apellyasiya şikayətinə) dair rəsmi etiraz etməmiş və məhkəmə kollegiyasının iclasında iştirak etməkdən yayınmışdır. Səs yazıları ilə cavabdehin borcun etirafı təsdiq edilir ki, bunun əksini və ya fərqli vəziyyəti sübuta yetirmək borcu etiraf edənə aiddir.

16. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, tələb edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası (qiyabi icraat qaydasında) qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni - qiyabi qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh 6514(altı min beş yüz on dörd) manat borc pul, 86 (səksən altı) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Əliyev Anar Məhəmməd oğlu qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə və ya rəsmi qaydada verildiyi gündən etibarən qətnamədən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar